Milli fəlakət halı alan toylardan necə qurtulmalı?
14-10-2015, 23:15
Niyazi Mehdi: “Azərbaycanda toy paradoksu var”
Dəyanət Rzayev: “Toylar elə bir hala salınıb ki, orada gedib beş dəqiqədən artıq oturmaq olmur”
Bütün ölkələrdə toy dedikdə ağla ilk olaraq iki gəncin xoşbəxt gününün sevincini paylaşıb əylənmək gəlir. Azərbaycanda isə toy deyəndə ilk növbədə insanların ağlına restoranın bahalığı, hansı müğənnilərin oxuyacağı və yeməklərin ifrat bolluğu məsələsi olur. Azərbaycan toyları ancaq yemək üzərində köklənir. Ayda 300 manat maaş alan insanlar toyunda sırf yaxşı, bol yeməklər olsun deyə hətta külli miqdarda borcun altına da girir. Vay o günə ki, toya gələn qonaqlardan o pulu yığa bilməyə. O zaman bəy və gəlin yaxud da yaxın bir qohum restoran tərəfindən girov götürülür.
Maraqlıdır, bəs milli fəlakət halını alan bu vəziyyəti necə aradan qaldırmaq olar?
Filosof, professor Niyazi Mehdi Azərbaycanda toy paradoksu olduğunu dedi: “Toy törənlərində giqantomaniya və israfçılıq bizdən də çox gürcülərdə vardı. Ancaq ora yoxsulluq gələndə bu məsələdə onlar dəyişdilər. İndi Tiflis restoranlarında 50-60 nəfərlik toy banketləri adi haldır. Belə məclislərə bizdə komsomol toyu deyirdilər. Toyun yalançı şənliyinə, yalançı sevincinə Hollivud filmlərində də kinayə edirlər. Ancaq kinayə etsələr də yenə toy edirlər. Azərbaycanda toy paradoksu var. Hamı kinayə edir, ancaq hamı da edir. Sovet illərində mənim ən çox eşitdiyim narazılıq adamların toy dəvətindən olan narazılıqları idi. Hamı narazı idi ki, toy məndə pul qoymadı. Bir xeyli adam istər, sadə toy etsin, ancaq pullarını qaytarmaq üçün məcbur olur o da nəhəng toy etsin ki, toyuna getdiyi adamları çağıra bilsin. Toy məsələsində azəriləri rasionallığa, anti-israfçılığa Avropa və ya Türkiyə dəbi, gənclərin psixoloji dəyişməsi, bir də aşırı yoxsulluq qaytara bilər. Ancaq heç birisini hələ ki üfüqdə görmürəm. 90-cı illərdə kasıblıq vardı, ancaq kritik nöqtəyə çatmadığı üçün yenə böyük toylar olurdu, hərçənd kolbasaları, salatları zay idi. Azərbaycan toylarının israfçılığının, səs-küyünün, giqantamaniyasını saxlayan milli utancaqlıqdır. Toy yiyəsi qənaətcil görünməkdən, az qonaqlı olmaqdan utanır. Biz, əslində, yetərincə utanmaz, üzlü millətik. Ancaq nədisə toy və yas gələndə utancaq oluruq”.
Psixoloq Dəyanət Rzayev isə hesab edir ki, bu vəziyyəti heç vaxt dəyişdirmək heç vaxt mümkün olmayacaq: “Hamı bu cür toyları qınayır. Amma sabah öz toyları olanda eynisini təkrarlayırlar. İnsanın beynini deşən biabırçı mahnıları oxutdurur, süfrələr yeməklə dolub daşır. Toylarda elə geyinirlər ki, sanki hər kəs öz qızıllarını nümayiş etdirmək yarışına çıxıb. Bu çox gülünc görsənir. Toylar elə bir hala salınıb ki, orada gedib beş dəqiqədən artıq oturmaq olmur. Mən şəxsən Azərbaycan toylarında otura bilmirəm. Amma onu da deyim ki, milli mentalitet və bu kimi ənənələrdən qurtulmaq heç də asan deyil. Çünki bunu edən insan o dəqiqə qınaq obyektinə çevrilir. İnanın ki, insan toyda səsdən heç yeyə də bilmir. Stolun üstü dolu olsa da çoxu keyfiyyətsiz yeməklər olur. Bu cür yeməklərdənsə, ayaq üstü buterbrodlar və ya ayaq üstü nələrsə hazırlamaq olar. Restoranda toy etməkdənsə, təbiət qoynunda toyu etmək daha gözəl görsənir. Azərbaycan həm anlayışlarına, həm də davranışlarına görə müasirlikdən çox uzaqdır. Biz heç vaxt Avropa ola bilməyəcəyik. Bu gün dünyada 25 dənə inkişaf etmiş ölkə var. Onların içərisində bir dənə də olsun inkişaf etmiş müsəlman ölkəsi yoxdur İnkişaf etmiş ölkələr arasında bir az geridə qalan xristian ölkəsi İspaniya və İtaliyadır. Orada da dinin təsiri çoxdur. Bizim bu vəziyyətdə olmağımızda dinin bir günahı olub olmadığını bilmirəm. Amma fakt olaraq qalır. Toylar məsələsində gənclər fərqli müasir bir şey etmək istəyəndə onun valideynləri buna icazə vermir ki, bizə gülərlər. Azərbaycanlılar üçün toy müqəddəsdir. Gərək orada keyfiyyətsiz də olsa çoxlu yemək olsun. Toya qara ikra qoyurlar. Onu heç it də yeməz. Azərbaycanlılar da özünü göstərmək adəti var. Köklərdən qırılmaq çox çətindir. Deyirlər ki, Avropaya inteqrasiya edirik. Hamısı boş fikirlərdir. Biz avropadan yalnız “gey”ləri gətirdik başqa da heç nə. Biz də nə avropa mədəniyyəti nə də ki, mərhəməti yoxdur. Avropalılar heyvanlara, uşaqlara qarşı bizdən daha çox mərhəmətlidirlər. Bu dəqiqə dünyada ən qəddar insanlar müsəlmanlardır”.
Psixoloq köklərdən qırılmağın uzun illərdə mümkünsüz olacağını dedi: “Köklərdən qırılmaq azərbaycanlıların içində dərin və mümkünsüz bir şeydir. Biz bu komplekslərdən qurtula bilmirik və qurtulmayacağıq da. Vəziyyət elə bu cür də davam edəcək. Düzdür bunu tənqid edirlər, yazırlar, danışırlar. Amma sonra yenə də öz övladlarına ondan da təmtəraqlı toy edirlər. İsrafçılığa qarşısını almaq üçün göstəriş verirlər. Hələ utanmadan televiziyada göstərirlər ki, yas verən insanların bişirdiyi xeyrəti, qazanları icra nümayəndələri gəlib aparır. Guya israfçılığın qarşısını alırlar. Bunu etmək üçün nə qədər səviyyəsiz olmalısan ki, bu hərəkəti edəsən. Ola bilər ki, valideyni ölən şəxs ömrü boyu ona istədiyi kimi baxa bilməyib. İndi öləndə heç olmasa bir iki ac adamın qarnını doydurmaq istəyir. Buna da imkan vermirlər. belə biabırçılıq olmaz. Bu insanın şəxsi işidir. Bunu zorla yox maarifləndirmə işi ilə qarşısını almaq olar. Ondansa maaşları artırsınlar, insanların sosial vəziyyəti yaxşılaşsın”.
musavat.com