Kəlbəcərə 150 km məsafə, 23 ilin ümidi, 11 ailənin dəhşətli həyat hekayəsi
7-04-2015, 12:31
Aprelin 2-də Kəlbəcərin işğal günü qeyd olundu. Kəlbəcərsiz 23 ili şəhərin məcburi köçkünlərindən daha çox rəsmi tədbirlərə qatılan kreslo sahibləri qeyd etdi. Necə ki, bundan əvvəlki illərdə də edirdilər.
Bakıda dəyirmi masalar arxasında əyləşən bəzi məmurlar, QHT rəhbərləri izlədikləri slayd-şoularla, Kəlbəcərköçkünlərinin sayını xatırlamaqla, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə 23 ili də başa vurdular...
Kəlbəcərdən 458 km aralıda- Bakıda bu şəhərin işğalının ildönümü qeyd edilsə də Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan bəzi kəlbəcərlilərin bundan xəbəri yoxdur.
Kəlbəcərdən 9 minə yaxın məcburi köçkün var. Və onlar Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar.
Bir qrupu da Bərdədə - Kəlbəcərdən təxminən 150 kilometrlik məsafədə. Onlar şəhərlərinin işğalının ildönümünü qeyd etmirlər, heç edənlərdən də xəbərləri yoxdur.
Kəlbəcərdən olan məcburi köçkünlər Bərdə şəhərində və ətraf kəndlərdə qruplar şəklində məskunlaşıb. Yolumuz Bərdəyə düşərkən olardan bir qrupu ilə görüşə bildik. Görüşümüz Bərdə şəhərində Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis”departamentinin “5 saylı regional nəqliyyat” MMC-nin bazasında məskunlaşan 11 ailə ilə oldu.
Bu ailələrin həyat şəraiti dəhşətlidir. Onlar belə vəziyyətdə 23 ildir yaşayırlar. İndi onların ciddi bir narazılığı var: şəhərdə köçkünlər üçün salınan qəsəbəyə köçürülməmələri...
Xatırladaq ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb. Bu ilin mart ayında ölkə başçısı həmin qəsəbədə görülən işlərlə də tanış olub.
11 ailə şəhərdə bəzəkli hasar arxasında səfil vəziyyətdə...
Qəsəbə salınsa da ortaya çox ciddi bir problem çıxıb. Yeni tikilən evlərə kimlərin köçürüləcəyi... Bərdə şəhərinin mərkəzində bəzəkli hasarlar arxasında qalan 11 məcburi köçkün ailəsinin vəziyyəti ilə tanış olandan sonra düşündük ki, yəqin elə yeni mənzillərə köçürülən ailələr bunlar olmalıdır. Amma sakinlər dedi ki, heç onları siyahıya alanda olmayıb.
11 ailə deyir ki, nə qədər edirlərsə, “Qaçqınkom”u görə bilmirlər.Söhbətləşdiyimiz 11 ailə 23 ildir nəqliyyat bazasının həyətində məskunlaşıb.Bu illəri qazsız keçiriblər.Evlərini isə odunla qızdırıblar.
İlk həmsöhbətimiz hazırda pensiyada olan 72 yaşlı müəllim Sabir Məmmədov oldu.
Sabir müəllimin ilk sözləri bu oldu: “Kaş axşam gələ bilərdiniz. Vedrələri düzmüşdük evin ortasına.Yağış sularını yığırdıq. Səhər tezdən vedrələri boşaltmışıq...”
Sabir müəllim bizi yaşadıqları otağa dəvət edir. Ayağımızın altı və divarlar beton... Otağın ortasında qurulan odun sobası... Damdan axan yağış sularını yığmaq üçün otağın kənarında saxlanılan xeyli boş vedrələr...
Elə müəllim də əli ilə onlara işarə edib deyir: “Yağış yağanda o vedrələri otağa düzürük”.
72 yaşlı müəllim hazıra pensiyadadır və 200 manat təqaüd alır.4 övladı var. İkisi ailə qurub.Kəlbəcərdən məcburi köçkün kimi Bərdəyə gələndə burada ibtidai sinif müəllimi işləyib.2009-cu ildən isə pensiyadadır.
15 dəqiqə sonra ayaqlarımızı yerdə saxlaya bilmirik.Yer beton və soyuqdur. Üzərində də vur-tut nazik bir xalça...
