Azərbaycan azadlıq müharibəsinin yaratdığı xərclər bu cür qarşılanacaq - GƏLİŞMƏ

17-10-2020, 09:02           
Azərbaycan azadlıq müharibəsinin yaratdığı xərclər bu cür qarşılanacaq - GƏLİŞMƏ
Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğurlar qarşısında aciz qalan Ermənistan mülki əhali və yaşayış məntəqələrimizi hədəf alır. Düşmənin hətta cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində sentyabrın 27-dən hazırkı vaxtadək 47 mülki şəxs həlak olub, 222 nəfər yaralanıb. Bundan başqa 301 mülki obyekt, 84 yaşayış binası və 1669 yaşayış evi yarasız hala düşüb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki əhali, infrastruktur obyektləri, dövlət əmlakı ilə yanaşı, sahibkarlıq subyektlərinə də ciddi ziyan dəyib: “Hazırda sahibkarlıq subyektlərinə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda isə dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İndiyədək(oktyabrın 13-dək - red.) Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə KOBİA-ya məlumat daxil olub. Müraciətlər əsasən Gəncə və Naftalan şəhərləri, Tərtər, Füzuli, Beyləqan, Bərdə, Ağdam, Cəbrayıl və Ağcabədi rayonlarındandır”.

Agentlik bildirir ki, Ermənistanın hərbi təxribatından daha çox ailə təsərrüfatlarına (əkin sahələri, iri və xırdabuynuzlu heyvanlar və s.), ticarət mərkəzlərinə, mağazalara, ictimai iaşə obyektlərinə (yeməkxana, çay evi, kafe, restoran), çörək sexlərinə, yanacaqdoldurma məntəqələrinə, mehmanxana, apteklər, bərbərxana, bazar və digər sahibkarlıq obyektlərinə müxtəlif dərəcəli ziyan dəyib. KOBİA bəyan edib ki, sahibkarlıq subyektlərinə dəymiş ziyanla bağlı yekun məlumat və görüləcək tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Azərbaycan dövləti erməni vəhşiliyi nəticəsində vətəndaşlara, sahibkarlara dəyən bütün zərəri qarşılayacaq. Bu barədə Prezident İlham Əliyev Türkiyənin “Habertürk” telekanalına verdiyi müsahibədə də qeyd edib: “İlyarım əvvəl Şamaxı şəhərində zəlzələ oldu, minlərlə ev dağıldı. Getdim oraya dedim ki, narahat olmayın, bütün evlər bərpa ediləcək. Onu da etdik. Bir neçə ev qalıb, onları da bərpa edəcəyik. Bizdə təqribən 10 il bundan əvvəl daşqın oldu, böyük bir ərazi su altında qaldı. Təxminən 5 mindən çox ev uçub dağılmışdı. Hamısı dövlət tərəfindən bərpa edildi. Mənim yanaşmam belədir ki, əgər sənin 100 kvadratmetrlik evin var idisə, sən 120-150 kvadratmetrlik ev alacaqsan. Əgər sənin evin daxma idisə, sən gözəl təmirli yeni ev alacaqsan. Ona görə mülkiyyətini, evlərini itirmiş insanlara yardım ediləcək. Ondan başqa, bizim kəndlərdə bir çoxları ev heyvanlarını da itirdilər. Bu, onlar üçün qazanc mənbəyidir. Mən artıq tapşırıq verdim, hesablamalar aparılır, kim nə qədər ev heyvanı itirib o da veriləcək. Biz bu məsələni mütləq həll edəcəyik və Azərbaycan xalqı da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq, çünki bu, mənim şəxsi nəzarətimdədir. Bunu hər kəs bilir və mənim tapşırıqlarımı yerinə yetirəcəklər”.

Yaşayış binaları Ermənistanın atdığı raket atəşi ilə dağıdılan Gəncə şəhərində olan fövqəladə hallar naziri Kəmaləddirn Heydərov sakinlərlə söhbət zamanı bildirib ki, dağıdılan bütün evlər dövlət hesabına bərpa olunacaq: “Hadisə olan gündən, həmin gecənin səhərindən bəri bizim bütün qurumlarımız, həmçinin Tikintiyə Nəzarət şöbəsi hadisə yerində araşdırmalar aparır. Onlar nə qədər evin hadisədən zərər çəkdiyini hesablayırlar. Möhtərəm, cənab Prezidentin tapşırığıdır ki, bir nəfər də olsun evinə, itirdiyi başqa bir şeyə görə korluq çəkməsin. Onların hamısı bərpa olunacaq. Onların hamısı yenidən sökülüb tikiləcək. Bəzilərinə evlər veriləcəkdir. Vətəndaşlarımız çəkdiyi bütün zərərlər tərəfimizdən bərpa olunacaq”.

Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda savaşın yaratdı hərbi xərclərimizin artması, eyni zamanda düşmənin mülki əhaliyə vurduğu zərərin dövlət tərəfindən qarşılanması xeyli həcmdə vəsait tələb edir. Azərbaycanın dövlət büdcəsi artan xərcləri qarşılamağa imkan verəcək, yoxsa ona yenidən baxılması zərurəti yaranacaq?

