Biznesmen deputatın sanatoriya sevgisi - Qanunsuz biznesə görə nə vaxt cəzalandırma olacaq?

16-09-2019, 12:00           
Biznesmen deputatın sanatoriya sevgisi - Qanunsuz biznesə görə nə vaxt cəzalandırma olacaq?
Regionun “un kralı” və ya çörəyi ver çörəkçiyə, mandatı da üstəlik

Deyəsən dünyada mümkün olmayan hər pis şeyin nümunəsini bizim parlament yaradır. Ukrayna prezidenti Zelenski öz qərargahında yerbəyer olan kimi, deputatların toxunulmazlığını ləğv etdi. Gənc prezident bu qəti addımı öz xalqının inkişafı naminə atdı və bundan ölkənin böyük fayda görəcəyi şübhəsizdir. Bizdə isə deputatlar o qədər özbaşına buraxılıb ki, artıq toxunulmazlıqla dərəbəyliyin sərhədlərini belə itiriblər. Elə olmasaydı, ölkə konstitusiyasında biznes fəaliyyətinə qoyulan qadağanı saya salıb, bu qədər əl-qol açmazdılar. Amma nə fayda? Mətbuat yaxın günlərdə Milli Məclisin deputatı Əsabil Qasımovun Rusiyada daha bir sanatoriya aldığını yazıb. Böyük biznes obyektləri ilə zaman-zaman gündəmə gələn deputatın budəfəki bazarlığı daha bahalı olub. Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yazdığına görə, Kislovodskdakı köhnə “Voronej” sanatoriyasına müştəri çıxan biznesmen deputat auksionda ona 6,5 milyon dollar təklif edib. Müştəri qismində auksionda Qasımovaun Stavropoldakı EKSPO MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО “Экспо”) iştirak edib. Bu sanatoriya 2015-ci ilin iyunundan satışa çıxarılıb və əvvəlki iki hərracda ona müştəri çıxan olmayıb. Jurnalistin sözlərinə görə, 100 nəfərlik qonaq tutumu olan sanatoriyanın 2017-ci ildə xalis gəliri cəmi 918 min rubl təşkil edib. Bu hesabla deputat sanatoriyaya yatırdığı investisiyanı 388 ilə geri qaytara bilər. Bəs “tarixin ən bərbad investisiya layihələrindən biri hesab olunan” bu sövdələşməni Qasımov üçün cəlbedici edən nə olub? Adamın ağlı qarışır, amma görünür ki, kimsənin yaxın durmadığı belə gəlirsiz bir obyekti 6,5 milyon dollara almaqda adamın bir bildiyi var.

“Un kralı”nın böyük şirkətlər şəbəkəsi

Ümumiyyətlə, Əsabil Qasımovun biznes obyektlərinin əksəriyyəti Rusiyada yerləşir və o, bu ölkədə böyük sanatoriya şəbəkəsinə malikdir. Xatırlayırsınızsa, bir az əvvəl onun Kislovodskdakı “İstoçnik” sanatoriyasının tikintisinə 1,5 milyard rubl xərclədiyi məlum olmuşdu. Sanatoriyanın açılışında Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, Stavropol vilayətinin qubernatoru başqa rəsmi şəxslər iştirak etmişdilər. Mətbuatda davamlı olaraq Qasımovun Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstana qədər uzanan böyük biznes imperiyası haqqında sənədlər yayılır. Deputatın mətbuatda yayılan obyektlərinin siyahısına 30-a yaxın şirkət daxildir və onların nizamnamə kapitalı yüz milyonlarla ölçülür. Biznesmen deputat 2010-cu ildə deputat seçilənə qədər “Karat” MMC-nin prezidenti vəzifəsini daşıyıb. O, deputat seçiləndən sonra, idarəçiliyi oğlu Taleh Qasımov və yaxın qohumlarına ötürsə də, faktiki rəhbərliyi öz əlində saxlayıb. Deputat seçilənə qədər Qasımovun biznes şəbəkəsinə daxil olan iri şirkətlər sırasında “Karmen” un və makaron məmulatlarının istehsalçısı “Karat” dəyirmanını, “Dimes” meyvə şirələrini istehsal edən konserv zavodunu, mərkəzdə hündürmərtəbəli binalar inşa edən tikinti şirkətini və s. göstərmək olar. Hətta Qasımov tərəfindən yaradılan “Karat Holding”in Gürcüstanda və Ermənistanda da biznes qurduğu, burada taxıl və un məhsullarının monopoliyasını əlində saxladığı deyilir. Boş yerə ona biznes aləmində “un kralı” ləqəbi verilməyib.

Qanunsuz biznesə görə nə vaxt cəzalandırma olacaq?

Qasımovun xarici ölkələrdə belə nəhəng biznes şəbəkəsinə necə, hansı yolla, nəyin bahasına sahib olduğunu bir yana qoyaq. Bizim nə onun biznesmen kimi qazandığı milyonlarda, nə də gündə Rusiyanın bir bölgəsində açdığı sanatoriyalarda gözümüz yox. Bizi narahat edən şey belə adamların pul sayəsində “şişib”, parlament deputatlığına da adi bir biznes sövdələşməsi kimi baxmasıdır. Ölkədə belə durum yaranıb ki, çoxlu pulu olan hər kəs gəlib haqqını ödəyib, deputat mandatını o sanatoriyaların “kupçası” kimi cibinə qoyub gedə bilər. Belə deyilsə, bu gün parlamentdə oturan onlarla biznesmen deputatın mandatı nədən əlindən alınmır? Nədən onların deputat toxunulmazlığını zireh edib, biznes imperiyalarını daha da genişləndirmələrinə, heç nə olmamış kimi, göz yumulur? Yoxsa Azərbaycanda “çörəyi ver çörəkçiyə, birini də üstəlik” misalını, “çörəyi ver çörəkçiyə, mandatı da üstəlik” kimi anlayırlar? O halda, yuxarılarda yaddaşı zəif olanlar üçün bir daha xatırladırıq. Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Nəhayət, belə qanunsuz biznes fəaliyyətlərinə görə hansısa deputatın mandatdan məhrum ediləcəyini görmək bizə nəsib olacaqmı?

Azerbaycansaatı.tvшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.