Elə müəllim də bunu müşahidə etdiyimizi sezib deyir: “Bu otağı odun sobası ilə qızdırırıq. 72 yaşım var. Bu beton artıq ayaqlarımı qurudub.Ayaqlarım yeri tutmur, axsayıram.Soyuq artıq canımıza işləyib. 23 ildir bu betonun arasındayıq...”
“Qaçqınkom” qaçır, məcburi köçkün axtarır...
Yeni tikilən evlərə köçürüləcəklərini gözləyən ailələr kimi Sabir müəllim və digər 10 qonşusu da belə ümidlə yaşayırdlar. Tamartın 31-dək. Belə ki, martın 31-də “Qaçqınkom”un Bərdə şəhər şöbəsinin müdiriSərdar Zeynalov və bələdiyyə sədri Sadıq Həsənovməcburi köçkünlərə salınan qəsəbəyə köçürüləcək şəxsləri siyahıya alarkən onlardan yan keçib.
11 ailə də “Qaçqınkom”dan bunun səbəbini soruşub.“Qaçqınkom” nümayəndəsi də gələcəyini, onları da siyahıya alacağını deyib.Lakin sonradan nə qədər müraciət etsələr də nəticəsi olmayıb.
Qonşulardan da “Qaçqınkom”la bağlı şikayətlər eşitdik.Hamı deyir ki, “Qaçqınkom” onlarla qaçdı-tutdu oynayır, hara gedirlərsə, tapa bilmirlər.
Burada da vətəndaşın həmişəki şikayətini eşidirik: “Prezident nə etsin? Məmurlar günahkardır”.
11 ailə deyir prezident göstəriş verib ki, onlar üçün ev tikilsin. Amma o binalara kimlərin yerləşdirilməsiyerli məmurlardan asılıdır.
“Bizim şəraitimizə baxın.Burda necə yaşamaq olar? Bəs “Qaçqınkom”, icra hakimiyyəti nə fikirləşir? Sizi and verirəm Allaha, deyin görüm burda yaşamaq olar? 23 ildir bu haldayıq.Halımızı görmürsüz?”- deyə Sabir müəllim narazılığını dilə gətirir.
Sabir müəllim onu da əlavə edir ki, aprelin 2-də icra başçısının görüşündə olub.Həmişə olduğu kimi yenə də “ev veriləcək, kömək ediləcək” vədini alıb.
Bəs bu köçkün ailələrinə yardım edilirmi?
11 ailə ilə söhbətimizdə yerli icra hakimiyyətindən yardım alıb-almadıqlarını da soruşuruq.Aldığımız cavab “yox”dur.
Bu ailələrə ayda 35 litr neft verilirmiş.Son zamanlar isə bu yardım da dayandırılıb.
Bu sakinlər evlərini odunla və elektrik sobaları ilə qızdırır.
Nəqliyyat bazası necə ev oldu?
11 məcburi köçkün ailəsinin məskunlaşdığı bu ərazi qeyd etdiyimiz kimi Nəqliyyat Nazirliynə məxsusdur. Hazırda ev halına salınan bu otaqlar isə bir zamanlar beton pillələrdən düzəldilən akkumulyator sexi və təkərdoldurma məntəqəsi olub.
Divarları beton olan bu yarımtikililər sonradan məcburi köçkünlər tərəfindən üstləri bağlanaraq evə çevirilib. Və 23 ildir ki, burada yaşayış var...
Ölümünü gözləyən adam...
Sabir müəllimin və ailəsinin yaşadığı otaqdan çıxıb qonşuya yollanırıq.Ev sahibi Adil Mamedov bizi qapıda qarşılayır. Deyir ki, evə girin, amma ayaqqabınızı çıxarmayın, yer betondur, soyuqdur..
Xanımına “foto çəkə bilərikmi” deyə sual veririk.
Aldığımız cavab belə olur: “23 ildir bu vəziyyətdəyik. Utanılacaq nəsə yoxdur.Baxın, halımız budur. Başımıza yayda qum, qışda da su tökülür. Çəkin...”.
Ev sahibi acınacaqlı yaşayışlarından danışır:“Əslində heçnə deməməliyəm. Özünüz vəziyyəti görürsünüz.23 ildir bu vəziyyətdəyik.Axı burada insan necə yaşasın?Necə sağlam qalsın?Birinci həyat yoldaşım 2007-ci ildə vəfat edib.Xərçəng xəstəliyindən.İndi mənim də ciyərlərim xəstədir.Xərçəngəm...”- bu sözlərdən sonra A.Mamedovun gözləri dolur, xeyli susur.
