Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Bu gün, 00:02
“Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin “Facebook” hesabındakı son paylaşımlarında qərəzli və əsassız fikirlər yazması diplomatik qaydalara zidd davranışdır”.
Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, səfirliklər bir qayda olaraq ölkələr arasında diplomatik əlaqələrin qurulmasına və inkişafına töhfə vermək kimi bir missiyanı həyata keçirirlər:
“Eyni zamanda, beynəlxalq hüquq normaları çərçivəsində onlar ev sahibi olan dövlətlərin qanunlarına və beynəlxalq hüquqla tənzimlənən diplomatik qaydalara əməl etməlidirlər.
Lakin ABŞ-nin ölkəmizdəki səfirliyi qeyd etdiyimiz bu prinsiplərə əməl etmir,Azərbaycana qarşı haqsız fikirlərini gündəliyə gətirir, əsassız siyasi məhbus tezisləri üzərində Azərbaycanın daxili işlərinə açıq şəkildə müdaxilə edir.
Təbii ki, üzləşdiyimiz mənfi ritorika rəsmi Vaşinqtonun indiki administrasiyasının anti-Azərbaycan siyasətinin davamıdır”.
Millət vəkili təəssüflə qeyd edib ki, zaman-zaman Ağ Ev rəsmiləri ölkəmizə qarşı qarayaxmanı erməni diasporunun sifarişi əsasında gündəmə gətirirlər:
“İndiki zaman kəsiyində bu tip böhtan xarakterli fikirlər Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişinə mənfi təsir göstərməklə bərabər, həm də rəsmi İrəvanın silahlanmasına dolayısı yolla haqq qazandırmaqdır.
Bütün bunlar şübhəsiz ki, cəmiyyətimizdə anti-ABŞ mövqeyinin genişlənməsinə əsaslar yaradır. ABŞ rəsmilərinin və ölkəmizdəki səfirliyinin sülh və insan haqları çağırışlarına şübhə toxumları səpir”.