Dünya yeni böhranın astanasındadır: Azərbaycan üçün çıxış yolları varmı? - ŞƏRHLƏR

9-03-2020, 16:01           
Dünya yeni böhranın astanasındadır: Azərbaycan üçün çıxış yolları varmı? - ŞƏRHLƏR
Bu gün dünya neft bazarında gözlənilən baş verdi: səhər tezdən birjalar açılar-açılmaz qiymətlər birdən birə 46 dollardan 31 dollara qədər düşdü. Sonrakı saatlarda bir qədər özünə gələn neft hazırda 34-35 dollara təklif olunur. “Goldman Sachs” bankı hesab edir ki, qiymətlər 20 dollaradək düşə bilər.


Səudiyyə Ərəbistanının Rusiyanı OPEK+ formatına qaytarmaq üçün bazarda qiymətləri öldürməyə çalışması yalnız neft deyil, fond bazarlarında da həyəcan və təşvişə səbəb olub. Qeyd edək ki, Ər-Riyad hasilatın azaldılmasına dair razılaşmanın müddəti bitən kimi – aprelin əvvəlindən hasilatı kəskin artırmaq qərarına gəlib. Bundan əlavə, ərəblər Avropanın neft emalı zavodlarına nefti 8 dollar aşağıya təklif etməyə başlayıblar. Bu isə həmin zavodların Rusiya neftindən imtina etməsinə hesablanmış addım kimi qiymətləndirilir.
Rusiya isə hasilatın azaldılmasına dair razılaşmadan bəri bazarda itirdiyi mövqeni geri qaytarmaq niyyətindədir. Bunun üçün qiymətlərin 40 dollardan aşağı olması lazımdır – ABŞ şist neftinin maya dəyəri hazırda 40-42 dollar ətrafındadır. 40 dollardan aşağı qiymət ABŞ-da neft hasilatını gəlirsiz vəziyyətə gətirir. Rusiya bu yolla son 4 ildə ABŞ neftinin dünya bazarında sahibləndiyi payı geri almağa çalışır.
İki nəhəng neft hasilatçısının başlatdığı nüfuz davası isə Azərbaycan kimi kiçik oyunçuları çətin vəziyyətdə qoyur. Neftin qiymətinin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan 20 dollar aşağı olması ölkə iqtisadiyyatı üçün böyük təhdidlər formalaşdırır. Bu təhdidləri nəzərə alan müstəqil eksertlər hökumətin təcili addımlar atmalı olduğu qənaətindədirlər.

