Vaşinqton Hizbullah ilə hərbi münaqişəyə girmək niyyətində deyil. Bunu ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak "Sky News Arabia" telekanalına müsahibəsində bildirib. "Biz Hizbullaha qarşı nə öz qüvvələrimizlə, nə də ABŞ Mərkəzi Komandanlığı vasitəsilə hərəkət etməyəcəyik”, - o qeyd edib. Onun sözlərinə görə, İsrail təzyiqlərə baxmayaraq, Livanın cənubundakı bir sıra strateji mövqelərini tərk etmək niyyətində deyil: “Beyrut Hizbullahı tərksilah etmək üçün siyasi iradə nümayiş etdirməlidir”. Barak təşkilatın hər ay xarici mənbələrdən təxminən 60 milyon dollar aldığını bildirib: "Bu da onun hərbi və iqtisadi potensialını gücləndirir. Hizbullah bizim düşmənimizdir, İran da düşmənimizdir. Biz bu ilanların başını əzib, onların maliyyəsini kəsməliyik", - diplomat əlavə edib.