XÜSUSİ TƏYİNATLILARIMIZDAN MÖHTƏŞƏM ƏMƏLİYYAT – “Son 3 ay ərzində bir neçə yüksək rütbəli erməni hərbçisi oğurlanaraq, birbaşa paytaxt Bakıya gətiriliblər”
4-05-2015, 00:26
Bir neçə gün əvvəl Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrində olarkən, onlara döyüş bayraqlarını təqdim edərək, çox maraqlı bir bəyanat da səsləndirdi: “…Düşmənin kəşfiyyat-təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınması, onun xeyli sayda itkilərə məruz qalması, mənəvi-psixoloji vəziyyətinin sarsıdılması və müqavimətinin sındırlması ilə Ermənistanın hərbi-kriminal rejimi Silahlı Qüvvələrimizin gücünü və qüdrətini hiss etdi. Bununla da düşmənin əməliyyat və fəaliyyət imkanlarının məhdudlaşdırılmasının birinci mərhələsi uğurla başa çatdırıldı… Biz düşmənə gücümüzü göstərməklə onlara aydın mesaj verdik. Bu mərhələdə tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrin rolunu qeyd etmək vacibdir. İndi isə qarşımızda daha vacib – ikinci mərhələ dayanır…”.
Qeyd edək ki, Strateq.az Müdafiə nazirimizin bəyanatında səsləndirdiyi “Biz düşmənə gücümüzü göstərməklə onlara aydın mesaj verdik” ifadəsinin altında yatan gerçəkliklərlə bağlı hərbi mənbələrdən olduqca ilginc məlumatlar əldə edib. Məlumatda deyilir ki, öz ata-baba yurdlarındakı məzarlarını ziyarət etmək məqsədiylə Kəlbəcərə gedən və orada erməni işğalçıları tərəfindən əsir götürülən Dilqəm Əhmədovla Şahbaz Quliyevi geri qaytarmaq üçün diplomatik yollar tükəndiyindən, bir neçə ay əvvəl Ali Baş Komandan səviyyəsində Xüsusi Təyinatlılarımızın qarşısına mühüm bir tapşırıq qoyulub:“Nəyin bahasına olursa-olsun, hər iki şəxsi dəyişməklə azad etmək üçün erməni diversant-kəşfiyyatçılarından və ya yüksək rütbəli zabitlərindən bir neçəsini oğurlayıb Azərbaycana gətirmək!”.
Deyilənə görə, qısa müddət ərzində cəbhənin bütün istiqamətlərindən düşmənin içərisinə sızmaq və “dil gətirmək” planı hazırlanıb və çox müvəffəqiyyətlə də həyata keçirilib. Azərbaycan xüsusi təyinatlılarının Ermənistanın içərisində və işğal olunmuş Azərbaycan torpaqlarındakı çevik manevrləri düşmənin canına o həddədək vəlvələ salıb ki, Ermənistan rəhbərliyi Ordu komandanlarına cəbhə xəttində tək hərəkət etməmək və əhəmiyyətli şəxsləri xüsusi mühafizə altında saxlamaq göstərişi verib: “Erməni tərəfinin bütün müdafiə tədbirlərinə baxmayaraq, Azərbaycan xüsusi təyinatlıları istəklərinə nail olublar. Artıq son 3 ay ərzində bir neçə yüksək rütbəli erməni hərbçisi oğurlanaraq, birbaşa paytaxt Bakıya gətiriliblər. Hazırda onlar təhlükəsiz şəraitdə saxlanılırlar”.
Mənbə bu barədə indiyədək məlumat verilməməsi barədə də maraqlı fikirlər səsləndirib:“Bu, müharibədə qaydadır: düşmən səndən, sən də düşməndən oğurlayırsan. Döyüş vaxtı əsir alınanlarla başqa, xüsusi əməliyyatlarla gətirilənlərlə isə başqa cür davranılır. Hərbi əsirlərin qeydiyyatı aparılır, onlara beynəlxalq nəzarət təmin edilir… Xüsusi əməliyyatlarla gətirilənlər barədə isə heç bir informasiya verilmir, məxfi saxlanılır. Ancaq erməni tərəfi bu haqda məlumatlandırılıb və onlar başa düşürlər ki, nəyin bədəlini ödəyirlər. Özləri açıqlaya bilmirlər ona görə ki, bu, Ermənistan Ordusu üçün böyük rüsvayçılıq olar. Çünki ermənilər heç uzun müddət bilməyiblər ki, hərbçiləri necə yoxa çıxır…”.
Mənbə onu da bildirib ki, Azərbaycan xüsusi təyinatlılarının bu əməliyyatı qarşıdakı danışıqlar prosesində ölkə Prezidenti cənab İlham Əliyevin də əlini xeyli gücləndirib: “İndi Sərkisyan hamıdan çox çalışır ki, cənab İlham Əliyev razılıq versin, prezidentlərin görüşü baş tutsun və hər iki tərəfədən olan girovların taleyi müzakirə masasına yatırılsın”.