Boşanmaqçün yüksək RÜSUM ARZULAYANLAR: 500 manat olsa...- Vəkil

26-04-2024, 08:14           
Boşanmaqçün yüksək RÜSUM ARZULAYANLAR:
Milli Məclisin keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili nikahın məhkəmə qərarı əsasında pozulmasının qeydiyyata alınması ilə bağlı yeni rüsumun müəyyən edildiyini deyib.

Bildirilib ki, rüsumun məbləği 15 ABŞ dollarıdır. Bundan başqa, qanuna dəyişikliklə dövlət rüsumunun tutulması hallarının siyahısına vətəndaşlıq vəziyyətinin aktlarının qeydiyyatı ilə yanaşı, habelə şəhadətnamələrin verilməsi də daxil edilib.

Qeyd edək ki, cəmiyyətdə boşanmaların sayının azaldılması üçün fərqli təkliflər səsləndirilir. İnsanlar boşanma rüsumlarının boşanan tərəfə baha başa gəlməsini və bununla da bundan imtina etməsini istəyir. Yəni boşanan şəxsin qarşısında daha böyük məbləğ qoyulduğu təqdirdə, evliliyə qeyri-ciddi yanaşmasını, boşanmadan imtina edəcəyini əsas gətirənlər var.

Həqiqətənmi rüsumlar yüksək olsa, insanlar boşanmadan vazgeçər?

Mövzu ilə bağlı Referans.az-a vəkil Həsaniva İlhamə danışıb:

"Məhkəmə qaydasında nikahın ləğvinin qeydə alınması vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında həyata keçirilir. Məhkəmə qətnaməsi icra üçün həmin orqanlara göndərilir. Orqanlarda vətəndaşlıq aktlarının qeydiyyatı kitabında nikahın pozulması qeydə alınır. Lakin, nikahın pozulmasına dair şəhadətnamə üçün müraciət edən adam həmin sənədin alınmasına görə hazırda 20 manat rüsum ödəyir. Kim birinci şəhadətnaməni almaqçün müraciət edirsə, rüsumu da o ödəyir. Bu rüsum nikahın pozulmasına dair şəhadətnamənin verilməsi üçün nəzərdə tutulub. 1 manat da adətən xidmət haqqı alınır. Amma nikahın özünün qeydə alınmasına görə ödənilən məbləğ isə 10 manatdır".

Vəkil düşünür ki, rüsumların artırılması boşanmaların sayının azalmasına kömək etməyəcək:

"Boşanmağa görə məhkəmə rüsumu 100 manatdır. Lap rüsum artırılsa, 500 manat olsa belə, boşanmaq istəyən boşanacaq. İndi boşananlara yaxın qohumları da köməklik edir. Boşanmaların qarşısını bəs nə ala bilər? Hesab edirəm ki, tərəflər nikaha daxil olarkən nikaha daxil olma prosesi təkmilləşdirilsin. Məsələn, ərizə ilə müraciət ediləndə hər iki tərəfə düşünmək üçün 3 ay vaxt deyil, 6 ay vaxt verilsin. Bu insanların bir- birilərini tanımasına kömək edər. Tərəflərin məcburi olaraq psixoloqla söhbətlər etməsi lazımdır. Əslində boşanmanın tətbiqində mediasiya çox səmərə verir. Mediator tərəfləri danışıqlar stoluna oturdur. Bəzən aralarında fikir ayrılıqlarına son qoyurlar. Hazırda mediasiyanın tətbiqi ilə boşanmaların sayı azalıb. Mən Mediasiya təşkilatınün rəhbəri olaraq bunu deyirəm. Məsələn bizə müraciət edənlərdən 20-25 faizi artıq boşanmaqdan imtina edir. Tərəflərin imkanı olur ki, mediatoru nyanında otursunlar, söhbət etsinlər. Qanunda məcburiyyət olmadığından hər iki tərəf bəzən danışıqlara gəlmir. Düşünürəm ki, məhkəmədən qabaq ilkin məcburi mediasiya sessiyasında tərəflərin iştirakı məcburi olsa, bu çox böyük səmərə verəcək. Mediator bəlkə danışar, tərəfləri boşanmaqdan çəkindirər və bu da boşanmaların azalmasına gətirib çıxarar".

Şəlalə Babayeva












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.