Söhbəti qonşusu Elşad Məmmədov davam etdirir və ailənin indiki acınacaqlı vəziyyətindən danışır.İkiotaqlı bu ev bir neçə yerdən uçub. Çatlayan yerlər palçıqla doldurulub.
A.Mamedov söhbətinə belə davam edir ki, onlar yeni tikilən binalardan ev də istəmir. Heç olmasa torpaq sahəsi olsa, onlar özləri üçün şərait yarada bilərlər.
“Torpaq sahəsinə belə razıyıq.Biz kənd adamıyıq.Bina evində nə edəcəyik?150 manat pensiya alıram.4 divar arasında necə dolanacam? Torpağım olsun,göy-göyərti əkim, toyuq-cücə saxlayım”- deyə ev sahibi yerli məmurlardan gözlədiyi yardımı dilə gətirir.
Evin xanımı da bizə həyətdəki toyuq-cücəni göstərir: “Bunlar bizim dolanışığımızdır. Bina evində nə edəcəm?Kimə möhtac olacam?”
Bu evlərə niyə qaz verilmir?
Bu 11 ailə 23 ildir qaz üzünə həsrətdir. Səbəb isə yaşadıqları bu yerin ev deyil, obyekt olmasıdır.
Yerli məmurlar bu məcburi köçkünlərin yaşadıqları daxmaları ev kimi qəbul etmədiyindən ora qaz vermirlər. Bununla bağlı dəfələrlə şikayətlər edilib.Lakin heç bir nəticə olmayıb.
Qonşu evdən çıxan və qucağında körpə uşaq olan hamilə bir xanım qapıdan evin içini göstərir.Deyir ki, yorğan-döşək yağan yağışdan sonra su olur.
“Gün çıxanda sevinirik ki, yorğan-döşək quruyacaq.Bu vəziyyətdə insan yaşamaz.Evi bircə elektrik sobası ilə qızdırırıq.Həyat yoldaşım fəhlə işləyir.Yer beton, divar sudur.Uşaqdır, oynamaq istəyir. Can dərdindən yerə də qoya bilmirəm. Bu betonun üstündə biz gəzə bilmirik.Bəs bu uşaqlar necə gəzsin?”- deyən xanım bu dərdlərinə əlac tapılmasını istəyir və bizə yanda boş olan otağı göstərir.
Sonra da əlavə edir: “Biz belə vəziyyətdə olan yeri ev halına salmışıq. Siz də baxın”.
“Bu beton ayaqlarımı qurutdu, bala...”
Burada yaşayan başqa bir ailə. Yaşlı qadın, ona baxan qızı...
Bu ailənin yaşadığı evə dəvət edilirik.Burada vəziyyət digərlərinə nisbətən yaxşıdır.Yer beton deyil. Birotaqlı evdə yataqda uzanan 86 yaşlı Züleyxa Abbasovadan əhvalını soruşuruq.
86 yaşlı nənədən aldğımız cavab: “Sağ ol, ay bala. Vəziyyət elə gördüyünüz kimidir.Ayaqlarım tutulub.Elə yerdə yatıram. Bu yaşayış, soyuq beton, şəraitsizlik... Nəticəsi də budur”.
Züleyxa nənə həyat yoldaşını 2009-cu ildə itirib.Ona qızı Zöhrə Abbasova baxır.
Zöhrə Abbasova məktəbdə xadimə işləyir.Anasının pensiyası və özünün aldığı maaşla dolanırlar.O, evə girərkən taxta döşəməyə fikir verdiyimizi görür:“Bu şəraiti atam yaratdı. Evimiz beton idi.Qonşularda gördüyünüz vəziyyətin eynisi.Hətta ondan da bərbad vəziyyətdə idi.İndiki yaşayışımız zülmdür.Bacım, mən, anam burda yaşayırıq.Anama bu ay 120 manatlıq dərman alımışam.Aldığı pensiya 180 manatdır”.
Z.Abbasova deyir ki, 23 ildir bircə dəfə də olsun məcburi köçkün kimi onlarla maraqlanan olmayıb: “Bərdə Şəhər İcra Hakimiyyətinə müraciət etsək də kömək edən yoxdur. Bizə deyirlər ki, sizintabe olduğumuz icra hakimiyyəti Gəncədədir.Bəs mən ora necə gedim?Yaşlı anamı kimin yanında qoyum?22 ildir gözləyirik.Ya torpağımızı verəcəklər, ya da evimizi”.
