"Dolların bahalaşması, manatın ucuzlaşması müstəqilliyimizə təhlükə yaratmaqdadır"

19-01-2016, 11:53           
"Dolların bahalaşması, manatın ucuzlaşması müstəqilliyimizə təhlükə yaratmaqdadır"
Yeni AXCP-nin sədri Razi Nurullayev iqtisadi böhrandan qurtuluş yolları, böhranın yaratdığı çətinliklər, davam edən mövcud vəziyyətin Dağlıq Qarabağ probleminin həllinə yaradacağı maneələrdən danışıb.

Dia.az musavat.com-a istinadən xəbər verir ki, partiya sədri böhrandan ciddi narahatlıq keçirdiyini söyləyib:

“Xalqımızın vəziyyəti günü-gündən pisləşir. Son bir ayda insanların kasıblaşması pik həddə çatıb. Vətəndaşlar var-yoxdan çıxdı və kasıblaşdı. Regionlarda baş verən etirazlar bunun nəticəsidir. Vəziyyət günü-gündən çətinləşdiyinə görə, etirazlar getdikcə baş qaldırır. Bu bizi çox ciddi narahat edir. Üfüqdə görünən xaos getdikcə dərinləşir. Azərbaycanın xaosa sürüklənməsinin tərəfdarı deyilik. Pis-yaxşı əldə etdiyimiz nailiyyətlər bir anın içərisində məhv ola bilər. Dolların bahalaşması, manatın ucuzlaşması müstəqilliyimizə təhlükə yaratmaqdadır”.

Razi bəy iqtisadi böhranın uzun müddət davam etməsinin Qarabağ probleminin həllini arxa plana keçirə biləcəyini də vurğulayıb:

“Azərbaycanın sosial-iqtisadi durumu olduqca ağırdır. Bu hal Qarabağ münaqişəsini gündəmdən çıxarmasa da, həlli yolunu ləngidə bilər. Azərbaycan hökumətinin, hakim komandanın başı hazırda iqtisadi böhrandan çıxmağa qarışıb. Qarabağ məsələsi ikinci plana keçib. Bütün bunlara rəğmən, Qarabağ hər birimizin ağrılı yeridir. Bununla bağlı gündəmimiz boş qala bilməz. Ortada müsbət danışıq olarsa, təbii ki, o zaman bu məsələ yenidən gündəmi zəbt edə bilər”.

Yeni AXCP-nin sədri böhranın ağır olmasına baxmayaraq, Azərbaycanın Rusiyaya yaxınlaşmadığı qənaətindədir:

“Tarixə nəzər salmaq istəyirəm. Hakimiyyət daim qeyd edirdi ki, Avropaya ehtiyacımız yoxdur. Amma Statistika Komitəsinin bir neçə gün öncə açıqladığı statistika var. Orada iqtidar özü-özünü ifşa etdi. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ticarət dövriyyəsinin 9.6%-i MDB üzvü dövlətləri, 48.5%-i Avropa İttifaqı ölkələri, 41.9%-i isə, dünyanın digər ölkələrinin payına düşüb. Bu o deməkdir ki, ölkəmizə ən böyük ticarət dövriyyəsi Avropa İttifaqı ölkələrindən düşür. Bu isə 48.5% deməkdir.

Artıq həqiqət ortadadır. Hakimiyyətin son günlərindəki davranışları, Qərblə bağlı yumşaq siyasəti onu göstərir ki, iqtidar Qərbdən uzaqlaşdıqca, iqtisadiyyatının çökdüyünü anlayır. Hökumət elə başa düşürdü ki, neft daimidir, bu amil olduğu sürəcdə özünü idarə edə biləcək. Amma əksi oldu. Hazırda ölkəmizin Qərbdən gələcək kreditlərə daha çox ehtiyacı var. Qərbin də təbii ki, hökumət qarşısında qoyduğu bəzi şərtlər var. Düşünürəm ki, bundan sonra hakimiyyət Rusiya ilə münasibətləri saxlamaqla yanaşı, Qərblə bir neçə il öncə apardığı danışıqları bərpa edəcək. Burada məqsəd Beynəlxalq maliyyə institutlarından kreditlər cəlb etməkdir. Bunun üçün də hesab edirəm ki, Azərbaycan Qərbə daha çox inteqrasiya edəcək. Ölkəmizin Avropa İttifaqı ilə dondurulmuş bəzi danışıqları da bərpa olunacaq”.

Siyasətçi son günlər bölgələrdə bahalaşma əleyhinə keçirilən mitinqlərdə müxalifətin kənarda qalmasına da toxunub:

“İnsanlar etiraz edən zaman boyunlarından iplə asmırlar ki, kimin tərəfdarıdırlar. Bunu ayırd etmək çətindir. Bu barədə partiyamızın bəyanatı yayıldı, açıqlamam da oldu. Həmin etirazlarda üzvlərimiz iştirak ediblər. Sadəcə olaraq, mən üzvlərimizin adlarının açıqlanmasının əleyhinəyəm. Çünki bununla onların həbsinə zəmin yarada bilərik. Amma fəxrlə deyə bilərəm ki, heç vaxt xalqın etirazından kənarda qalmamışıq.

Xalq haradadır, biz də ordayıq. Bundan sonra da belə olacaq. Qeyd edim ki, üzvlərimizə kəskin göstərişimiz var. Rayon təşkilatlarına təlimatlar göndərmişik. Azərbaycan Xalq Cəbhəsi daim türkçülüyün yanında olub. Xaosu dəstəkləmirik, polisə qarşı müqaviməti doğru saymırıq. Dinc aksiyaların tərəfdarıyıq. Belə aksiyalardan müəyyən qüvvələrin divident qazanmaq istəklərinə göz yuma bilmərik. Üzvlərimiz belə məsələlərdə heç zaman iştirakçı ola bilməzlər”.

R.Nurullayev iqtisadi böhranın nə vaxta qədər davam edəcəyi proqnozunu da verib:

“İqtidar deyirdi ki, bizdə qeyri-neft sektoru inkişaf edib, neftdən asılı ölkə deyilik. Bunlar yalan məlumatlar imiş. Açıqca göründü ki, Azərbaycan neftdən tam asılı ölkə imiş. Neftin qiyməti hazırda düşməkdə davam edir. Bu da deməkdir ki, iqtisadiyyatımız çökməkdə davam edəcək, manat ucuzlaşacaq, insanlar da bunun fonunda daha da kasıblaşacaq, sosial vəziyyət getdikcə pisləşəcək.

Hakimiyyət yaxın bir neçə ay ərzində qeyri-neft sektorunu dirçəldə bilməz. Bundan sonrakı yatırımlar bir neçə ildən sonra bəhrəsini verəcək. Vətəndaşlarımız yaxın bir neçə ayda müsbət heç nə görməyəcəklər. Buna çox təəssüf edirəm. Hazırda yeganə çıxış yolu bir çox layihələri dayandıraraq, insanların sosial vəziyyətini yüngülləşdirəcək bir sıra layihələrin həyata keçirilməsidir. Bununla bərabər qeyri-neft sektorunda işlər daha da gücləndirilməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.