Səfir GM-200-lə hədələyir? Bakının “Qalxan”ı var! - General

10-04-2024, 13:08           
Səfir GM-200-lə hədələyir?
Fransanın Ermənistandakı səfiri Olivye Dekottini özünün sosial şəbəkə səhifəsində ölkəsinin İrəvana başqalarının əldə edə bilməyəcəyi silah sistemlərini verdiyini qeyd edib. Əlbəttə ki, bu, Fransanın boş kisədən atmağının növbəti nümunəsidir.

Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General səfirin bununla ölkəsinin Türkiyədən geri qalmadığını göstərmək istədiyini bildirib:

“Səfir eyni zamanda “Thales” şirkətinin istehsalı radarları, həmçinin Ermənistana da verilən “GM 200” radar sistemləri haqqında məqalə paylaşıb. Sözügedən radarlar 100-250 km məsafədə PUA və təyyarələr də daxil olmaqla, havadan gələ biləcək təhlükələri təsbit edir. Dekottinin bu paylaşımı cənab Mövlud Çavuşoğlunun Bakıya son səfəri zamanı mətbuata açıqlamasında səsləndirdiyi “Azərbaycan heç vaxt tək qalmayacaq. Türkiyə hər zaman yanındadır. Onlar Ermənistan bir versələr, biz üç verəcəyik” fikrinə və Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün səfəri zamanı Şuşa Bəyannaməsini xatırlatmasına verilmiş cavabdır. Səfir eyni zamanda bəhs etdiyimiz hadisələrdən can qorxusuna düşən Ermənistana “ürək-dirək” vermək üçün bu fikirləri ifadə edib”.

Yücel Karauz Türkiyə istehsalı olan radar sisteminin Fransanın sözügedən radar sistemindən qat-qat üstün olduğunu vurğulayıb:

“Əlbəttə ki, dünyada radarlar yalnız Fransada deyil. Türkiyənin də istehsal etdiyi orta mənzilli və bir çox parametrinə görə daha üstün olan “Qalxan – 2” radar sistemi var. Sistem ASELSAN tərəfindən istehsal edilir. Artıq 16 ildir ki, ASELSAN şirkətinin Bakıda nümayəndəliyi var və sözügedən radar sisteminin Azərbaycanda istehsal olunması asan məsələdir. Dolayısı ilə sözügedən açıqlama gedən hibrid müharibənin psixoloji fəaliyyət hissəsinin bir ünsürüdür. Onlar istədikləri qədər Ermənistana “GM-200” verməyə davam etsinlər. Ermənistanın “GM-200”-ü varsa, Azərbaycanın da “Qalxan-2”-si var”.

Mənbə: axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.