MTN tərəfindən həbs edilən şəxslər dövlət başçısına müraciət edib - "Xahiş edirik ki, iş yenidən araşdırılsın"

24-12-2015, 16:14           
MTN tərəfindən həbs edilən şəxslər dövlət başçısına müraciət edib - "Xahiş edirik ki, iş yenidən araşdırılsın"
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşlarının həbs etdikləri Emin Zəkiyev və Elçin Abdullayevin yaxın qohumları mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, mətbuat konfransında E.Abdullayevin həyat yoldaşı Şəfiqə Abdullayeva və onun vəkili Türkel Süleymanlı çıxış edib.

E.Abdullayevin həyat yoldaşı Ş.Abdullayeva bu işlə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edildiyini bildirib: "Əfv Komisiyasından bizə dedilər ki, təqsirləndirilən şəxslər barəsində irəli sürülən ittihamlar çox olduğundan biz bunu qəbul etmirik. Həmçinin, biz tərəfdən müraciət də gec edilmişdi. Prezident İlham Əliyev və Baş Prokurorluqdan xahiş edirik ki, iş yenidən araşdırılsın. Bu zaman onların günahsız olduğu sübuta yetiriləcək".
Qeyd edək ki, 2012-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yaydığı məlumata görə, MTN əməkdaşları kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərini ifşa edib: "Azərbaycan Respublikasının vətəndaşları – Musayev Rəhman Sahib oğlu, Abdullayev Elçin Tariyel oğlu, Zəkiyev Emin Tahir oğlu, Dadaşlı Mikayıl Elşad oğlu və qeyriləri mütəşəkkil dəstə tərkibində İnternetdən istifadə etməklə qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək 2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarmış və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.
Dəstə üzvləri Bakıdan İnternet şəbəkəsinə qoşularaq, Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatdan keçirilmiş İnternet saytına daxil olub, həmin səhifədən yenə də İnternetlə ABŞ ərazisində fəaliyyət göstərən müxtəlif bankların müştərilərinə məxsus elektron hesablar barədə məlumatlar əldə ediblər. Dəstə üzvləri bu məlumatlardan yararlanaraq 2011-ci ilin fervral-iyun ayları ərzində həmin hesabların sahiblərindən gizli olaraq onların 6 min 180 manat pullarını talayıb digər elektron hesaba köçürüblər. Gizli olaraq pulları oğurlanmış xarici ölkə vətəndaşlarının xidmət banklarının tələblərinə əsasən, Rəhman Musayev və qeyrilərinin qanunsuz fəaliyyəti nəticəsində əldə edilmiş həmin məbləğ Azərbaycan bankları tərəfindən qeyd olunan kartların sahiblərinin hesablarına ödənilib ki, bununla da həmin banklara külli miqdarda ziyan dəyib".
Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 29.177.3.1, 29.177.3.2, (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaya cəhd), 194.2.1 və 194.2.4-cü (mütəşəkkil dəstə tərəfindən bilə-bilə cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı alma və ya satma) maddələri ilə cinayət işi başlanılıb. Rəhman Musayev, Elçin Abdullayev, Emin Zəkiyev və Mikayıl Dadaşlı təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. 2013-cü ilin fevral ayının 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim İradə Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində E.Abdullayev 7 il 2 ay, E.Zəkiyev 7 il, R.Qəniyev 3 il və M.Dadaşlı 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.