Azərbaycanın sabiq maliyyə naziri, professor Saleh Məmmədovun dediyinə görə, neft bazarında baş verənlər səhm bazarlarına da təsir etməkdədir: “Koronovirus maliyyə və əmtəə bazarlarına da güclü həmlə etdi. 9 mart 2020-ci il, deyəsən, növbəti dünya maliyyə böhranının başlanığıcını qoymaq üzrədir. Dünya bazarlarının açılışı (Şərq ölkələrində artıq günortadı) bütün maliyyə və əmtəə indekslərinin sürətlə düşməsi ilə başladı. S&P 500 fyüçer indeksi 5 faiz, NASDAQ 4,8 faiz, DOW 30 -1 faiz düşmüş və proses davam edir. Azərbaycanın yeganə yaşam mənbəyi olan yanacaq məhsullarının qiymətləri (neft və qaz) kəskin surətdə düşdü. Digər əmtəələrin qiymətlərində də düşmə az da olsa hiss olunur. Şimali Amerika və Avropa bazarlarının açılışından elə ciddi meyl dəyişikliyi gözlənilmir”.
Professorun fikrincə, iqtisadiyyatı “qara narkotik”dən asılı olan Azərbaycan üçün ümumdünya böhranı artıq başlamış hesab olunur: “Ona görə 2008 və 2014-cü il böhranlarının nəticələrini nəzərə alaraq və bu təcrübədən yararlanaraq hökümətin təcili tədbirlər görməsi məqsədəuyğundur. Bu böhran da Azərbaycanı ən çox vura bilən iqtisadi hadisədir. İqtisadiyyatı neftdən asılı olan ölkələr üçün çox daha təhlükəli böhrandı. Amma panikaya düşməyə ehtiyac yoxdur, çünki hələ bir neçə il iqtisadi prosesləri tam iflasdan qorumaq üçün ölkənin böyük miqdarda ekstra maliyyə ehtiyatları vardır. Gələcək təlatümlərin qarşısının alınması üçün artıq bu gündən ciddi fəaliyyətə başlamaq zəruridir. Mənim fikirimcə, hökumətin və parlamentin toplanması və dinləmələrə-müzakirələrə başlaması lazımdır. Prezidentin anti-böhran Şurasının yaradılması, ölkənin daxilindən və xarici ölkələrdən tanınmış iqtisadçılardan, proqnozistlərdən, proqramistlərdən, məsləhətçilərdən ibarət güclü bir işçi qrupunun formalaşmasına ehtiyac vardır. Bu şura yalnız böhrandan çıxış deyil, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatını qara narkotikdən (neftdən) asılılıq probleminə birdəfəlik son qoyulması və ölkənin elm və texnoloji inkişaf relsinə keçməsi ilə məşğul olmalıdır”.
S.Məmmədov bildirir ki, manata qətiyyən toxunmaq olmaz: “Manatın kursunu dəyişməyə, devalvasiya edilməsinə heç bir şərait və ehtiyac yoxdur. Əksinə, psixoloji panik təlatümləri aradan qaldırmaq üçün manatın dəyərinin qorunması üçün ayrıca qanun qəbul olunmalı və manat daha da gücləndirilməlidi”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, belə davam edərsə, devalvasiya qaçılmaz olacaq. Onun fikrincə, neftin bu ilki orta qiyməti 40 dollardan yuxarı olmayacaq: “Buna görə də hökumət bir sıra addımlar atmalıdır. İlk növbədə hökumətin iştirakı ilə müstəqil mütəxəssislərdən ibarət Böhran Komitəsi, və ya Böhran Masası qurulmalıdır. Prezidentin iştirakı ilə o masada həqiqətlər deyilməli, ciddi müzakirələr olmalı, effektiv və işlək qərarlar alınmalıdır. Nazirlər Kanineti alınmış qərarları icra etməli, buna nəzarəti isə Böhran Masası Sivil Toplum və media ilə birlikdə həyata keçirməlidir”.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun fikrincə, hər şey neft bazarında ucuz qiymətlərin nə qədər davam edəcəyindən asılıdır: “Heç şübhəsiz ki, neft qiymətlərinin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri birbaşa və güclü olacaq. Əldə edilən gəlirləri 1 barrel üçün neftin qiyməti 55 dollar səviyyəsində hesablanan Dövlət Neft Fondunun (DNF) və dövlət büdcəsinin mədaxilində çətinliklər yaranacaq və belə situasiya davamlı olarsa, hökumət ilk növbədə DNF-nin, sonra isə dövlətin büdcəsinə yenidən baxmalı olacaq. Əks təqdirdə, DNF-nin dövlət büdcəsi, dövlət büdcəsinin də aztəminatlı əhali və maliyyəşdirdiyi təşkilatlar qarşısında öhdəliklərinin icrasında problemlər yaranacaq. Neft qiymətlərinin ucuzlaşması qaz ixracatından əldə edilən gəlirlərə də təsir etdiyindən SOCAR-ın da işçiləri və müştərək investorları qarşısında öhədliklərinin yerinə yetirilməsi imkanları pisləşəcək”.
İqtisadçı-alimə görə, ucuz neft qiymətləri uzunmüddətli dövrdə (3 ay və daha artıq) davam edərsə, manatın əvvəlki kimi kəskin olmasa da, yumşaq devalvasiyası qaçılmazdır: “ Bildirmək istəyirəm ki, neftin ucuzlaşan qiymətinin orta müddətli (ən azı 3 ay) dövrdə sabit qalması və ya onun daha da ucuzlaşması hökuməti yenidən devalvasiyaya getməyə məcbur edə bilər. Onu da nəzər alın ki, hazırda neftin qiyməti ucuzlaşmaya daha çox meylli olsa da, o bir müddətdən sonra yenidən bahalaşa da bilər, amma qlobal bazarlarda gedən proseslər və koronovirusun iqtisadiyyatda yaratdığı çətinliklər bu ssenarinin ehtimalını aşağı salır.
Devalvasiyaya gəlincə, əvvəlki təcrübədən bilirsiniz ki, bu qərarı Mərkəzi Bank verməlidir. Mərkəzi Bank malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatları hesabına bu prosesi ləngidə bilər, lakin uzunmüddətli dövrdə onun qarşısını ala bilməz. Odur ki, hesab edirəm ki, Mərkəzi Bank və ya Maliyyə Sabitliyi Şurası bu gün toplaşıb yaranmış vəziyyətlə bağlı həll planlarını özündə əks etdirən bəyanat verməlidir. Eyni zamanda bu açıqlamada digər banklara neqativ təsirləri azaltmaq üçün AtaBank müştərilərinin probleminin həlli yolunu da göstərməlidir. Əks təqdirdə, yaranmış ajiotaj bankları çıxılmaz vəziyyətə sala bilər.
Ehtimallara görə, manatın devalvasiyası baş verərsə o əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq. Hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır. Sadəcə bu zamana bağlı məsələdir”.
Q.İbadoğlu banklarda manatla əmanəti olanlara tövsiyələrlə çıxış edib: “Bankda manatla olan əmanəti və nağd vəsaiti idarəetməyin 5 yolu vardır:
1) Manatla olan əmanəti dollara çevirmək, bu halda faiz gəlirlərinin fərqindən itkilərlə üzləşsələr də vəsaitlərini əksəriyyət tam və bəziləri isə qismən qoruya biləcəklər. Çünki bu dalğada da bağlanan və ya birləşən banklar olacaq.
Qısa və orta müddətli dövrdə az risklidir, uzunmüddətli dövrdə risklidir.
2) Əmanətləri geri çəkmək, eləcə də əldə olan nağd vəsaiti daha risksiz bazarlara sərmayə qoymaq. Məsələn, hazırda qızıla sərmayə daha etibarlı hesab olunur və yaxud da ucuzlaşan əmlak, mülk, torpaq almaq. Amma nəzərə alın ki, bu bazarlarda uğur qazanmaq üçün də sərmayəni düzgün zamanında yerləşdirmək və qazancları uzun müddətli dövrə gözləmək lazımdır.
Qısa və orta müddətli dövrdə risklidir, uzun müddətli dövrdə az risklidir.
3) Manatla geri çəkilən vəsaitləri dollara dəyişib bankların seyflərində saxlamaq. Bu variant daha sadədir, etibarlıdır, əlavə gəlir yaratmır, yalnız mövcud olan vəsaiti qorumağa xidmət edir.
Bütün dövrlərdə az risklidir.
4) Manatla olan əmanətləri olduğu kimi saxlamaq.
Qısa müddətli dövrdə az risklidir, orta və uzunmüddətli dövrdə çox risklidir.
5) Vəsaiti dollara çevirib beynəlxalq səhm bazarlarında yerləşdirmək.
Qısa və orta müddətli dövrdə çox risklidir, uzunmüddətli dövrdə az risklidir”.