Z.Abbasova ilə sağollaşarkən dediyi sonuncu cümlə belə olur: “Bizim bu vəziyyətimizi Bakıdakılara göstərmək həcc ziyarətinə getmək kimi savabdır”.
“Villası olan qohumuma ev veriblər...”
Bizi evinə dəvət edən məcburi köçkünlərdən biri də Mətləb Qəribov oldu.
5 nəfərin yaşadığı bir otağa daxil olarkən evdəkilərdən eşitdiyimiz ilk sual belə olur: “Yazmağınızın bir nəticəsi olacaq? Bizə kömək edərlər yəni?”
M.Qəribov deyir: “Baxın, belə bir vəziyyətdir. Bir otaq, beton divar,5 nəfər... Belə yaşayırıq.Gözləməkdən yorulub ümidimizi itirmişik.Heç olmasa dua edirik ki, yağış yağmasın. Yağış yağdıqca ev çökür. Əslində bura ev olmayıb. Ticarət məqsədi ilə tikilən obyekt idi. O zaman gəlib burada məskunlaşmışıq”.
Bu ailə də siyahıya alınmamasından narazıdır: “Kimin evi var, ona da ev verirlər. Gedib ev verilənlərin siyahısına baxsınlar. Görək kimlərə ev veriblər.Bizdən pis vəziyyətdə olan varmı?Əlbəttə, yox.Bizdən 5 metrlik məsafədə olanları siyahıya aldılar, bizi isə yox.Niyə, hansı səbəbə görə?”
M.Qəribov “Qaçqınkom”dan narazılıq edir.
Onlar “Qaçqınkom”la görüşmək istəsələr də bu mümkün olmur.“Qaçqınkom” bugün-sabah edərək onları yola verir.
Söhbətimiz zamanı M.Qəribov maraqlı bir söz deyir: “Mənim elə qohumlarım var ki, villası var. Amma ona bu binalarn birindən ev veriblər”.
Bu iddia uzun zaman əvvəl səsləndirilən fikirləri birdaha gündəmə gətirir. Belə ki, təkcə Bərdədə yox, digər rayonlarda da qaçqın və məcburi köçkünlərə ev verilməsi zamanı yaşanan qanunsuzluqlar barədə şikayətlər var idi. Ya məcburi köçkün olmayanlara ev verilir, ya da siyahının ilk sırasında olmaq üçün məcburi köçkünlərdən “şirinlik” tələb olunurdu.
“Deşiklərdən girən siçovullar uşaqları dişləyir”
Yan otaqda yaşayan xanım bizi səsləyir:“Hamının evini çəkdiniz, bizim evi də çəkin”.
Gözəl Qəribova bizi dəvət etdiyi otaqda qapının altında olan deşikləri göstərir: “Bu deşikdən evə gecələr siçovul girir. Bir neçə dəfə də uşaqları dişləyib. Burada necə yaşayırıq - bir baxın. Axı bizim səsimizi niyə eşidən yoxdur?”
Bu evdə də mənzərə digərlərindən fərqli deyil. Hər tərəf beton, soyuq, rütubət... Ev sadəcə qızdırıcı soba ilə isidilir. Divarlar da çat-çat...
G.Qəribova deyir ki, icra hakimiyyətinin və “Qaçqınkom”un qəbulunda olublar. Onlara söz veriblər ki, yaxın zamanda düzələcək...
...Ailələrlə sağollaşırıq. Son sözləri belə olur: “23 ildir nəsə bir ümidlə gözləyirik. Bu ümid içində torpaqlarımız da var. Doğma yurdumuza qayıdacağıq deyə ümid edirik. 23 ildir... Az vaxt deyil. 6-7 ildir ev veriləcəyinə də ümid edirik. Bu dəfə lap ümidlənmişdik. Dedilər veriləcək, amma heç siyahıya almadılar. Yenə də ümidləndik. Bəlkə bu yazacağınızın xeyri oldu...”
Bu sözlərin qabağında deyəcəyimiz heç nə yoxdur. Ancaq ən sonda ölən ümiddir. Əsas odur ki, vicdan ölməsin, insanlıq ölməsin. 23 ildir ümidli olan insanların yerli məmurlara olan etimadı ölməsin...