Azərbaycana 300 milyon dollar sərmayə qoydu və... - qapı arxasında qaldı
24-12-2015, 16:11
Əgər dərhal desək ki burada söhbət Azərbaycan üçün çox işlər görmüş həmyerlimiz, milyarder-xeyriyyəçi, tanınmış ictimai-siyasi xadim Fərhad Əhmədovdan gedir, oxucu buna çətin inanar.
Lakin məhz belədir. Bu tanınmış azərbaycanlı öz hüquqlarını qorumaq üçün elə öz ölkəsində vəkil tutmağa məcbur olub.
Sizcə, Fərhad Əhmədov öz əcdadlarının vətənində hansı problemlə üzləşsə yaxşıdır?! Möhkəm durun, indi deyəcəklərimizdən sonra sadəcə yer də ayağınızın altından qaça bilər: azərbaycanlı milyarder Azərbaycan Dövlət Miqrasiya Xidmətindən (DMX) ölkədə, yəni öz vətənində müvəqqəti yaşamağa icazə ala bilmir!
Bu, nə qədər absurd görünsə də milyarder həmyerlimizi artıq 300 milyon dollar sərmayə qoyduğu vətəninə buraxmırlar. Bunun niyə və necə baş verdiyini anlamaq üçünsə hadisələrin xronologiyasına və Əhmədovun və onun vəkili Nail Şahverdiyevin addımlarına baxaq.
F.Əhmədov hələ 2009-cu ilin iyulunda dövlət başçısına yazılı şəkildə müraciət edərək ona Azərbaycan vətəndaşlığı verilməsini xahiş edib. Əhmədovun bu xahişi prosedura uyğun olaraq DMX-ya göndərilib. Lakin heç bir ay keçmədən DMX-dan rədd cavabı gəlib.
Əhmədov təxminən 4 ildən sonra bu məsələyə bir də qayıdıb. O, 2013-cü ilin mayında dövlət başçısına bir daha müraciət edib. Üzərində dövlət başçısının dərkənarı olan bu ərizə də DMX-ya göndərilib. Bu dəfə milyarderə məsləhət görülüb ki, o, DMX-ya şəxsən özü müraciət etsin, ərizəsini, anketini və digər sənədləri təqdim etsin. Qurumun bu tələbi də yerinə yetirilib. Bundan əlavə, həmyerlimizin ölkənin aqrar sektoruna 100 milyon, maliyyə sektoruna isə daha 200 milyon dollar sərmayə yatırdığını, burada bir çox xeyriyyə tədbirləri keçirdiyini (valideynləri Qarabağ müharibəsində həlak olan uşaqlara yardım göstərilməsi, bir neçə məktəbin tikintisi, gənc rəssamlara yardım göstərilməsi və s.) təsdiqləyən sənədlərin surətləri də ərizəyə əlavə olunub.
Bu səxavət görünür, DMX-nin də marağına səbəb olub ki, F.Əhmədov DMX-ya dəvət edilib. Bu dəvətin nəticəsi nə olub, tərəfdlər nədən danışıb - bunu demək çətindir. Lakin heç bir ay çəkməyib ki, Əhmədov vətəndaşlıq almaq xahişinə yenidən rədd cavabı alıb.
Doğrudur, vəkilin də dediyi kimi, bu cavabdan sonra biznesmenin diqqətinə hansı yollasa çatdırıblar ki, nəsə anlaşılmazlıq olub. Guya yeni ərizə vermək lazım imiş və həmin xahiş yerinə yetiriləcəkmiş.
Bundan əlavə, F.Əhmədov öz ərizələrində bildirib ki, o, heç nəyə - nə rütbəyə, nə də vəzifəyə iddia etmir, yalnız öz ölkəsinin övladı, Azərbaycanın vətəndaşı olmaq istəyir.
İşgüzar adam həm də onunla fərqlənir ki, əl-qolunu heç vaxt aşağı sallamır, başladığı işi sona çatdırır. Əhmədov ötən ilin yanvarında daha bir ərizə yazır. Belə hesab edir ki, məsələ bu dəfə tamamilə həll olunar... Lakin fevralda yenə rədd cavabı alır. DMX-nin “əsaslandırması” yenə standart olur: “Siz son 5 ildə Azərbaycan ərazisində yaşamamısınız”.
