Turist səfərlərinin qyməti kəskin artdı - BÖHRAN

22-12-2015, 21:24           
Turist səfərlərinin qyməti kəskin artdı - BÖHRAN
Ötən gün Azərbaycanda baş verən milli valyutanın devalvasiyası nəticəsində ölkədə fəaliyyət göstərən turizm şirkətləri bu gündən etibarən xaricə səyahət xidmətlərinin qiymətini təxminən adekvat məbləğdə qaldırıb.

"Report"un mövzu ilə bağlı turizm şirkətləri arasında keçirdiyi mini-sorğunun nəticəsində məlum olub ki, bir çox yerli turoperatorlar mövcud vəziyyətlə əlaqədar olaraq həm turların, həm də aviabiletlərin qiymətini artırıb. Şirkətlərdə artıq bron edilən turpaket və biletlərdən imtina halları da müşahidə olunur.

"OK Tours" şirkətindən bildirilib ki, bu gündən bilet və turpaketlər artıq cari valyuta məzənnələrinə uyğun olaraq yeni qiymətlə satılır: “Təbii ki, turları və biletləri dollarla sifariş etdiyimiz üçün dünənə qədər 1,05 AZN/USD məzənnəsi ilə satırdıq. Bu gündən isə hesablaşmalar artıq 1,55 AZN/USD məzənnəsi ilə aparılır. Bütün turizm şirkətlərində qiymətlər bu cür tənzimlənir. Valyutanın bahalaşması ödənişi tam həyata keçirən müştərilərə aid deyil. Ödənişin yarısını edən müştərilər isə pulun qalan hissəsini artıq yeni məzənnə ilə etməlidir. Artıq 11 nəfər bu turpaketlərdən imtina edib".

“7 Days” turizm şirkəti də bu gündən satışı yeni qiymətlə aparır: “AZAL satışı necə həyata keçirirsə, bizdə də həmin qaydalar tətbiq edilir. Dünənə qədər 50% ödənişlə satılan bir turpaketdən müştəri bu gün dolların bahalaşması səbəbindən imtina edib. Bileti bron edən zaman müştəriyə xəbərdarlıq edirik ki, məzənnə tez-tez dəyişir və bu gün sifarişlə, məsələn, 300 manata aldığı biletin qiyməti digər 50%-i ödəyənə qədər dəyişə bilər. Əslində, burada heç bir təəccüblü hal yoxdur, çünki bundan əvvəl də bütün xarici tur və biletlərin qiyməti dollar və avro ilə tənzimlənib”.

“Regea Travel” şirkəti isə qiymətlərin yeni məzənnə ilə tənzimlənməsi üçün müvəqqəti olaraq xarici turpaketlərin satışını dayandırıb: “Dünən şirkətimiz iki bilet satıb və bunun qiyməti köhnə məzənnə ilə hesablanıb. Əvvəlcədən ödəniş edənlər yox, amma bron edən müştərilərdən iki nəfər bu gün turpaketdən imtina edib. Brondan imtina edənlərin cərimə faizləri çıxıldıqdan sonra ödənişin qalan hissəsi geri ödəniləcək”.

“Millennium Tourism and Congress DMC” şirkətindən xarici turpaketlərin qiymətinin məzənnədən asılı olduğunu qeyd ediblər: “Turizm şirkətlərində qiymətlər avtomatik olaraq məzənnəyə görə dəyişir. Bundan əvvəl də qiymətləri günün məzənnəsinə uyğun tənzimləyirdik. Əgər müştərinin vaxtında etdiyi dollarla ödənişi şirkət gecikdirirsə, bu zaman valyutanın bahalaşması nəticəsində əlavə xərci də turoperator ödəyir. Müştəri 50% ödəniş etdiyi turpaketdən özü imtina etdiyi halda, hotelin və ya digər ödənişli əməliyyatların cəriməsi ödənilən vəsaitdən çıxıldıqdan sonra qalan hissəsi qaytarılacaq”.

Xatırladaq ki, dünən Azərbaycan manatı son 10 ay ərzində ikinci dəfə devalvasiya olunub. Bununla da milli valyutanın hesabat dövründə ümumi devalvasiyası 98% təşkil edib. Nəticədə ötən gün Mərkəzi Bank 1 dolların məzənnəsini 1,55 manat (+47,63%), avronun məzənnəsini isə 1,6850 manat (+47,88%) səviyyəsində müəyyənləşdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.