Bu şəxslərə xaş yemək olmaz – Mütləq Baxın!
17-10-2018, 08:59

xəngəl və xaş – hər ikisi azərbaycanlıların çox sevdiyi və tez-tez üstünlük verdiyi yeməklərdəndir. Lakin xüsusən də soyuq havalarda yeyilən bu yeməklər bəzən insanların damaq ləzzətini yarıda da qoya bilir. Belə ki, həzmi ağır sayılan hər iki yemək düzgün yeyilmədikdə insan səhhətində problemlər, ağırlaşmalar yaradır, bəzən hətta ölümlə də nəticələnə bilir. Daha çox kişilərin sevdiyi, hətta onu yemək üçün səhər tezdən yuxularına haram qatdıqları xaşdan başlayaq. Bişmə prosesi tam bir günə başa gələn xaşı adətən səhər yeyirlər. Bunu daha çox kişilər xoşlayır. Hətta bəzən xaşla yanaşı, səhər olmasına baxmayaraq, araq da içirlər ki, bu yolverilməzdir. Xaşı adətən ona görə səhər yeyirlər ki, bütün gün ərzində həzm olunsun. Çünki kalorili yeməklərdən sayılır. Ona görə də bu yeməyi yeyəndən sonra gün ərzində aktiv həyat tərzi keçirmək məsləhətdir. Xaşın tibbi xüsusiyyətlərinə gəlincə, qədim zamanlardan bu yemək immuniteti zəif, xəstə olan insanların dərmanı sayılırdı. Çünki onun tərkibindəki maddələr sümüklərin möhkəmlənməsinə səbəb olur. Həmçinin xaş insana enerji verir. Odur ki, soyuq günlərdə sağlamlığın qorunması üçün xaş əvəzolunmaz bir yemək sayılır. Ancaq xeyirləri ilə yanaşı bu qidanın zərəri də var. Belə ki, xaşda doymuş yağlar çoxdur. Bu da qan damarlarında dövriyyəni çətinləşdirir və kirəcləşib damarlarda qalır. Ürək, qan-damar xəstəliklərinin yaranmasına səbəb olur. Bu yeməyi yedikdən sonra oturaq gün rejimi hətta ölümə gətirə bilər. Azərbaycanın milli mətbəxinin yeməklərindən olan xəngəli isə mütəxəssislər adətən axşam yeməyi məsləhət görür. Təbii xəmir yeməyi olduğu üçün gec həzm olunan xəngəli yedikdən sonra oturaq gün keçirməməli, gəzməlisən. Maraqlıdır, azərbaycanlılar xaş və xəngələ niyə bu qədər meyllidir və onları hansı tərzdə yesək səhhətimizə zərər verməz? Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov günahın yeməklərdə yox, insanlarda olduğunu dedi: "İnsanlar bu yeməkləri yedikdən sonra oturmasınlar, gedib işləsinlər. Kəndçi səhər saat 5-də xaşı yeyib gedirdi heyvan otarmağa, yer əkməyə. İndi səhər tezdən xaşı yeyib gedib kabinetdə otururlar. Əlbəttə ki, o zaman yemək onu öldürəcək. Nəinki xaşı, adi yeməkləri də yeyib, gedib oturmaq olmaz. Xaş tezdən yeyilən yeməkdi. Hətta Özbəkistanda toy plovu da səhər tezdən yeyilir. Başqa şorabalarımız da var ki, onu səhər yemək olar. Əvvəllər insanlar səhər tezdən möhkəm yeyib gedirdilər işləməyə. Xəngəli də çox vaxt günorta yeyirlər. Amma bu düzgün deyil. Xəngəl axşam yeməyidir. Xəngəllə qarın tam doydurulmamalıdır. Onu müəyyən miqdarda yeyirsən. Xəngəl təkcə xəmirdən ibarət olmur. Onun üzərində ət qovurma, beçə və sairə olur. Bu yemək soyuq havada yeyilir. Yayın ortasında bu yeməyi yeməzlər. Bu yemək sağlam adam üçün nəzərdə tutulur. Mədəsində problem olan adamda bu yemək daha da problemlər yarada bilər. Hətta ən faydalı yeməkləri belə həkim bəzən xəstə adamlar üçün qadağan edir”.