Məlumat üçün bildirək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 17 milyard 964,5 milyon manat, xərcləri isə 18 milyard 642,1 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən “Yeni Müsavat”a verilən məlumata görə, büdcənin icrasında 677,6 milyon manatlıq və ya ÜDM-in 1,3 faizi qədər kəsir yaranıb. Ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 6,5 faiz, xərcləri isə 11,7 faiz artıb.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, hələlik bütün ölkə boyu dəyən ziyanın hesablanması həyata keçirilir: “Bizim Füzuli rayonunda apardığımız monitorinqlər göstərir ki, elə evlər, obyektlər var onlara iki dəfə mərmi düşüb. Bu isə dəyən zərərin daha böyük həcmdə olmasına gətirib çıxarır. Vətəndaşlarımıza, sahibkarlara dəyən zərərin qiymətləndirilməsi bütün ərazilərdə həyata keçiriləcək. Bu baxımdan, vətəndaşlarımız arxayın olsunlar, dövlət onların bütün zərərini qarşılayacaq. Müharibənin digər xərcləri də var təbii ki. Düşünürəm ki, Azərbaycanın iqtisadi imkanları bu xərclərin hamısının öhdəsindən gəlməyə yetəcək. Bizim iqtisadi potensialımız Ermənistandan qat-qat üstündür”.

Millət vəkili bildirir ki, ordumuza çəkilən xərclər dövlət büdcəsində nəzərdə tutulub: “Hərbi əməliyyatların gedişində xərclər daha da artarsa, onları qarşılamağa mənbələr tapmaq çətinlik yaratmayacaq. İnşallah, Ordumuz müharibəni qalibiyyətlə başa vursun, bütün xərclər hesablansın və onları ödəmək üçün istər büdcədə, istərsə də başqa mənbələrdə vəsait tapmaq problem olmayacaq”.

Azərbaycanda mülki əhaliyə dəyən zərər adətən Prezidentin və hökumətin ehtiyat fondlarından qarşılanır. Bu ilin avqust ayında büdcəyə edilən dəyişiklik nəticəsində Prezidentin ehtiyat fonduna ayırmaların həcmi 300 milyon manatdan 480 milyon manata, Hökumətin ehtiyat fondunun həcmi isə 110 milyon manatdan 210 milyon manata qaldırılıb. Bu isə mülki əhali və sahibkarlara dəyən zərərin ödənməsi üçün kifayət qədər vəsaitin olduğunu deməyə əsas verir.

Azərbaycanda artan xərclərin qarşılanması mənbəyi kimi bir qayda olaraq nəzərlər Dövlət Neft Fonduna yönəlir. Bu da təsadüfi deyil, çünki Azərbaycanın valyuta ehtiyatlarının böyük əksəriyyəti Dövlət Neft Fondunda toplanıb. Son aylarda bütün dünyada hökmran valyuta olan dolların məzənnəsinin ucuzlaşması prosesi gedir. Bu isə Neft Fondu aktivləri üçün təhlükə kimi qiymətləndirilir. Bu ilin birinci yarısının yekunlarına əsasən Fondun investisiya portfelinin dəyəri 42 milyard 636,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,4 faiz çoxdur. Fonddan verilən məlumata görə, hesabat tarixinə ARDNF-in investisiyalarının 68,4 faizi ABŞ dollarında yerləşdirilib. Bu, illik müqayisədə 13,8 faiz bəndi çoxdur. Əvəzində Fond investisiya portfelində avronun payını 34,1 faizdən 20,3 faizə endirib, ingilis funt sterlinqinin payını isə 4,6 faizdən 4,9 faizə qaldırıb. Dolların məzənnəsindəki ucuzlaşma Neft Fondunun timsalında Azərbaycanın valyuta ehtiyatları üçün müəyyən risklər formalaşdırır.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, dolların ucuzlaşması ABŞ hökumətinin səyi nəticəsində baş verir: “Tramp administrasiyası aşağı məzənnə siyasətinin aktiv tərəfdarıdır. Bu mövqe Federal Ehtiyat Sistemi tərəfindən də dəstəklənməyə başlayıb. Nəticədə dolların ucuzlaşdırılması üçün müəyyən addımlar atılır. Eyni zamanda bu il ABŞ-da seçki ilidir. Seçkilər ölkədə mürəkkəb konyuktur yaradıb. Bu şərtlər daxilində son 6-7 ayda dollar müəyyən qədər dəyərsizləşib. Lakin indiki günlərdə dollar əsas 10 valyutaya münasibətdə yenidən güclənməyə başlayıb. Xüsusilə Avropada pandemiyanın yenidən kütləviləşməsi investorların etibarlı liman kimi dollara üz tutmasına səbəb olub”.

Ekspert hesab edir ki, dolların ciddi dəyərsizləşməsi prosesi gözlənilən deyil: “Bu baxımdan, Dövlət Neft Fondunun nisbətən çevik siyasət yürütməsi gərəkir. Müxtəlif səbəblərdən konyuktur çox sürətlə dəyişir. Neft Fondunun aktivləri yerləşdirilərkən bu dəyişkənlik mütləq nəzərə alınmalıdır. Amma indiki şərtlər daxilində dolların dəyərsizləşməsi prosesinin davam edəcəyini gözləmirəm. Son iki həftədə avroya nisbətdə dollar 3-4 faiz möhkəmlənib. İlin sonuna yaxın valyuta bazarında tarazlıq yaranacaq. Bu isə əgər Neft Fondunun aktivlərində müəyyən dəyərsizləşmə baş vermiş olsa belə, ilin sonunadək bu zərərin aradan qalxmasına və yekunda aktivlərin həcmində ciddi bir azalmanın baş verməməsinə səbəb olacaq”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.