Bakıda maşın `su qiymətinədir - BÖHRAN NƏFƏS KƏSİR

18-01-2016, 12:49           
Bakıda maşın `su qiymətinədir - BÖHRAN NƏFƏS KƏSİR
Manatın üzən məzənnəyə keçməsi maşın bazarına da təsir göstərib. Ölkənin ən böyük maşın bazarı olan “Badamdar”da da durğunluq yaşanır. Avtomobillərin qiyməti kəskin aşağı düşsə də, bazarda real alıcı tapmaq müşkülə dönüb.

Badamdar qəsəbəsində yerləşən maşın bazarında apardığımız müşahidə zamanı alıcılar çeşid azlığından, satıcılar isə alverin olmamasından şikayətləniblər.

İlk həmsöhbətimiz maşın satışı ilə məşğul olan paytaxt sakini Sərxan Rəhimovdur. 15 ildir maşın satdığını deyən müsahibimiz indiyədək alıcı qıtlığı ilə üzləşmədiyini deyib.

“Maşın alveri demək olar ki, yox dərəcəsindədir. Bahalı maşınların qiyməti kəskin ucuzlaşıb. Bundan öncə 20 min dollara satılan maşını indi 15 minə də sata bilmirik. Alıcılar daha çox Rusiya istehsalı olan maşınlara üstünlük verirlər. Onların qiyməti xarici maşınlardan xeyli ucuzdur. Ümumilikdə, maşınların qiyməti 5-10 minə qədər aşağı düşüb”.

S.Rəhimov Gürcüstandan gətirdiyi maşını iki aydır sata bilmədiyini bildirib.

“Görüdüyünüz ki, bazar günü olsa da, bazarda heç kim yoxdur. Bir maşını ən pis halda iki həftəyə satırdım. İndi iki aydır sata bilmirəm. Maşını burada saxladığımıza görə həftədə 40 manat yer pulu veririk. Hazırda alıcıların çoxu rayondan gələn insanlardır. Onlar da bahalı maşınları almırlar. Bu gedişlə maşınların qiyməti yenə aşağı düşəcək”-deyə müsahibimiz qeyd edib.

Alverçi olmadığını deyən Nazim Bədəlov isə şəxsi avtomobilini imkansızlıqdan satdığını deyib.

“Maşınımı pula ehtiyacım olduğu üçün satıram. Bir neçə müştərim çıxdı, qiymətdə razılaşmadıq”.

Digər satıcıların sözlərinə görə, pulu olan insanlar qiymətlərin aşağı düşməsini gözləyirlər.

“Bazarda hər bazar ən azı 50 maşın satılırdı. İndi bir-iki maşın satılsa böyük işdir. Alıcılar gözləyirlər ki, qiymətlər aşağı düşsün, ondan sonra alarlar. Qiymətlər çox ucuzdur. 25 min dollara satdığımız “Prado”lar 18 minədir, real alıcı olsa 16 minə də verərik. Hamı gözləyir, nəyi gözləyirlər bilinmir. Satan da gözləyir, alan da”.

Bazara ailəsi ilə maşın almağa gələn Ramin Əliyev isə çeşid azlığından gileylənib:

“Əvvəlki aylarla müqayisədə qiymətlər xeyli aşağı düşüb. Ancaq Rusiya ilə müqayisə etsək bizdə maşın bahadır. Burada aldığım qiymətə Rusiyada iki maşın alaram”.

Soltan Qocayev də digər alıcılar kimi bazarı bir neçə saat ərzində gəzdiyini, istədiyi maşını tapa bilmədiyini bildirib.

“”Mersedes”lərə baxmaq istəyirdim. Maşın çox azdır. Keçən həftə də gəlmişdim, qiyməti münasib olmadığı üçün ala bilmədim. Ürəyimizcə olmayanı da necə alaq?”.

Eksperlərin fikrincə, maşın bazarında böhran hələ bir müddət davam edəcək. Ehtimal edilir ki, qiymətlər daha da ucuzlaşacaq. Buna səbəb əmanətlərini dollarla saxlayan şəxslərin gözləmə mövqeyində olmasıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.