Manat üçün üçüncü təhlükə: DAHA BİR DALĞA GƏLİR?
19-01-2016, 09:26
Yerli və xarici ekspertlərin ümumi rəyi budur ki, Azərbaycan 1,6 il «sancılı dövr»də yaşamalı olacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) bir müddət əvvəl «üzən məzənnə»yə keçdikdən sonra manatın kəskin devalivasiyası baş verdi. JAM.AZ xəbər verir ki, ötən ilin fevralında 34 faiz, dekabrında isə 47 faizə qədər ucuzlaşmadan sonra 1 dollar 1,55 manata satılmağa başladı.
21 dekabrdan sonra da manatın kursu sabitləşmir. Əksinə, hər gün dəyər itirməkdə davam edir. Artıq 1 ayın içində 1 dollar 1,60 manata çatıb ki, bu da daha 5 qəpik bahalaşma deməkdir. AMB-nin bu kursu nə qədər sabit qoruyub, saxlayacağı məlum deyil. Hərçənd rəsmi qurumlar təhlükə olmadığını bəyan edirlər. Hətta dövlət başçısı dünən keçirdiyi müşavirədə bəyan edib ki, insanların manata olan etimadını artırmaq üçün tədbir görmək lazımdır.
JAM.AZ xəbər verir ki, manatın taleyi ilə bağlı mülahizə və proqnozlar müxtəlifdir. Məsələn, xarici ekspertlər bəyan edirlər ki, keçmiş SSRİ məkanını əhatə etmiş bir prosesdən AMB-nin zamanında nəticə çıxarmaması işi bu həddə çatdırıb.
Bildirək ki, yerli ekspertlər isə devalivasiyanın qaçılmaz olduğunu hələ ötən ilin avqustundan bəyan edirdilər. Onlar bildirirdilər ki, hökumət təcili tədbirlər görməlidir. Ki, manatın dönərliliyini qoruyub saxlaya bilsinlər. Nəticədə isə faktiki vəziyyət yaranıb və manatın dəyərdən düşməsi davam edir.
Bəs, bundan sonra necə olacaq? Bu suala yerli ekspertlərin münasibəti birmənalı deyil. Onların bəziləri hesab edir ki, durumun pisləşməsi davam edəcək və manat daha da dəyərdən düşəcək. Bir qismi isə nikbindir və hesab edir ki, sabitləşmə dövrü başlayıb və mili valyutanı təhlükə gözləmir. Amma ümumi rəylərdən belə anlaşılır ki, növbəti devalivasiya manatı daha da sıradan çıxara bilər. Yəni, ehtimallara inansaq, bu dəfəki dəyərdən düşmə artıq 70-80 faizlərlə ölçülməyə başlayacaq.
Xarici ekspertlər isə AMB ilə yanaşı, hökumətin də təcili tədbirlər görməsini zəruri hesab edirlər. Onların rəyinə görə, hazırkı dönəmdə ən optimal yol «üzən məzənnə» yolu ilə qiymətləri tənzimləməkdir. Yəni, manatın kursu bu yolla müəyyən olunmalıdır. Ancaq onlar hesab edirlər ki, vəziyyətin düzəlməsi üçün mövcüzə gözləməyə dəyməz. Bunu hətta heç bir hökumətin etmək iqtidarında olmadığını da qeyd edirlər. Onların qənaətinə görə, rəsmi dairələrin ölkəni indiki vaəziyyətdən çıxarmaları üçün 1,6 il vaxt lazımdır.