“Sülh müqaviləsinin imzalanması üçün bütün imkanlar var” - Ekspertlərdən mühüm açıqlamalar

26-04-2024, 08:24           
“Sülh müqaviləsinin imzalanması üçün bütün imkanlar var” -
“Qondarma erməni soyqırım abidəsinin, yaxud hər hansı bir subyektin ziyarət edilməsi heç bir halda məcburi ola bilməz. Dövlət səfərlərində ziyarət ediləcək məkanlar öncədən səfər edən və ev sahibi olan dövlətin protokola cavabdeh qurumları tərəfindən razılaşdırılır. Beynəlxalq təcrübədə bir dövlət başçısının səfər etdiyi ölkədə nəyəsə məcbur edilməsi kimi bir anlayış yoxdur, olması mümkün də deyil. Bu, xəstə erməni təfəkkürünün məhsuludur. Siyasətdən azacıq anlayışı olan, məntiqli düşünməyi bacaran istənilən insanın yanında bu barədə danışılarsa, ən yaxşı halda uğunub gedər”.

Siyasi şərhçi Elçin Mirzəbəyli bunu Musavat.com-a açıqlamasında bildirdi.

Qazaxıstan Prezidentinin “vasitəçilik” təklifinə gəldikdə, E.Mirzəbəyli vurğuladı ki, cənab Tokayev nə Bakıda, nə də İrəvanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması prosesində ölkəsinin vasitəçiliyini təklif etməyib: “O, sadəcə ölkə ərazisini görüş üçün platforma olaraq irəli sürüb və qənətimə görə, bu təklif Azərbaycanın mövqeyi ilə heç bir ziddiyyət təşkil etmir. Düşünürəm ki, Qazaxıstan ərazisində ikitərəfli görüşün keçirilməsi və sülh müqaviləsinin imzalanması üçün bütün imkanlar var. Zənnimcə, bu, daha uyğun variantdır. Çünki Qərb-Rusiya qarşıdurmasında sülh müqaviləsi ilə bağlı həssas bir məsələni bu iki qütbün geosiyasi qarşıdurmasının elementinə çevirmək lazım deyil”.

Ermənişünas alim Qafar Çaxmaqlı isə dedi ki, Tokayevin Azərbaycan Ermənistan danışıqlarında vasitəçilik təklifi Ermənistanda müzakirə edilir:

“Buna daha çox Qərblə Rusiya arasında gedən rəqabət kontekstində baxılır, yəni bu məsələdə hər iki qütbdən imtina edilməsi variantı kimi Rusiyanın önərisi kimi qələmə verilir. Amma Qazaxıstanın Azərbaycanla yaxın münasibətlərindən müəyyən narahatlıqlar var, çünki Türk Dövlətləri Təşkilatının üzvü və Türk dövləti olan Qazaxıstanın bitərəf qalacağına əminlik yoxdur. Amma Ermənistan rəhbərliyinin hansısa Avropa dövləti yerinə Qazaxıstanı seçəcəyi ehtimalı çoxdur. Tokayevin səfərinin yalnız bununla bağlı olduğunu söyləmək çətindir”. Q.Çaxmaqlı bildirdi ki, Qazaxıstan da Zəngəzur yolunun açılmasında maraqlıdır və vasitəçi kimi bu işin həllinə girişmək onun dövləti maraqlarına kömək edərdi: “Azərbaycan açısından bu məsələdə heç bir problem olmayacağını qazax yetkililər bilirlər və bölgədə sülhün təmin olunmasına Qazaxıstanın imzasının olması həm bu dost ölkənin imicinə və TDT-na əlavə dividentlər gətirərdi. Azərbaycan ikirərəfli təmaslar tərəfdarıdır, amma elə məsələlər var ki, orada arbitr olmalıdır. Qazaxıstanın vasitəçiliyi yaxşı seçimdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.