"Azəraqrartikinti" deputat Ağalar Vəliyevə məxsusdur - Şok iddialar
4-05-2015, 10:36
Azərbaycanın tikinti sektorunda möhkəmlənmiş qurumlardan biri də "Azəraqrartikinti" ASC-dir. Milli Məclisin deputatı Ağalar Vəliyevin rəhbərlik etdiyi bu Səhmdar Cəmiyyəti son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan bəlkə də birincisidir. "Azəraqrartikinti"nin Bakıda və respublikamızın rayonlarında 40-a yaxın filialı fəaliyyət göstərir.
İllər öncə az qala hansısa bir neçə min manatlıq vergi borcunu ödəmək iqtidarında olmayan qurumun birdən-birə çiçəklənməsinin səbəbləri üzərində gəzişmələr apararkən istər-istəməz Ağalar Vəliyevin bəxtinə düşmüş tender layihələrinin milyonlarla manat gəlir gətirən uzun siyahısını nəzərə almalı olursan. Məhz ölkədəki tikinti bumu sayəsində çox çətin maliyyə durumunda olan bu qurumun xilası mümkün oldu. Lakin daha çox qazanan isə Ağalar Vəliyev idi. Hər halda millət vəkilinin qurduğu cənnət və ərsəyə gətirdiyi ləl-cəvahir səltənəti bunu az qala dil açıb Azərbaycana pıçıldayır. Qeyd etdiyimiz kimi, illər öncə "Aqrartikinti" prezidentinin vergi orqanları ilə münasibətləri heç də qaydasında deyildi. Bunu vergi idarələrinin məhkəmə arxivlərində yer alan çoxsaylı iddiaları sübut edir. Bu iddiaların qarşılığında cavabdeh qismində cəlb edilmiş "Aqrartikinti" və onun filiallarının gününə yalnız ağlamaq olardı. Əslində vergidən yayınma ənənəsi "Aqrartikinti" də hələ 2007-2008-ci illərdən də öncə formalaşmağa başlamışdı. Sonralar Ağalar Vəliyev başa düşdü ki, dovlətin vergi və rüsumlarını müntəzəm ödəmək iqtidarında olmayan bir qurumun fəaliyyəti də normal olmayacaq. Ona görə də, növbəti illərdə çalışdı ki, vergi orqanları ilə problemləri yaşanmasın. Bunun digər başlıca səbəbi isə "Azəraqrartikinti" ASC-nin tender əməliyyatlarından sonra birdən-birə ölkənin ən aparıcı tikinti şirkətlərinə çevrilməsi idi. Tikinti bumunda uğurlar qazanan tək səhmdar cəmiyyət olmadı. Bu uğurların çox sanballı faizi idarə heyəti sədrinin payına düşdü. Bu gün paytaxtda və bölgələrimizdə onlarla, bəlkə də yüzlərlə səhiyyə, mədəniyyət, təhsil və idman obyektinin tikintisi "Azəraqrartikinti"nin ümidinə qalıb. Hazırda həmin tikintilərin xeyli hissəsində işlərin müvəqqəti dayandırılmasını müşahidə etmək olar. Artıq Bakıdakı çoxsaylı tikintilərini "Azəraqrartikinti" ASC öz rayon filiallarının ixtiyarına verir. Ağalar Vəliyevin bu işdə də müəyyən sirləri az deyil. Gəlin, məsələyə bir qədər dərindən nüfuz edək. Araşdırmaçıların rəyinə görə, tenderlərin qanunvericiliyə uyğun keçirilməməsi tenderə qatılan iddiaçiları da razı salmır.Belə ki, əslində hərraca qoyulan tenderin özüdür. Yəni, daha çox pul təklif edən oyunu da aparır. Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin bir neçə il öncə apardığı monitorinqlərdən sonra tenderlərin şəffaf olmamasını təsdiqləyən faktlar üzə çıxmışdı. Belə vəziyyət vəsaitlərin təyinatından yayındırılmasına, obyektlərin az vəsaitə tikilməsinə, bir sıra tikinti işlərinin isə təxirə salınmasına gətirib çıxarıb. Mütəxəssislərin rəyinə inansaq, tikintisi gedən obyektlərin çoxunda görülən iş layihədə göstərilənlərin 30-40 faizi həddində olur, yerdə qalan vəsaitlər isə mənimsənilir. Keçirilən ən "bahalı" tenderlərdə "Azəraqrartikinti" ASC-nin qalib elan edilməsi artıq "ənənə" şəklini alıb. Maraqlıdır ki, Ağalar Vəliyevin rəhbərlik etdiyi qurum məhz bu sistem üzrə xeyli irəli düşüb. Söhbət müsabiqələrdə podratçı statusunu qazandıqdan sonra layihənin yenidən qeyri-rəsmi satışa çıxarılmasından gedir. Buna durduğun yerdə pul qazanmaq da deyirlər. Araşdırmaçıların iddialarına görə, bunun üçün podratçı və subpodratçılar "faiz" ödəyirlər. Onların "faiz normativləri" isə fərqli olur. Belə ki, podratçılar ilkin mərhələdə 10+2 faiz, sonrakı mərhələdə isə 6+3 faiz rüşvət ödəməli olurlar. Subpodratçının isə vəziyyəti bu mənada daha ağırdır. Onlardan vəsaitin birbaşa 30-35 faizi tutulur. Beləliklə, subpodratçı tikintiyə başlamadan məbləğin artıq 40 faizə qədərini itirir. Bütövlükdə məbləğin azı 50 faizi tikintiyə qoyulmur. Yerdə qalan vəsaitdən isə podratçı həm özünə qazanc çıxarır, həm də ona həvalə olunan işləri görür. Məlumata görə, Ağalar Vəliyevin özünə məxsus və yaxın adamlarının adına sənədləşdirdiyi məhdud məsuliyyətli cəmiyyətlər də tender müsabiqələrindən qalib çıxarılır. Daha bir maraqlı məqam. "Azəraqrartikinti" ASC-nin və "Pim proje yönetim inşaat mimarlıq sanayi ve ticaret anonim şirketi"nin Tam Ortaqlığı fəaliyyət göstərir. Bu ortaqlığın türkiyəli tərəfdaşının anonimliyinə diqqət yetirin. Bəzi xəbərlərə görə, əslində hər iki tərəfin "çiyinlərində" Ağalar Vəliyevin ağır əli var. Mütəxəssislər iddia edir ki, "Azəraqrartikinti"nin payı ölkədə aparılan mənzil tikintisində aşağı-yuxarı 30%, sosial obyektlərdə isə 45% təşkil edir. Maraqlıdır ki, Ağalar Vəliyev tender müsabiqələrindən əldə etdiyi layihələrin reallaşmasını rəhbərlik etdiyi səhmdar cəmiyyətin strukturuna daxil olan filiallara subpodratçı təşkilatlar kimi həvalə edib. Əslində müəssisələr birbaşa şirkətin özünə məxsusdursa, onlar işi subpodratçı kimi görməməlidilər. Lakin "Azəraqrartikinti"də iş aşırmağın başqa yolunu hələlik deyəsən, kəşf etməyiblər. Niyə də etsinlər ki? Bu üsulla Ağalar Vəliyev görün nə qədər vəsaitin layihədən yayındırılmasını təmin edə bilir! Belə olmasaydı, Bakının Novxanı kəndində, dənizdən bir neçə yüz metr aralıda nəhəng çoxqübbəli sarayı ərsəyə gətirmək mümkün olardımı?
dia.az