Ehtiyatda olan zabitlərdən “Xəzər” hərbi tədqiqatlar institutuna sərt cavab
19-01-2016, 12:52
Vətən hamımızın Vətəni olduğu kimi, Vətənimizin mənafeyini qorumaq və dövlətimizin təhlükəsizliyini təmin edilməsində iştirak etmək hər bir vətəndaşın borcudur. Əks halda Vətən və vətəndaş anlayışları bəziləri üçün öz ülviliyini itirir.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu adlı qurum iki gün əvvəl yaydığı “dahi hesabatı” cüzi əlavələr etməklə bazar günü yenidən dərc etməsəydi bəlkə də bu barədə heç yazı yazmayacaqdıq. Amma hər davada tərəf saxlamaq həyatın normal zərurəti olduğu kimi, hər hansı işdə, prosesdə mövqe sərgiləmək də, həm vətəndaşlıq borcu, həm insani münasibət, həm də həyati bir zərurətdir.
İnformasiya o vaxt informasiya olur ki, o dəqiq, rəsmi, qeyri rəsmi, ya da ki, mütləq dəqiqləşdirilmiş verilsin. Əks halda buna xəbər yox, dedi-qodu, şaiyə, dezinformasiya, təxribat, yalan, iftira deyirlər. Xəbər, informasiya hazırlayarkən iki nüans mütləq nəzərə alınmalıdır. Xəbəri yayan adam özünə və oxuculara mütləq hörmətlə yanaşmalıdır. Birincini etmirsə də, müəllif oxuculara hörmət etməyə borcludur. Bir də təqdim edilən informasiya əsaslı olmalıdır.
Hesabat hazırlanarakən dəqiqləşdirmə, araşdırıma mütləq olmalıdır, əks halda yalnış rəqəmlər və proqnozlar verməklə özünün və təmsil etdiyin qurumun ciddiliyini şübhə altında qoymuş olursan. Azərbaycan atalar misalında deyildiyi kimi “bilmirsənsə qazanda nə bişir, ondan mütləq bir çömçə istəməyin,” ya da qazandan nəsə oğurlamağın informasiya ilə heç bir bağlılığı yoxdur.
Fikrimizcə qələm əhlini, yazı pozu adamını xarakterizə edən ən əsas amillər, onun peşəkarlığı, yəni qələminin gücü, tutduğu mövqə, yanaşma tərzi və xidmət etdiyi maraqlardır. Bütün bunlar mətbuat işçisinin, qələm əhlinin mənəvi, intellektual, insani keyfiyyətlərini və istedadını qiymətləndirməyə hədəsiz dərəcədə kömək edir.
Bəzi jurnalistlərdən söhbət düşəndə, “əşi o filənkəsdi də, ondan nə gözləyəsən?! O filənkəsin adamıdır, o ancaq sifarişlə yazı yazır odur ki, o başqa cür yaza, başqa mövqe tuta bilməz, yazarsa pul qazana bilməz. O nə vaxtdan müstəqil jurnalist olub ki? Uşaqların yanında fırlana-fırlana birtəhər cümlələri bir birinin dalınca qoşmağı öyrənib. Filankəsin fantaziyaları sərhədsizdir, hər şey uydura bilər.” Bir nəfər həkarımızdan söhbət düşəndə işlədilən ifadə isə, daha maraqlı oldu. Həmin jurnalist həmkarımız barədə dedilər ki, “əgər o çıxıb desə ki, yer kürəsi yumrudur və fırlanır, mütləq bu xəbərdən şübhələnmək lazımdır. Çünkü onun dediyi və yazdığı düz çıxarsa, bax bu olar əsil sensasiya. O çox gopçu oğlandı”. Təəssüflər olsun ki, bu gün mətbuatda haqqında bu cür ifadələr işlədiləcək şəxslər yetərincədir.
