İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə

25-04-2024, 10:24           
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq Forumun keçirilməsi dünya ictimaiyyətinin diqqətini yenidən dialoq məkanı olan Azərbaycana yönəldib.
Dünya siyasətinin təhlili və araşdırmaları ilə məşğul olan beyin mərkəzləri cəmiyyətlərə innovativ ideyalar təqdim edir,
informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda fəaliyyət göstərirlər. Əsasən siyasətçilərin elmi araşdırma ilə məşğul olduğu bu mərkəzlərin əsas funksiyaları ictimai əhəmiyyət kəsb edən məsələlərdə qərarvericilərə tövsiyələr hazırlamaq və geniş sosial müzakirə mövzularını təhlil etməkdir.
Dünya siyasətinin qaynar, önəmli məkanı olan Cənubi Qafqazda son illərdə bu cür mərkəzlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər sayca artdığı kimi, fəaliyyət istiqamətləri baxımından da diqqəti cəlb edir. Azərbaycanda fəaliyyət göstərən, beş əsas istiqamət üzrə araşdırmalar aparan beyin mərkəzləri «big data» (böyük verilənlər) və buna əsaslanan təhlillər, sosial medianın izlənməsi və araşdırmalar, texniki-elmi təhlillər, eləcə də sosial və iqtisadi islahatların monitorinqi və qiymətləndirilməsi ilə bağlı yaranan «data»ların obyektiv təhlili ölkəmizə diqqəti artırıb.
Hər hansı bir ölkənin daxili və xarici siyasətində, vətəndaş cəmiyyətində iqtisadi siyasəti təhlil edən tədqiqat mərkəzləri daha önəmli rola malikdirlər. Beyin mərkəzlərində dünyanın aparıcı alimləri və mütəxəssisləri çalışırlar, həlli vacib məsələlər üzrə siyasi sənədlər hazırlayırlar.
Ölkəmizdə beyin mərkəzlərinin iştirakı ilə beynəlxalq forumların, konfransların təşkili ənənə halını alıb. 2021-ci il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq», bir il sonra Şuşada başlayan, daha sonra işini Bakıda davam etdirən «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfranslar da iştirakçıların sayının artması xüsusilə diqqəti cəlb edir. 23 ölkəni təmsil edən 40 iştirakçı ilə keçirilən konfransda ölkəmizin mədəniyyət mərkəzi sayılan bu şəhərdə aparılan quruculuq və bərpa mövzusuna həsr edilmiş konfransın «Əməkdaşlıq, imkanlar və çağırışlar» adlı panel müzakirələr xüsusilə diqqəti cəlb etmişdi. Xarici ekspertlərin iştirakı ilə keçirilən paneldə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin formalaşması, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisi, təhlükəsizliyi və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Ekosistemin qorunmasına xidmət edən “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malik Azərbaycanın iqtisadi və eyni zamanda, “yaşıl inkişafa” yönəlmiş siyasətinin beyin mərkəzləri tərəfindən öyrənilməsi və dəstəklənməsi «qlobal ictimai» əhəmiyyət daşıyır.
Aprelin 23-də ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə «COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq Forumun keçirilməsi dünya ictimaiyyətinin diqqətini yenidən dialoq məkanı olan Azərbaycana yönəldib.
Azərbaycan Prezidentinin forumdakı çıxışında dünyada baş verən hadisələrə, xüsusilə Azərbaycan - Ermənistan münasibətlərinə, bəzi dövlətlərin, ermənilərə havadarlıq edən siyasi dairələrin məkrli əməllərinə geniş yer verilməsi təbii olmaqla bərabər, dövlətimizin başçısının hadisələrə real baxımdan qiymət verməsi, münasibətlətin sağlamlaşdırılmasına, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə, bəşəri dəyərlərə sadiqlikdən, ciddi problemlərə beynəlxalq aləmin laqeydliyindən doğan narahatçılıqdan irəli gəlir. Dövlət rəhbərimizin dünyaya verdiyi hər bir mesaj, söylədiyi hər fikir xalqımızın milli maraqlarına hesablanıb və vətandaşlarımızın istəklərini ifadə edir.


Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.