ABŞ və Yaponiya müdafiə sahəsində əlaqələrini gücləndirir
13-04-2024, 12:39
Birləşmiş Ştatlar və Yaponiya iki ölkə arasında onilliklər ərzində müttəfiqlik münasibətlərini qeyd edib. Prezident Co Bayden bu həftə Ağ Evdə ABŞ-da rəsmi dövlət səfərində olan Yaponiyanın baş naziri Fumio Kişidanı qəbul edib. Yaponiya liderinin səfəri Birləşmiş Ştatlar və Yaponiya arasında müdafiə və texnologiya sahələrində əlaqələrin güclənməsini nümayiş etdirir.
Prezident Co Bayden Yaponiyanın Baş naziri Fumio Kişidanı Ağ Evdə qəbul edərək, onu Asiyada və onun hüdudlarından kənarda uzaqgörən və cəsarətli lider adlandırıb.
Prezident Co Bayden: “Rusiya iki il əvvəl Ukraynaya qəddarcasına təcavüzə başlayanda o, Rusiyanı qınamaq, sanksiyalar tətbiq etmək və təcrid etməkdən çəkinmədi və Ukraynaya milyardlarla yardım göstərdi”.
Liderlər Aya birgə missiya, yarımkeçiricilər və təmiz enerjiyə investisiylar, kvant hesablamaları və süni intellekt sahəsində tədqiqatlar da daxil olmaqla, yeni təşəbbüsləri açıqladılar.
Lakin ən böyük diqqət hərbi çəkindirmə səyləri və təkcə Cənubi Çin dənizində deyil, həm də havada əməkdaşlığın gücləndirilməsinə yönəldilir.
Prezident Co Bayden: “Yaponiya, ABŞ və Avstraliya ilk dəfə olaraq raket əleyhinə və müdafiə arxitekturası şəbəkəsi yaradacaqlar.”
Amerika və Yaponiya əsgərləri üçün komanda və idarəetmə sistemi modernləşdirilərək, qüvvələrin qarşılıqlı fəaliyyət qabiliyyəti artırılacaq.
Artan müdafiə xərcləri və yüksək texnologiya imkanları ilə Tokio Çini çəkindirmək üçün Baydenin regional strategiyasında əsas oyunçudur.
Kişida Yaponiyanın ABŞ, Avstraliya və Böyük Britaniya arasında AUKUS tərəfdaşlığını dəstəkləməyə başlayacağını bildirib.
Yaponiyanın baş naziri Fumio Kişida: “Hazırda Yaponiyanın AUKUS ilə birbaşa əməkdaşlığı ilə bağlı heç bir qərar verilməyib. Gələcəkdə biz ABŞ, Böyük Britaniya və Avstraliya ilə ikitərəfli və ya çoxtərəfli çərçivələrdə bu ölkələrlə əməkdaşlığı davam etdirəcəyik.”
Bayden və Kişida arasında ikitərəfli görüşdən sonra cümə axşamı günü ABŞ-ın daha bir müttəfiqi olan Filippinin prezidenti Ferdinand Markos da daxil olmaqla, üçtərəfli sammit keçirilib.
Görüşdə Pekin və Manila arasında Cənubi Çin dənizində gərginliyin artması ilə əlaqədar naviqasiya azadlığı məsələsi müzakirə olunub.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib ki, ABŞ-ın hərəkətləri qarşıdurmanı gücləndirir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning: “Heç bir kənar müdaxilə Çinin ərazi suverenliyini, dənizdə hüquq və maraqlarını müdafiə etmək iradəsi və qətiyyətinə təsir etməyəcək”.
Kişida həmçinin Vaşinqtonun çiçək açan albalı ağaclarının qorunması səylərini açıqlayaraq, tikinti ilə əlaqədar çıxarılması lazım olan yüzlərlə ağacı əvəz etməyi təklif edib.
Yaponiya hökumətinin 1912-ci ildə hədiyyə etdiyi 3000 ağacın hər yaz çiçək açması Vaşinqtona turistləri cəlb edir.
Çərşənbə günü axşam ABŞ prezidenti Baydenin vəzifəyə başlamasından sonra bu şərəfə layiq görülən beşinci xarici lider olan Kişidanın şərəfinə dövlət səviyyəsində ziyafət verilib.