İqtisadçı-alim, sabiq maliyyə naziri Fikrət Yusifovun sözlərinə görə, cari ilin yanvar ayının əvvəli ilə müqaisədə neftin qiymətləri 54 faizdən çox və ya 39 dollara qədər ucuzlaşıb: “Çox təəssüf edirəm ki, 5 ilə yaxın vaxt ərzində ölkə Prezidentinin iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafını təmin etməklə bağlı qəbul etdiyi önəmli qərarlar yetərincə icra edilə bilmədi. Təbii ki, bu, icraçıların birbaşa məsuliyyəti və günahıdır. 2015-ci ilin sonlarından bu günə qədər Prezident real sektorun sürətli inkişafına yönəlik zəruri ola biləcəyindən də artıq addımlar atdı. Lakin icraçıların ləngliyi, təşəbbüskarlıqlarının yox səviyyəsində olması gözlənilən nəticələri əldə etməyə imkan vermədi. Elə bu səbəbdən də bu ilin yanvar ayında, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə, Prezident icraçılara “nə üçün qeyri-neft sektorunun inkişaf templəri bizim qəbul etdiyimiz qərarlara adekvat deyil” sualını ünvanladı. Bu sualın cavabı birdir – qərarların icrası yetərli olmadı. Ona görə də Prezident heç kimin gözləmədiyi qeyri-adi bir addım atıb, təşəbbüskar və islahatçı bir nazirin rəhbərliyinə ölkənin iqtisadiyyat, vergi və əmlak məsələlərinin idarəçiliyini verdi”.
İqtisadçı-alim indiki halda atılması zəruri olan addımları sadalayıb: “Bu gün ölkə iqtisadiyyatının real sektoruna daxili və xarici mənbəələr hesabına investisiyaların həcminin dəfələrlə artırılmasına, xarici investisiyaların ölkəyə gəlməsini əngəlləyən bütün məqamların aradan qaldırılmasına, daxili və xarici investisiyaların ölkə iqtisadiyyatının real sektoruna yatırdılmasına əngəl törədən məmurların ən sərt formada cəzalandırılmasına, Neft Fonduna son illər ərzində neft qiymətlərinin yüksək olması hesabına yığılmış 10 milyard dollara qədər vəsaitin ölkədə kiçik və orta biznesin inkişafına yönəldilməsinə, ölkədən kapital axınının səbəblərinin 10-cu mərtəbədən deyil, birinci mərtəbədən araşdırılmasına üz tutmaq lazımdır”.

AFN-in İqtisadiyyat şöbəsi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.