"ParaBank"-ın kredit oyunları müştərilərin başında necə sənər
4-05-2015, 10:29
Bu gün ölkədə fəaliyyət göstərən bankların böyük əksəriyyəti vətəndaşların maliyyə xidmətləri barədə maarifləndirilməsində maraqlı deyillər. Bu isə öz növbəsində, vətəndaşla bank arasında anlaşılmazlığa və sonda istehlakçının müxtəlif yollarla aldanmasına gətirib çıxarır. Elə məhz bu səbəbdən də bir çox banklar əhalinin sözügedən sektorun fəaliyyəti ilə bağlı ətraflı bilgiyə sahib olmasını arzulamırlar. Çünki maliyyə xidmətləri sahəsində məlumatlı olan müştərini soymaq, ona kələk gəlmək mümkün deyil.
Bankların müştəriləri soymalarından söz düşmüşkən qeyd etmək istərdik ki, bunabənzər hallar "Parabank" ASC-nin S.Vurğun küçəsi 60 ünvanında yerləşən baş ofisində də yaşanır. Belə ki, bu cür məsələlərdə filialın Nicat Baxşəliyev adlı əməkdaşının daha aktiv olduğunu vurğulayan məlumatlı şəxs iddia edir ki, o, fəaliyyətini özünün müəyyən etdiyi "qayda"larla tənzimləyir: "Deyilənlərə görə, Bankın baş ofisində istehlak kreditlərinin verilməsi zamanı bir sıra əyrintilərə imza atılır. Belə ki, filialın əməkdaşı Nicat Baxşəliyev istehlak krediti üçün müraciət etmiş müştərilərin alacaqları vəsaiti biznes krediti olaraq sənədləşdirir. Bu zaman müştəriyə aid şəxsi avtomobil varsa, onun markasından asılı olmayaraq üzərinə "taksi" nişanı qoyularaq şəkli çəkilir və taksi fəaliyyəti biznes kimi təqdim edilərək kredit verilir. Yox, əgər müştəri qadındırsa, o zaman onu tikiş maşınının arxasında oturdaraq, müştərini dərzi kimi təqdim edərək biznes krediti kimi sənədləşdirir. Bəzən isə müştəriyə tamamilə aidiyyəti olmayan hər hansı dükan və yaxud obyektin müştəri tərəfindən idarə olunduğu qələmə verilir".
"Parabank"ın təqdim etdiyi kredit faizlərinin kifayət qədər yüksək olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, bu azmış kimi kreditlərin verilməsi zamanı müştərilərdən tələb edilən "şapka" kreditin onsuz da az olmayan faizinin daha da yüksəlməsinə səbəb olur: "Son nəticədə vətəndaş pulu ödəməkdə çətinlik çəkir. "Parabank"ın baş ofisində bu cür məsələlər məhz Nicat Baxşəliyevin əli ilə reallaşdırılır. Belə ki, bu filialdan kredit götürən zaman vətəndaşlardan heç bir tutarlı səbəb göstərilmədən əlavə pul tələb edilir. Bundan başqa, Nicat Baxşəliyev müqavilədə əks olunan, bankın özünə sərf edən rəsmi şərtlərindən başqa, qeyri-rəsmi şərtlərlə razı olmayan müştərilərə kredit verməkdən imtina edir. Odur ki, çarəsiz müştəri irəli sürülən "şərt"lə razılaşmaq məcburiyyətində qalır. Beləliklə də əgər müştəri bankdan illik 26 faizlə 10 min manat kredit götürürsə, o zaman həmin vəsaitin ən azı 1000 manatı ondan tutulacaq. Bu isə avtomatik olaraq bank faizinin faktiki olaraq 35-40 faizə yüksəlməsinə səbəb olur. Bütün sənədlər qaydasında olduğu halda belə, "Parabank"ın baş ofisinin əməkdaşı Nicat Baxşəliyev 5000 min manat pulu çox zaman müştəridən 400-500 manat "şapka" alındıqdan sonra verir. Maraqlı məqam ondadır ki, bu "prosedur qaydaları" bir çox hallarda müştəriyə öncədən izah edilmir. Yəni müştəri yalnız iş-işdən keçdikdən sonra əlavə xərcə düşdüyündən xəbər tutur. Bəlkə də bu "prosedur qaydaları" müştəriyə əvvəlcədən izah edilsəydi və o sonda hansı məbləğ alacağını bilsəydi, yəqin bu boyda yükün altına girməzdi. Onsuz da "Parabank"a üz tutan vətəndaşlar bu gün kreditlərə görə yüksək faiz ödəyir. Faizlərin yüksək olduğu halda belə, böyük rəqəmli komisyon haqları müştərilərin banka münasibətinə daha bir zərbə vurur. Odur ki, banklarla, əsasən də "Parabank"ın baş ofisi ilə müqavilə bağlayarkən şərtləri diqqətlə oxumaq lazımdır. Mümkündürsə vətəndaşlar hüququ bilən və bank qayda-qanunundan xəbəri olan insanların köməkliyi ilə adıçəkilən filiala müraciət etsinlər. Əks halda Nicat Baxşəliyev və onun "həmkar"ları sizin üçün böyük problemlər aça bilərlər…" \\ gundelik-baku.com \\