Yarıya qədər azalan pulla hara gedirik? - Manatı öldürən səbəblər...
24-12-2015, 11:06
Dekabrın 21-də manatın 47 faizli devalvasiyası ölkədə ciddi narazılıq və narahat doğurub. Bayram ərəfəsi bütün zəruri ərzaq malları, tütün məmulatları, dərmanların qiyməti 50 faizədək bahalaşıb. Milli Bank rəhbəri Elman Rüstəmov və digər rəsmi şəxslər manatın devalvasiyası ilə bağlı mövqe bildirsələr də, hamının diqqəti dövlət başçısı İlham Əliyevə yönəlmişdi.
Prezident dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunlarına həsr edilən mərasimində çıxışında deyib ki, neftin qiymətinin düşməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə də təsir edib: “Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir. Yəni manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirik ki, neftin qiyməti sabitləşsin. Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəndə biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq”.
Prezident neftin qiymətinin 36 dollara düşdüyünü xatırladaraq ilk dəfə olaraq bu məsələdə dünyadakı siyasi və geopolitik mübarizənin rolu olduğunu deyib: “ABŞ-da dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti il ərzində birdən-birə 3 dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil. Sadəcə, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir”.
Aydındır ki, prezident “neftin qiymətinin il ərzində birdən-birə 3 dəfə düşməsi düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil” dedikdə ABŞ və Qərbin Rusiya ilə münasibətlərini nəzərdə tutur. İlham Əliyev konkret ad çəkməsə də, “bu siyasətin məqsədi heç kim üçün sirr deyil” deyərək, Qərbin neft amilindən istifadə edərək Rusiyanı çökdürmək istədiyinə açıq işarə vurub.
Qeyd edək ki, son devalvasiyadan sonra iqtidara əsas tənqidlərdən biri qeyri-neft sektorunun inkişaf etdirməməsi və manatın devalvasiyasının daha yumşaq aparmamasıdır.
İ.Əliyev bu vəziyyətdən Azərbaycanın əziyyət çəkməsi faktını qabardaraq, yaranmış böhranlı vəziyyəti faktiki xarici faktorlarla əlaqələndirib. Dövlət başçısı benzinin və digər yanacaq məhsullarının qiymətinin də artırıla biləcəyi (və ya əksinə, endirilə biləcəyi) barədə yayılmış xəbərlərə birbaşa toxunmayıb, amma kifayət qədər aydın şəkildə hökumətin bu məsələdə planını açıqlayıb. İ.Əliyev deyib ki, hökumət qarşısında yanacağın qiymətinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub. Bu o deməkdir ki, benzinin qiymətinin qalxacağı ilə bağlı xəbərlər real deyil, o cümlədən bəzi ölkələrdə olduğu kimi qiymətin endiriləcəyi də gözlənilmir.
Dövlət başçısı manatın məzənnəsi ilə bağlı qərarın fəsadlarını azaltmaq üçün mikroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq və tikinti materiallarının qiymətinin tənzimlənəcəyini söyləyib.
Prezident əhalinin əsas narazılıq etdiyi bəzi işbazların qiyməti süni artırılması ilə bağlı problemdən də danışıb. O deyib ki, bahalaşmaya yol verənlər, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək: “Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadi-maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İqtisadi liberallaşma, inhisarçılığa qarşı mübarizə sahəsində tədbirlər görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək”.
***
Beləliklə, dövlət başçısının çıxışında üç mühüm xətt bunlardır: 1) Manatın devalvasiyasını ABŞ Mərkəzi Bankının (FES) dolların uçot dərəcəsini artırması və neft satışına qoyulan qadağanın aradan qaldırılması qaçılmaz edib; 2) Azərbaycan xarici güclərin, yəni Qərblə Rusiya arasındakı mübarizənin nəticələrindən əziyyət çəkir; 3) Azərbaycan iqtidarı yaranmış vəziyyətdən çıxış yolları arayır.
