Faiq Əmirliyə yeni ittiham irəli sürüldü
22-08-2016, 16:02
«Azadlıq» qəzetinin yayım işləri üzrə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirli artıq təqsirkar şəxs kimi tanınır. Üstəlik, ona yeni ittiham irəli sürülüb.
Bizimyol.info xəbər verir ki, bunu “Azadlıq” radiosuna F.Əmirlinin vəkili Aqil Layıcov bildirib. Vəkilin deməsinə görə, F.Əmirli saxlanılarkən ona Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) maddəsi ilə ittiham irəli sürülüb. Bu gün - avqustun 22-də isə ona əlavə olaraq 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham verilib. A.Layıcov qeyd edib ki, F.Əmirli ittihamlar üzrə özünü təqsirli bilmir: «Nə qədər qəribə olsa da, istintaq materiallarında F.Əmirli «Hizmet» hərəkatının imamı kimi təqdim edilir . F.Əmirli özünü təqsirkar bilmədiyi üçün istintaqa hər hansı ifadə verməyib».
Vəkilin bildirməsinə görə, F.Əmirlinin sağlamlığında problemlər yaranıb. O, mədə ağrıları ilə bağlı qida qəbul edə bilmir. Vəkil deyir ki, F.Əmirlinin saxlanması ilə bağlı 48 saatlıq müddət avqustun 22-si saat 16:30-da başa çatır. Həmin vaxt F.Əmirlinin məhkəməsi olmalıdır.