Vəkil bildirir ki, F.Əhmədov 2013-cü ilin noyabrından 2014-cü ilin noyabrınadək və 2014-cü ilin noyabrından 2015-ci ilin noyabrına qədər Azərbaycanda müvəqqəti yaşamaq icazəsinə malik olub. Sonuncu müddətin başa çatmasına 10 gün qalmış Əhmədov DMX-ya 3 illik yeni icazə verilməsi xahişi ilə yenə müraciət edib. Lakin DMX bundan da imtina edib. Səbəb kimi də o göstərilib ki, biznesmen ilin ikinci yarısında 90 gün ərzində Azərbaycanda olmayıb...
Bütün bunlar vəkil Nail Şahverdiyevin sadaladığı faktlardır. İndi isə gəlin bu məsələyə aydınlıq gətirək: Fərhad Əhmədov kimdir və ona Azərbaycanda yaşamağa niyə icazə vermirlər?
F.Əhmədov 1955-ci ildə Bakıda anadan olub. Onun anası (bu günlərdə vəfat edib), qardaşları və bacıları bu gün də bu şəhərdə yaşayır. Gələcək milyarder sonradan Rusiyaya köçüb, orada təhsil və alimlik dərəcəsi alıb. SSRİ dağılandan sonra sahibkarlıq fəaliyyətinə başlayıb. 90-cı illərin əvvəllərində xarici neft şirkətlərinin “Əsrin müqaviləsi”nə - bugünkü Azərbaycana sürətli inkişaf və çoxmilyardlıq sərmayə axını gətirən vacib layihəyə cəlb olunması prosesində iştirak edib.
F.Əhmədov 2004-cü ildən etibarən Rusiyada ictimai-siyasi fəaliyyətə başlayıb. Rusiya Federasiya Şurasının üzvü (senator) və Avropa Şurası Parlament Assambleyasının deputatı, həmçinin ikitərəfli Rusiya-Azərbaycan parlamentlərarası komissiyanın üzvü olub. Nəhayət, qeyd etdiyimiz kimi, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 300 milyon dollar sərmayə qoyub.
Elə görünə bilərdi ki, Bakıda belə imkandan ikiəlli yapışmalı idilər. Təkcə elə 300 milyon dollarlıq sərmayə Əhmədova istənilən inkişaf etmiş ölkədə vətəndaşlıq almağa kifayət edərdi.
Amma bizim DMX-da təəssüf ki, belə düşünmürlər. DMX “Vətəndaşlıq haqqında” qanunun 14-cü maddəsinin 1-ci hissəsindən bərk-bərk yapışıb. Qanunun həmin bəndi vətəndaşlıq almaq üçün ölkədə 5 il ərzində fasiləsiz yaşamağı tələb edir. Maraqllıdır ki, DMX məmurları elə həmin maddənin digər bəndini nəyə görəsə görmək istəmirlər. Bu bənd ölkə üçün xüsusi maraq və əhəmiyyət kəsb edən şəxslərlə bağlı bəzi istisnaları nəzərdə tutur.
Bundan əlavə, Azərbaycan Konstitusuyasının 52-ci maddəsinə görə, Azərbaycana aidiyyəti olan, ona siyasi və hüquqi bağlılığı olan, qarşılıqlı hüquq və öhdəlikləri olan, habelə ölkənin ərazisində və ya valideynləri Azərbaycan vətəndaşları olmaqla doğulan şəxslər Azərbaycan vətəndaşları hesab olunurlar. Hətta valideynlərinin biri Azərbaycan vətəndaşı olmaqla ölkə ər5azisində doğulan şəxslər də Azərbaycan vətəndaşları sayılır.
Əhmədova vətəndaşlıq vermək üçün bu qədər ciddi əsasların mövcudluğuna baxmayaraq kor tutduğunu buraxmayan kimi DMX da sözügedən maddənin yalnız bir bəndindən yapışıb. Elə həmin maddənin digər bəndini “görməməkdə” inadla davam edib. Biz hələ ölkənin Əsas Qanununu, yəni hələ heç kimin dəyişmədiyi və dəyişməyə də hazırlaşmadığı Konstitusiyanı demirik.
