MTN polkovnikini kim öldürdü: "Həmin cinayətlərdə ən yaramaz həlqələrdən biri olub"

22-12-2015, 23:59           

Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BİT) özünü asıb. Onu oktyabrın 17-də Eldar Mahmudov vəzifədən qovulandan sonra saxlayıb, haqqında ittiham elan etmişdilər. Sonradan Səbayel Rayon Məhkəməsinə aparılan İ.Əliyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş və BİT-ə göndərilmişdi.

BİT-dəki kamerada ölümündən sonra İ.Əliyevin meyiti Sabunçu Rayon Məhkəmə Tibb Ekspertizasına aparılaraq, orada xarici və daxili müayinədən keçirilib. Ekspertlərin ilkin rəyinə görə, İ.Əliyev asfiksiyadan - boğulma nəticəsində əmələ gələn nəfəs çatışmamazlığından dünyasını dəyişib. Sabiq MTN-çinin xarici müayinəsi zamanı bədəni üzərində boynundakı stranqulasiya şarımından savayı iz aşkar olunmayıb. Qeyd edək ki, belə bir rəyin ortada olması İlqar Əliyevə ölməyə “kömək” edilməsi haqda fikirləri şübhə altına alır.

İlqar Əliyevin qəbir yeri əvvəldən hazır imiş...

İ.Əliyevin meyiti müayinədən sonra gözlənilənlərin əksinə olaraq, doğulduğu Göyçayın Çərəcə kəndinə aparılmadı. Onu dekabrın 21-də Bakıdakı “Qurd qapısı” deyilən ərazidəki qəbiristanlıqda günorta saatlarında basdırdılar. Dəfn o qədər sürətlə və yarıməxfi şəkildə həyata keçirilib ki, hətta İ.Əliyevin bir çox yaxınları belə orada iştirak edə bilməyiblər. Həmçinin məlum olub ki, İ.Əliyevin dəfn olunduğu qəbir yerini atası Mustafa Əliyev bir qədər əvvəl alıb. Bir neçə qəbir yeri üçün nəzərdə tutulan ərazi daş hasara alınıb və bir kənarında M.Əliyevə məxsusluğunu bildirən onun soyad və adının baş hərfləri - “Ə.M” daş üzərinə yazılaraq vurulub.

İntihar etmiş polkovnik kimdir?

İlqar Əliyevin avtobioqrafiyası haqda məhdud məlumatlar var. Bildirilir ki, İlqar Əliyev 1968-ci ildə Göyçayın Çərəcə kəndində, Çərəkə kolxozunun sədri olan Mustafa Əliyevin ailəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 2 övlad - 8 yaşlı qız, 5 yaşlı oğlan atası olan İ.Əliyevin MTN-ə gəlişi haqda isə belə bir xəbər var.

Bildirilir ki, onun həmin qurumda işə götürülməsində MTN Xətai şöbəsinin vaxtilə rəisi olmuş qohumunun rolu olub. Həmin şəxsin İ.Əliyevin atası “Mister Mustafa” kimi tanınan Mustafa Əliyevlə münasibətləri sonuncu Çərəkə kolxozunun sədri olan dövrə təsadüf edib. M.Əliyevin kolxozda sədrlik dövründə geniş imkanlara sahib olduğu və sonradan övladlarının təhsil almasında, işə düzəldilməsində də həmin imkanların karına gəldiyi bildirilir.

İ.Əliyev Baş Prokurorluğun araşdırdığı “MTN işi” üzrə əsas fiqurlardan biri idi. Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan bu şəxsin adı jurnalistlərə, sahibkarlara qarşı həyata keçirilən qanunsuzluqların əsas icraçısı kimi xatırlanırdı. Bu haqda mətbuatda kifayət qədər məlumat var. Onun qəfil olümü çoxsaylı suallar yaradıb. Belə bir yüksək çinli MTN-çinin saxlanıldığı təcridxanada özünü asmasına inananlar azdır.

Həbsindən sonra onun vəkili olmuş Rəşad Mirmehdizadə deyir ki, istintaq getdiyindən hər hansı bir açıqlama vermək istəmir. Vəkil İ.Əliyevin doğulduğu kənd qəbiristanlığında dəfn olunmamasının səbəbini də açıqlayıb:

“İlqar Əliyevin Bakıdakı ”Qurd qapısı" adlanan ərazidəki qəbiristanlıqda dəfn olunması ailəsinin qərarıdır".