Məlumdur ki, Mərkəzi Bankının “üzən məzənnə” siyasətinə keçməsindən sonra prezident iqtisadiyyatın liberallaşmasına yönələn bir sıra mühüm fərmanlar imzalayıb. Bura biznes fəaliyyətləri üçün tələb olunan lisenziyaların sayının azaldılması, rüsumların aşağı salınması, habelə lisenziyaların verilməsində tam şəffaflığın təmin edilməsi daxildir. Məlumdur ki, yaranmış vəziyyətin sosial təlatümlər doğurmaması üçün biznesin, sahibkarlıq fəaliyyətinin qarşısında dayanan müxtəlif maneələrin aradan qaldırılması mühüm şərtdir.
İmzalanmış fərmanlar bu siyasətin həyata keçirilməsi istiqamətində atılmış vacib addımlardan biridir. Həmin fərmanlar sayəsində bir sıra mühüm sahələrdə (tütün məmulatları, alkoqollu içkilər və etil spirtinin istehsalı, idxalı və satışı, neft və qaz məhsullarının satışı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması və turizm fəaliyyəti) artıq müddətli lisenziya anlayışı olmayacaq-bütün lisenziyalar müddətsiz veriləcək. Eyni zamanda indiyədək verilmiş lisenziyalar müddətsiz lisenziyalarla əvəz olunacaq. Habelə lisenziyalaşdırılmış fəaliyyət növlərinin sayı azaldılır.
“Yeni Müsavat”a daxil olan məlumatlara görə, gözlənilir ki, iqtisadi yekunlarla bağlı adətən gələn ilin yanvarının ilk ongünlüyündə keçirilən Nazirlər Kabinetinin iclası bu dəfə ilin sonunda keçirilsin. Hökumətə yaxın mənbə deyib ki, iqtidar yaranmış vəziyyətin əhaliyə törətdiyi çətinliklərin fərqindədir və bir sıra preventiv tədbirlər planı hazırlanır. Prezident son çıxışında bunun bəzi konturlarını açıqlayıb. Söhbət iqtisadi-maliyyə sektorunda daha ciddi islahatlardan, iqtisadi liberallaşma, inhisarçılığa qarşı mübarizə sahəsində tədbirlərdən və ən mühümü, gömrük və vergi sistemində maksimum şəffaflıqdan gedir.
Gömrük və vergi sistemində islahatlar sadalanan məsələlər içərisində ən vacibidir. Çünki dolların bahalaşdığı şəraitdə, təbii ki, bütün məhsulların qiymətləri artacaq, eyni zamanda gömrükdə iş adamlarından tələb olunan qeyri-rəsmi ödənişləri də bunun üzərinə gəldikdə, ölkədə qarşısıalınmaz bahalaşma yaranar.
Hökumətdəki mənbələrin iddiasına görə, iş adamlarına öz firmaları vasitəsilə ölkəyə istənilən məhsulları, xüsusən ərzaq gətirməkdə sərbəstlik verilməsi planlaşdırılır. Yalnız dövlət rüsumları ödənəcək, Azərbaycana gətirilən məhsulların çeşidi ilə bağlı əvvəlki qadağalar isə birmənalı şəkildə aradan qaldırılacaq. Gömrük sistemində liberallaşdırılma aparılsa, yəni “ASAN xidmət” rejiminə keçilsə, ölkədə iqtisadi sektorda ciddi dəyişikliklər olar.
Bu, gömrük sistemində monopoliyanın, büdcəyə əlavə vəsaitlərin daxil olması, idxal sektorunda rəqabət mühitinin artırılması və qiymətlərin minimuma endirilməsi deməkdir. Qeyri-rəsmi mənbələr deyir ki, gömrük mafiyası il ərzində sənədləşdirilməyən mallardan təxminən 5 milyard manat qazanır və bu kimi islahatlara müqavimət göstərə bilərlər. Amma hökumət üçün əvvəlki rahatlıq dövrü bitib və dəyişikliyə müqavimət iqtidara düşmənçilik deməkdir...