Sizcə, təkcə bizim ölkədə və Rusiyada yox, ümumən dünyada tanınan və hörməti olan Əhmədova vətəndaşlıq verməkdən kim imtina edir?
Görünür, DMX rəhbərlərinin (çoxu bir-birinə qohumdur) başı üzərindəki güclü “krışa” bu xırda məmurlara müraciət edən şəxsin vacib biri olmasına məhəl qoymamaq, ona standart cavablar vermək, daha doğrusu, rədd cavabı vermək hüququ verir.
DMX-də niyə belə edirlər? Bu, oxuculara yəqin ki, məlumdur. Axı ölkədə yaşayan əcnəbilər arasında bu qurum haqda az qala rəvayətlər dolaşır.
Nəhayət, vicdan da yaxşı şeydir. Ölkəsi üçün bəlkə də bütün DMX qədər faydalı işlər görən
F.Əhmədova vətəndaşlıq verməyib kimə verəsən?
Məmurların bundan xəbəri varmı ki, əksər ölkələr, hətta qabaqcıl Avropa ölkələri belə öz vətəndaşları arasında iqtisadi inkişaf naminə yüz milyonlar xərcləmiş F.Əhmədov kimi vətəndaş görməkdən nə qədər məmnun olardılar? Cənnətə oxşayan Maltada vətəndaşlıq almaq üçün 1 milyon dollar sərmayə qoymaq kifayətdir. Gürcüstanda bu məbləğ daha azdır. Avropa ölkələrində isə 2 milyon dollar dəyərində daşınmaz əmlak alan şəxsə sərbəst yaşamaq imkanı verilir! Bizim həmvətənimizə isə heç bunu da etməyə ehtiyac yoxdur! Onun xeyriyyəçiliyi hətta İsraildə də yaxşı məlumdur. Və bu ölkə milyarder Əhmədovun mesenatlığa meylindən məmnuniyyətlə yararlanaraq ona vətəndaşlıq verib.
Sivil ölkələr Əhmədov kimi adamları bilirsinizmi niyə cəlb edir və onlara fəxri vətəndaşlıq verməyə hazırdır? Çünki bir biznesmenin sərmayəsinin ardınca digər zənginlər də ora axışır.
İndi isə özünüz fikirləşin: ölkəsinin inkişafına 300 milyon xərcləyən, amma üzünə qapıların bağlandığı bir milyarderin bu aqibətindən xəbər tutanlar Azərbaycan haqda nə düşünər, necə düşünər?
Ölkəyə dəvət olunaraq hamısına Azərbaycan vətəndaşlığı verilən, sonra da dopinq qalmaqallarına görə ifşa edilən hansısa legioner idmançılar F.Əhmədovdan doğrudanmı ləyaqətlidir, bu pasporta layiqdir? Əhmədov öz vətənində niyə belə münasibətlə üzləşməlidir? Azərbaycan bazarına gəlmək istəyən xarici sərmayədarlar ölkəmiz haqda bundan sonra nə düşünər? Digər tərəfdən, ermənilər Ermənistan iqtisadiyyatına sərmayə qoyan nüfuzlu erməni biznesmenlə belə davranardımı? Bəlkə Əhmədovun Azərbaycan da yox, təkcə Göyçay rayonu üçün elədiklərinin yüzdə birini də eləməyən Kirk Kerkoryana və ya Erd Ernekyana vətəndaşlıq verməkdən imtina edərdilər?! Gülməli ehtimal deyilmi?
F.Əhmədovun anası bu günlərdə vəfat edib. Miqrasiya məmurları isə ana itkisinin ağrısını yaşayan oğula zəng vuraraq onun miqrasiya qanunlarını pozduğunu deyiblər. Oğul anasını son mənzilə yola salır, məmurlar isə... İnsanlıq adına doğrudanmı heç nə qalmayıb?!
Amma DMX-da hansısa işçini kim məsuliyyətə cəlb edə bilər? Heç kim. Axı orada hamı bir-birinə qohumdur. Ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlar hələ bu quruma gəlib çatmayıb...
Eynulla Fətullayev
Virtualaz.org