Onun yas mərasimi Nəsimi rayonu ərazisindəki evinin həyətində təşkil olunub. Jurnalistlər yas mərasimində çox az sayda - yalnız yaxın qohumların iştirak etdiyini müşahidə ediblər.

R.Mirmehdizadə müvəkkilinə hər hansı bir təzyiqin olmadığını da diqqətə çatdırıb: “Sonuncu dəfə həmişə olduğu kimi görünürdü. Onu necə görmüşdümsə, elə idi. Həbsdə olmağı əlbəttə ki, ona təsir etmişdi, amma ona təsir olması haqda mənə heç nə deməmişdi”...

***

Penitensiar Xidmətin sabiq rəisi, “Məhbuslara Yardım Fondu”nun prezidenti Məmməd Zeynalovİ.Əliyevin özünü öldürməsi ilə bağlı şübhələrin olmasını təbii hesab etdiyini açıqladı:

“İlqar Əliyev kateqoriyasında olan şəxsin təcridxanada ölümü çox nadir bir hadisədir. Orada həmişə adam olur. Ona görə də psixoloji baxımdan özünü kiminsə asması mümkün deyil. Versiya irəli sürürlər ki, onunla kamerada saxlanılan şəxs telefonla danışmağa gedib və qayıdıb gələndə İlqar Əliyevi asılmış vəziyyətdə görüb. Onun yanında adam olubsa, hər an kameraya kiminsə daxil olacağı istisna deyilsə, belə bir vəziyyətdə psixoloji durumdan özünü asmaq demək olar ki, mümkün deyil. Kənar şəxs intihar edənə maneçilik edə bilər deyə, bu mümkün deyil. Qışqır-bağır salıb nəzarətçiləri çağıra bilər. 2 şəxs olan kameralarda çox nadirən belə hallar baş verir. İlqar Əliyev MTN işçisi olduğundan onu digər məhbuslarla bir kamerada saxlamaq olmaz. Ona görə o kateqoriyadan olan məhbuslarla birgə saxlanılır. Əsasən, məhkum tək saxlananda belə hallar olur. Ona görə də nəzarətçilər belə şəxsləri daim nəzarətdə saxlamalıdırlar. Gözlükdən tez-tez baxmalıdırlar ki, belə hallar baş verməsin. Görünür, səhlənkarlıq ediblər, mütəmadi baxmayıblar. Düşünüblər ki, heç nə olmaz. Əslində isə, o kateqoriyadan olan məhbusları xüsusi nəzarətdə saxlamalıdırlar. Çünki onlar özlərinə çox şey edə bilərlər. Burada nəzarətçilərin rolu olmamış deyil.

Bu hadisə birbaşa nəzarətçilərin günahı üzündən baş verib. Nəzarətçi gecə yarısı olsa belə, mütəmadi olaraq vəzifəsinin icrasını həyata keçirməlidir. Yatmağa ixtiyarı yoxdur".

- İlqar Əliyevin kənar şəxs vasitəsi ilə, onun "köməkliyi" ilə həyatla vidalaşması haqda fikirlər var. Bu fikirlər nə dərəcədə əsaslıdır?

- Bakı İstintaq Təcridxanası Azərbaycanda müasir tələblərə cavab verən ilk saxlama yerindən biridir. Orada 24 saatlıq kamera-müşahidə sistemi var. Belə bir halda onun kamerasına kənar şəxsin daxil olması istisnadır.

- İlqar Əliyevin boynuna ip keçirib özünü öldürməsinə inanırsız?

- Düşdüyü vəziyyət onu həmin həddə çatdırmışdı. Səməd Vurğunun “Bu gün fərman verən, sabah can verir” misraları var. Həbsinə qədər fərman vermiş adam bu gün həbsxanadadır. Həbsxana elə-belə yer deyil. Hamının psixoloji durumu imkan vermir ki, dözsün. İlqar Əliyevin əməlləri haqda məlumatlardan belə qənaətə gəlinir ki, o, psixoloji cəhətdən təsir etməkdə usta olub, amma özünün psixoloji durumu, dözüm limiti çox az olub. Ona görə də boynuna ip keçirib. İlqar Əliyev perspektivini qoyub qarşısına, görüb ki, ittihamlar üzrə ən azı 15 il həbsə məhkum ediləcək. Hesab edib ki, cəzanı çəkməkdənsə, ölmək yaxşıdır.

