Ərdoğanı dinləyib, məlumatları ABŞ-a göndərirlərmiş – FETÖ işi
1-11-2016, 14:43
FETÖ ilə bağlı aparılan araşdırmalar zamanı yeni gizli detallar ortaya çıxıb.
Avropa.info xəbər verir ki, baş nazirin iqamətgahında MİT tərəfindən aşkarlanan dinləmə cihazları 10 yanvar 2012-ci il tarixdə TUBİTAK-a göndərilsə də, tədqiqatın qarşısı FETÖ üzvləri tərəfindən alınıb. Cihazların kimə məxsus olmasını müəyyən etmək əvəzinə FETÖ-nün TUBİTAK nümayəndələri saxta raportlar yazaraq məsələni ört-basdır ediblər.
Araşdırma zamanı məlum olub ki, Ərdoğanı dinləməkdə ittiham olunaraq həbs edilən şəxslər əldə etdikləri məlumatları ABŞ-da yaşayan FETÖ üzvü Həsən Akına ötürürlərmiş. Kəşfiyyat idarəsinin texniki şöbələrində fəaliyyət göstərən bu şəxslər qulaqcıq axtarışı işi adı altında Ərdoğanın evi və iqamətgahına dinləyici qurğu yerləşdirməyi bacarıblar.
Müəyyən edilib ki, dinləmək üçün nəzərdə tutulan “böcək”lər 25 noyabr2011 tarixində Ərdoğanın Keçiörəndəki iqamətgahına, 24 noyabr 2011-də isə Çankayadakı iqamətgahına yerləşdirilib. Məlumatlar FETÖ ilə əməkdaşlıq edən Həsən Akına ötürülüb.
2014-cü ilin iyununda “böcək” əməliyyatında iştirak edən dövlət məmurları həbs edilsə də, istintaqın hər mərhələsində adı keçən şəxslərin FETÖ tərəfindən müdafiə olunduğu, mətbuat vasitəsilə bu şəxslərin təmizə çıxarıldığı, sübutları ört-basdır etmək üçün saxta raportlar hazırladığı müəyyən edilib. Dinləmə cihazları dövlət hesabına Danimarkanı “Cobham Spectronic” firmasından satın alınsa da, dövlət inventarına keçirilməyib. Bu qurğular uzaqdan idarə edilə bilmək xüsusiyyətinə malikdir.
“Böcək” qalmaqalının ortaya çıxmasından sonra 28-30 dekabr 2011-də MİT-in yaratdığı qrup Ərdoğanın iqamətgahında araşdırma apararaq, “böcək”lərin elektrik şəbəkəsindən qidalandığını müəyyən edib.
Cihazlar daxilindəki informasiyanın oxunulması üçün TUBİTAK-a göndərilsə də, idarədəki FETÖ üzvləri işi sabotaj ediblər. Texniki işcilər “Böcək” kartlarının oxunmasının mümkün olmadığı, bir dəfə proqramlandıqdan sonra təkrar oxunmaya qarşı mexanizminin olduğuna dair saxta raportlar hazırlayıblar.
İstintaq zamanı müəyyən edilib ki, FETÖ üzvlərinin verdiyi raportun elmi əsası olmayıb. Raportu hazırlayanların bir-birini görmədiyi, sənədlərdə əks olunan qrafiklərin internetdən yükləndiyi, sübutların məhv edilməsində iştirak edən şəxslərin FETÖ arzu etdiyi şəkildə hərəkət etdiyi müəyyən edilib.