Fazil Mustafadan prezidentə məktub yazan iranlı ayətullaha SƏRT MESAJ

24-12-2015, 14:16           
Fazil Mustafadan prezidentə məktub yazan iranlı ayətullaha SƏRT MESAJ
Hafta.az-ın verdiyi xəbərə görə iranlı ayətullah Cəfər Sübhani Azərbaycan Respublikası prezidentinə məktub ünvanlayaraq Nardarandakı son hadisələr barədə yazıb.

İranlı dindar ölkə başçısına yazdığı məktubda yığışdırılan qara bayraqlardan narahat olduğunu dilə gətirib və bunu “dinə hörmətsizlik” adlandırıb. O, polislə qarşıdurmada öldürülən radikal islamçıların da həlak olmasından narahat olduğunu açıq şəkildə etiraf edib.

İranlı ayətullahın məktubu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Hafta.az-ın məlumatına görə, məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib ki, Cəfər Sübhanininin prezidentə məktubundan başqa şey gösləyirmiş:

“Ey canı, qanı bizdən olan azərbaycanlılar! Ey bu Vətənə bağlılığı olan insanlarımız! Dininizi, məzhəbinizi, əqidənizi bir tərəfə buraxın, necə yaşamaq sizə uyğundursa, yaşayan! Mənə sadəcə bir şeyi izah edin. İrandan azəri olduğunu söyləyən bir ayətullah Azərbaycan prezidentinə müraciət edir, anlaşılandır ki, Nardaranda baş verən məlum hadisələrdən narahatçılıq keçirdiyini və orada dövlətin apardığı siyasətdən narazılığını ifadə edir. Ancaq mətnin içində düşünürdüm ki, bir cümlə də yer alacaq ki, "cənab prezident, eşitmişik Ermənistan atəşkəsi pozub yenidən müharibəyə başlamaq istəyir, əmin ola bilərsiniz ki, biz azərilər malımız-canımız-qanımızla öz soydaşlarımızın və öz din qardaşlarımızın yanında olacağıq", vallahi, billahi belə bir cümləyə rast gəlmədim. İndi deyin görək bu mövqe sahibi insanlarla dindaşlıq, soydaşlıq, qardaşlıq mümkündürmü?”.

Qeyd edək ki, noyabrın 26-da hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Nardaran qəsəbəsində başda Taleh Bağırov olmaqla, radikal dini cinayətkar dəstənin 14 üzvü saxlanılaraq, istintaqa təqdim edilib. Bu əməliyyat nəticəsində iki polis əməkdaşı şəhid olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.