Medvedevin “Fransa və terror” bəyanatının pərdəarxası - ŞƏRH
14-04-2024, 09:44
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Crocus City Hall"dakı terror aktının arxasında Fransanın dayandığını bəyan edib.
Medvedevin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun və digər Qərb liderlərinin bu terrorda əli var.
"Makron və bir sıra digər Qərb liderləri bu dəhşətli terror aktının sponsorlarıdır. Bunun üçün heç bir bağışlanma yoxdur. Burada toxunulmazlığın arxasında gizlənmək mümkün deyil", - deyə Medvedev vurğulayıb.
Qeyd edək ki, terrora görə məsuliyyəti İŞİD üzərinə götürmüşdü.
Fransa özü İŞİD terrorundan əziyyət çəkən ölkə olsa da, Parisin səhnə arxasında terror təşkilatı ilə əlaqələri mövcuddur. Bu, yeni tendensiya da deyil.
Məhkəmə sənədləri ilə sübut olunub ki, Fransanın Paris şəhərində yerləşən "Lafarge" şirkəti və baş ofisi Suriyanın paytaxtı Dəməşqdə yerləşən "Lafarge Cement Syria" zavodu 2013-2014-cü illərdə İŞİD-ə külli miqdarda pul ödəyib.
Belə ki, şirkət Suriyada sement zavodunun istismarına icazə müqabilində İŞİD və "Əl-Nusra Cəbhəsi"nə pul verib. İstismara icazə veriləndən sonra "Lafarge" təxminən 70,3 milyon dollar gəlir əldə edib.
"Lafarge" və onun törəmə şirkəti törətdiyi cinayəti etiraf edib. Göründüyü kimi, terror cinayətləri Fransa şirkətinin timsalında Parisin də üzərinə şübhələr qoyur.
Çünki şübhə yeri qalmır ki, "Lafarge" məhz Fransanın xeyir-duası ilə Suriyada İŞİD-lə sövdələşməyə girib.