Balaxanı sakinləri ayağa qalxdı: Uşaqlar dizə qədər suya batır - FOTO
Bu gün, 09:14
Ekologiya.az bildirir ki, Yeni Balaxanı sakinləri yollarının pis vəziyyətdə olması ilə bağlı Musavat.com-a müraciət ediblər.
Sakinlər şikayətlərində bildiriblər ki, kənd Balaxanıda ümumi yollar təmir olunsa da, yeni Balaxanının ərazisindən keçən, Zabrata və həmin istiqamətlərdə olan kəndlərə aparan yol bərbad vəziyyətdədir.
Onların sözlərinə görə, Süleyman Rəhimov küçəsində yağış yağanda həmin yollarda böyük gölməçələr əmələ gəlir.
“Sabunçu Rayon İcra Hakimiyyəti, eləcə də bələdiyyələr bu yollara illərdir ki, baxmırlar. Bələdiyyələr hər il buradakı sakinlərdən rüsum alır, ödəməyənləri məhkəməyə verirlər. Lakin faktiki olaraq heç bir iş görülmür. Əsas yolun kənarında zibil qabıları qoyulub, lakin onlar vaxtında daşınmır”, - şikayətçilər deyir.
Sakinlər bildirir ki, yolun bu vəziyyətə düşməsinə səbəb Akkord Asfalt Zavodunun ağır tonnajlı yük maşınlarıdır. Onlar deyir ki, zavodun ağır tonnajlı maşınları bu hissədən keçərək yolu yararsız hala salıb. Sakinlər bildirir ki, yolun bərbad vəziyyətdə olması avtomobillərin asqı sistemlərini sıradan çıxarıb. Yağış yağanda uşaqlar dizə qədər suya batır.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bir neçə il öncə bildirmişdi ki, 2023-cü ilin sonunadək Bakının qəsəbələrində asfalt yolların çəkilişi başa çatdırılacaq.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli deyib ki, sözü gedən yollar agentliyin balansında deyil.
Məsələ ilə bağlı Musavat.com Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Balaxanı qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir:
“Balaxanı qəsəbəsində Süleyman Rəhimov küçəsinin də investisiya proqramına salınması üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub”.