Serjant Elxan Abdullayevin anası qəbul üçün daxili işlər naziri Ramil Usubova müraciət edib

8-09-2018, 09:22           
Serjant Elxan Abdullayevin anası qəbul üçün daxili işlər naziri Ramil Usubova müraciət edib
Xaçmaz XPŞ-də isə rəis-serjant qarşıdurması bitmir ki, bitmir

Xaçmaz stansiyası xətt polis şöbəsi, Yalama xətt polis bölməsinin polis nəfəri Elxan Abdullayevlə bağlı problem bitmək bilmir. Aldığımız yeni məlumata əsasən, serjantın anası Baqidət Abdullayeva qəbul üçün bir neçə dəfə daxili işlər naziri Ramil Usubova müraciət edib. Lakin onun nə üçün DİN şefinin yanına getmək istəməsi məlum deyil. Ehtimal etmək olar ki, ana oğlunun başına gətirilən haqsızlıqlarla barışmır, şöbə rəisi Həmid Həmidov barəsində daha ciddi tədbir görülməsini istəyir. Bu arada başqa bir məlumat da aldıq ki, nəqliyyatda baş polis idarəsinin dəmir yolu nəqliyyatında polis idarəsinin rəisi Yaşar Nuriyev Elxan Abdullayevi qəbula çağırıb. Daha başqa bir informasiyaya əsasən, Xaçmaz XPŞ-nin rəis müavini Mübariz Heydərov serjantla görüşüb. Söhbətin nədən getdiyi hələlik məlum deyil. Ola bilsin ki, Elxan Abdullayevi şikayətlərdən çəkindirmək, problemləri danışıqlarla həll etmək istəyirlər. Pis üsul deyil. Amma nə fayda ki, rəis serjantı ilə küsülüdür...

Oxucuların bəziləri soruşurlar ki, Elxan Abdullayevlə şöbə rəisi arasında konflikt nədən başlayıb. Biz bu barədə yazmışdıq və bir daha xatırladırıq. Xaçmaz XPŞ-dəki mötəbər mənbənin dediklərinə görə, serjant müəyyən müddət adı Yalama XPB-də getsə də, əslində rəisinin göstərişinə əsasən faktiki olaraq şöbədə olub, Həmid Həmidovun şəxsi göstərişlərini yerinə yetirib. Elə bu zəmində də sonda aralarında münaqişə yaranıb və rəis serjantı Yalamaya qaytarıb. Öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xəstə olan Elxan Abdullayevə DİN hospitalında müalicə olunmağa imkan verməyib. Nəticədə serjantın vəziyyəti daha da ağırlaşıb. Bütün bunlar azmış kimi Həmid Həmidov bülletendə olan Elxan Abdullayevin xidməti vəsiqəsini də ələ keçirmək istəyib. Deyilənə görə, bundan sonra onu ləkələyərək işdən qovmaq eşqinə düşüb. Öz müavini Aydın Dünyamalıyevi Elxanın evinə göndərib. Lakin serjant vəsiqəsini verməkdən imtina edib. Ən acınacaqlısı budur ki, heç bir dəxli olmadığı halda Xaçmaz rayon polis şöbəsi Xudat polis bölməsinin yol patrul xidmətinin əməkdaşı Həmid Həmidovun göstərişi əsasında Elxandan xidməti vəsiqəsini istəyib. Həmid Həmidovun törətdiyi bu özbaşınalıqlar onunla nəticələnib ki, anası Baqidət xanım daxili işlər naziri Ramil Usubova müraciət edib. Məhz həmin məktubdan sonra nəqliyyatda baş polis idarəsinin rəisi, general Emin Şəkinski şöbəyə yoxlama göndərib və məsələ araşdırılıb. Bir daha xatırladaq ki, Elxan Abdullayevə verilmiş xəbərdarlıq və şiddətli töhmət ləğv edilib, Həmid Həmidovasa ciddi xəbərdarlıq elan olunub.

Maraqlıdır, böyük bir şöbənin rəisi özünü niyə bu səviyyəyə salaraq serjantla öcəşir? Axı öz xidməti məsuliyyətini lazımınca dərk edən heç bir vəzifəli şəxs belə əmələ yol verməz. Digər tərəfdən, Həmid Həmidov barəsində yazılmasını istəmir. Görünür, onu narahat edən başqa məsələlər də var. Biz onların nədən ibarət olduğunu bilsək də, obyektiv səbəblərdən hələlik yazmırıq.

Jurnalistlər yazırlar, qərar vermirlər. Məsələ ilə bağlı nəqliyyatda baş polis idarəsinin rəisi cənab Şəkinski öz sözünü deyib. Ola bilsin ki, serjant və onun anası üçün bu qərar yumuşaq görünür. Lakin bütün hallarda cəzalandırılan şöbə rəisidir. Əgər cənab Şəkinskinin əmrinə istinad etsək günahkar Həmid Həmidovdur.

Nəqliyyatda baş polis idarəsinin rəhbərliyi sözügedən əmrdə bildirib ki, şöbə rəisi əsassız qərarlar qəbul edir və şəxsi heyət arasında mənəvi-psixoloji mühiti gərginləşdirir. İndi ortalığa sual çıxır: Cənab Həmidov necə şöbəyə rəhbərlik edə bilər? Bu gün Elxanla bağlı, sabah da başqa birisi ilə bağlı qanunsuz qərarların qəbul edilməyəcəyinə inam yoxdur. Ötən yazımızda bildirmişdik ki, şöbə rəisi Yalama XPB-nin rəisi Pərviz Rzayevi də eyni üsulla cəzalandırıb, lakin baş idarə ona verilən şiddətli töhməti ləğv edib.

İş o yerə çatıb ki, Həmid Həmidovun sürücüsü Elşad Səmədov baş idarədən yoxlamaya gələnləri aldadaraq dolaşıq ifadələr verib. Görəsən kimin təhriki ilə? Təbii ki, şefinin tapşırığını yerinə yetirib. Elnur adlı Xudat şəhər sakininin Həmid Həmidova məxsus olduğu bildirilən özəl obyektdə işləməsi barədə izahatının üstündən sükutla keçilib. Yəqin, elə bu məsələlərin də yetərincə araşdırılmaması, o cümlədən, Elxan Abdullayevin bir müddət rəisin şəxsi tapşırıqlarını yerinə yetirməsi faktının üstündən keçilməsi serjantın anasını və özünü razı salmayıb. İndi də davam edən qarşıdurma ehtimal ki, buna görədir.

Elxan Abdullayev hələlik bülletendədir, nə vaxt işə qayıdacağı və yaxud əməliyyat olunacağı məlum deyil. Rəhbərliksə bütün gücünü sərf edir ki, o, Yalamaya qayıtsın. Təbii ki, işləyib-işləməyəcəyi barədə son qərarı özü verəcək. Həmid Həmidovsa yersiz intiriqalardan əl çəkib kollektivdə işgüzar və sağlam mühit formalaşdırmalıdır. Yadından çıxarmamlıdır ki, dövlət ona Yalamadan Sumqayıt şəhəri də daxil olmaqla böyük bir dəmiryolu ərazisini etibar edib.

Həmid Həmidovun qanunsuz hərəkətləri ilə bağlı müraciət edən başqa şəxslər də var. Müəyyən araşdırmalardan sonra onları da işıqlandırmağa çalışacağıq.

“Şimal xəbərləri” olaraq bütün qarşı tərəflərin mövqeyini olduğu kimi dərc etməyə hazırıq.

“Şimal xəbərləri”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.