İlqar Əliyev, Akif Çovdarov o qədər qanunsuz hərəkətlər ediblər ki...

“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış isə dedi:

“İlqar Əliyev, Akif Çovdarov o qədər qanunsuz hərəkətlər ediblər ki, insanlarda elə bir fikir formalaşıb ki, bütün cinayətləri yalnız onlar ediblər. Əslində isə, elə deyil. O cinayətlər MTN-dəki mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilib. Ola bilər ki, həmin cinayətlərdə ən yaramaz həlqələrdən biri İlqar Əliyev olub. O, çox qəddar, yaramaz hərəkətləri ilə seçilib. Onun haqqında bu sözlər deyilməlidir ki, tarixə düşsün. Onun aqibətindən bu gün onun kimi qanunsuzluqlar, qəddarlıqlar, yaramazlıqlar edənlər nəticə çıxarmalıdırlar. Düşünürəm ki, ”MTN işi" elə bir işdir ki, ona Cinayət Prosessual Məcəllənin tələblərinə görə, hamıya bəlli olan faktları sübut etmirlər. Hamı bilirdi ki, onlar belə cinayətkar fəaliyyətlə məşğuldurlar. Düşünmürəm ki, onun ölümü istintaqın gedişinə hər hansı bir ciddi təsir göstərəcək. “MTN işi” üzrə tutulanların cinayət məsuliyyətinə cəlb edilməsi, məhkəməyə verilməsi üçün kifayət qədər sübutlar mövcuddur".

- Konkret olaraq, İlqar Əliyevin yoxluğu istintaqın gedişatına təsir edəcəkmi?

- İş üzrə zərərçəkənlər bu gün lazım olan ittihamedici ifadələri verirlər. Onların ifadələri digər sübutlarla da təsdiq olunur. Məsələn, zərərçəkən deyir ki, məni Akif Çovdarovun xüsusi həbsxanasına aparmışdılar. Onun bu ifadəsini yoxlamaq üçün oradakı ümumi vəziyyət, qanunsuz saxlama yerində neçə stol-stulun və ya digər əşyaların olması barədə də konkret suallara cavab verir. Ora yerli baxış keçirilir və faktlarla təsdiq olunur ki, həmin adam orada olub-olmayıb. Tam məsuliyyətlə deyirəm, Azərbaycan kimi ölkələrdə, əgər cinayət baş veribsə, bu və ya digər şəxsə qarşı xüsusilə zorakılıq hərəkətlərinə yol verilibsə, fakt üzrə sübutlar toplamaq çox asandır. Sadəcə, hüquq-mühafizə orqanlarının iradəsi olmalıdır. İradə varsa, sübutlar toplanır və ittihama əsas verən kifayət qədər sanballı sübutlara çevrilir. Bu işdə hər hansı bir siyasi müdaxilə olmasa, bu işin istintaqı müəyən vəzifəli şəxslərə tikilməsi göstərişi verilməsə, işdə günahı olan bütün vəzifəli şəxslərin istintaqa cəlb olunaraq, məhkəmə qarşısına çıxarılması üçün çox ciddi əsaslar mövcuddur.

- İlqar Əliyevin ölümü onun əməllərindən zərərçəkmiş şəxslərə təsir edəcək?

- Əgər sübut olunsa ki, İlqar Əliyev konkret şəxsə qarşı qanunsuz əməlləri özbaşına, təkbaşına qərar verməklə edib, bu halda onun yaxın qohumları istintaqın ona aid hissədə sona qədər davam etdirilməsi üçün istintaqa ərizə ilə müraciət edə və ittihamların əsassız olduğunu sübut olunaraq, bəraət verilməsini tələb edə bilərlər. Əgər belə bir ərizə olmasa, bu halda cinayət işinin icraatına xitam veriləcək.

Qeyd edək ki, İ.Əliyev Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilərək, barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Onun ölümü ilə bağlı Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, İ.Əliyev dekabrın 20-də 15:55 radələrində BİT-in 2 nəfərlik kamerasında intihar edib. Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

E.MƏMMƏDƏLİYEV
musavat.com

Qeyd: BİT-da təqsirləndirilən şəxslərin öz yaxınları ilə telefon danışıqlarına hər gün saat 10:00-dan, 17:45-dək icazə verilir. Danışıqlar qanunla həftədə 2 dəfə olmaqla, 15 dəqiqə nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.