XXI əsrin Xəzər quldurları-FOTOLAR

6-09-2018, 11:49           
XXI əsrin Xəzər quldurları-FOTOLAR
Brokonyerlik köhnə “peşə”dir. Nə Sovetlər Birliyi zamanı, nə də müstəqillik dönəmində bu bəlanın qarşısını tamamilə almaq mümkün olmayıb. İndi də Nabrandan başlamış, üzü az qala Bakıyacan gedib çıxan brokonyerlərdən danışacağıq. Onları hamı tanıyır. Bizə də bir siyahı veriblər. Adlar da var, motorlu qayıqların sayı da. Lakin məsələ bunda deyil. Söhbət Xəzərin bioloji resurslarının necə qorunmasından gedir. Axı brokonyerlər kvota filan tanımırlar. Onları daha çox maraqlandıran nərəcinslilərin ovlanması,qara kürü və bir də əhali arasında ən çox satılan və “kütüm” adlandırılan ziyad balığıdır. Hansı ki, bəzi balıq növlərini ovlamaq qəti qadağandır. Ekologiya və təbii sərvətlər nazirliyində bunu daha yaxşı bilirlər. Bizim oxuduğumuza görə isə nərəcinslilərin ovuna Xəzəryanı ölkələr məhdudiyyətlər qoyublar. Kimdir qadağalara baxan? “Dəniz quldurları” üçün nə fərqi? Təki bazarları boş qalmasın. Axı əsas pul da elə nərəcinslilərdən və qara kürüdən gəlir. Biz “dəniz quldurları” deyəndə balıq ovlayanları nəzərdə tutmuruq. Onlar kimdir axı? Olsa-olsa motorlu qayıqların bir sahibi var. İçindəkilər isə çörəkpulu üçün həyatlarını riskə qoyanlardır. İndi Xəzər sahilində yerləşən rayonlarda az yüksək vəzifəli şəxs tapılar ki, bir-iki qayığı olmasın. Biz demirik ki, balıq məhsulları satışdan çıxarılsın. Əksinə, əhali bu məhsulları ticarət obyektlərindən qayda-qanunla əldə etməlidir. Əgər brokonyerlər qanunla işləyirlərsə, niyə bəzi orqanlara aylıq rüşvət verdikləri bildirilir? Bir də ki, himayədarları olmasa, kimdir onları dənizə buraxan? Bizə təqdim edilən siyahıda əlli nəfərədək şəxsin adı və onlara məxsus yüz əlliyə yaxın motorlu qayıq var. Bilmirik, bu siyahı nə dərəcədə doğru-düzgündür. Lakin bir çox adlar və onların himayədarları tanışdır. Neçə illərdir ki, Xəzərə sözün həqiqi mənasında divan tuturlar.

Bu yazını indi yazmağımız səbəbsiz deyil. Mövsüm yaxınlaşır. Yəqin ki, yeni kvotalar müəyyənləşdiriləcək. Onu da nəzərə alaq ki, ekologiya və təbii sərvətlər nazirliyinin başına Muxtar Babayev keçib. Yeni nazir ekoloji məsələlərlə bağlı bir sıra ciddi vədlər verib. İndi hamı gözləyir ki, cənab Babayev Xəzərin Nabran,Müqtədir, Uzunoba, Niyazoba, Şabran, Gil-gil çay və digər ərazilərindəki brokonyerliyin qarşısını ala biləcək, ya yox. Məlumatlara görə, artıq motorlu qayıqlar Xəzərdə görünməyə başlayıblar. Bizi narahat edən odur ki, nərəcinslilər ovlanmasın. İş o yerə çatıb ki, əhali arasında “çalquş” adlanan çox kiçik “oseterin”lər vəhşicəsinə tutularaq satışa çıxarılır. Artıq neçə ildir ki, bu zərərli vərdiş davam edir.

Brokonyerliyə qarşı mübarizə aparan qurumlardan biri də nəqliyyatda baş polis idarəsinin su nəqliyyatında polis idarəsinin Xaçmaz xətt polis bölməsidir. Onun harada yerləşməsi ilə maraqlandıq. Dedilər ki, Nabranda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə məxsus(əhali arasında “Kaspar” kimi tanınır) istirahət mərkəzində yerləşir. Bölmənin rəisi İsmayıl Həsənovdur. Fotoşəkillərini də təqdim etdiyimiz bölmə adlandırılan kotecə günlərlə baş çəksək də daim qapısını örtülü gördük. Rüsvayçılıqdır. Əvvəla polis bölməsi deyəndə insanın gözü qarşısına üstündə dövlətimizin bayrağı və gerbi, azərbaycan və ingilis dillərində adı yazılmış lövlə olan bina gəlir. Lakin sözügedən kotec Sovetlər Birliyindən qalmadır, istirahət üçündür, buraya qətiyyən bölmə demək olmaz. Aldığımız informasiyalara görə, bu bölmə Nabrandan Gil-gil çayadək olan böyük bir əraziyə nəzarət etməlidir. Bizə bildirdilər ki, qurumun cəmi beş işçisi var. Rəis, əməliyyatçı və üç sıravi polis nəfəri. Onlar da ildə bir-iki dəfə bu kotecdə olurlar, ya yox. Gördükləri elə bir iş də yoxdur. Ərazidə olarkən balıqçılardan başqa onları heç kim tanımadı. Elə yerlərini də brokonyerlər göstərdilər. Babalı deyənin boynuna. İddialara görə, bu bölmənin bir əməkdaşının işi-peşəsi hər ay brokonyerlərə baş çəkməkdir... Hərdən işgüzar görünmək üçün beş-on nəfərə cərimə də yazırlar, vəssalam. Yaxşı işdir. Özəl biznesinlə də məşğul olursan, kotec-bölməyə də rəhbərlik edirsən. Nə isə. Yazılası çox şey var. Müəyyən faktları dəqiqləşdirdikdən sonra sizlərə çatdıracağıq.

Qarşı tərəflərin mövqeyini olduğu kimi dərc etməyə hazırıq.

1. “Bayda”lar nədir?

2. Yerli brokonyerlərin xarici brokonyerlərlə Xəzərdə sövdələşməsi barədə deyilənlər doğrudurmu?

3. Xəzərdə nərəcinsliləri ovlamaq bir adama təxminən neçəyə başa gəlir?

4. Yerli hüquq-mühafizə orqanları brokonyerlərə niyə göz yumurlar?

Bu və digər sualların cavabını növbəti saylarımızda izləyin.

“Şimal xəbərləri”
Teref.az olaraq qaldırılan mövqu ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq!
Teref.az


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.