ordu
Elə dünən bəzi elekron informasiya saytlarının, Azərbaycandan kənarda məskunlaşan, mənşəyi şübhəli, mənbəyi bəlli olmayan maliyyə qaynaqlı, adı “gurultulu” və yalnız, bir nəfərdən ibarət olan qurumun Silahlı Qüvvələr barədə yaydığı hesabatı dərc etməsi də, bir tərəfdən baxsaq bəzi həmkərlarımızın xəbərə qeyri peşəkar, məsələyə qeyri-ciddi yanaşmalarından xəbər verir. Çünkü çoxları bəzən hansısa qurumun varlığından, kimə, nəyə xidmət etdiyindən heç xəbərdar deyil və araşdırmağa cəhd etmədən, məsələnin mahiyyətinə varmadan, törədəcəyi fəsadları nəzərə almadan belə həmin məlumatı götürüb tirajlayırlar.
İlk olaraq onu da qeyd edək ki, heç bir rəsmi qurum ilə dəqiqləşdirmə aparmadan anonim mənbəyə istinadən “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu adlı qurumun yaydığı məlumatlar da qurumun adı kimi “gurultudan”, boş sözlərdən başqa heç nə deyil.
“Orduda məvaciblərin aşağı salınması”, “bir sıra hərbi birləşmələrin ləğv edilməsi və ixtisarların aparılması”, “tikinti və təmir-bərpa işlərinin əksəriyyətinin təxirə salınması”, “hərbi təlimlərin sayının azaldılması” kimi absurd, təxribat məqsədilə səsləndirilən fikirlərin heç bir əsası yoxdur və bu xəbər bəzi xarici, eləcə də erməni dairələri tərəfindən Silahlı Qüvvələrimizə qarşı yönəldilən məqsədli psixoloji təzyiq vasitəsinin bir hissəsi kimi qiymətləndirilir”
Mətbuatda artıq yer alan belə fikirlərlə tam razıylaşaraq, ilk olaraq hərbçi kimi məsələyə münasibət bildirmək istəyirik.
İkincisi: – “Silahlı Qüvvələrimizin maliyyələşməsi haqqında bəzi elektron kütləvi informasiya vasitələrində yalan və əsassız məlumatların yer alması yalnız təəssüf və təəccüb hissi doğurur.
Müdafiə Nazirliyi səsləndirilən bu qeyri-ciddi iddiaları tamamilə rədd edir. Belə ki, 2016-cı ildə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən il ilə müqayisədə xeyli miqdarda artıb. Hərbi quluqçuların pul təminatı azalmayıb, Silahlı Qüvvələrin ümumi sayında heç bir dəyişiklik yoxdur. Tam əksinə, mərkəzi aparatda və qərargahlarda edilən ştat-struktur dəyişikliyi nəticəsində optimallaşmaya nail olunub, ön xətdə yerləşdirilən yeni döyüş təyinatlı hərbi hissələrdə ixtisaslı vəzifələrin sayı çoxalıb. Bunun hesabına hərbi quluqçuların maaşları faiz baxımından artıb, şəxsi heyətin və ailə üzvlərinin sosial təminat bazası gücləndirilib.
2016-cı il ərzində Ali Baş Komandanın tapşırığına əsasən bu istiqamətlərdə görülən işlər yenə də davam etdiriləcəkdir.
İl ərzində 10 yaxın yeni hərbi şəhərciyin, eləcə də xidməti və daimi mənzilərin istifadəyə verilməsi planlaşdırılır. Novruz bayramı günlərində açılacaq 3 yeni hərbi şəhərcik də görüləcək fəaliyətlərin bariz nümunəsi olacaq. Bu ərəfədə Silahlı Qüvvələrdə təşkil ediləcək “Açıq qapı günü”ndə valideyinlər və ictimaiyyət nümayəndələri də deyilənlərin şahidi olacaqlar.
Eyni zamanda döyüş hazırlığının gücləndirilməsi istiqamətində planlaşdırılan ikitərəfli, çoxtərəfli beynəlxalq, o cümlədən birlik və birləşmə səviyyəsində, müxtəlif qoşun növlərinin cəlb olunması ilə xeyli sayda təlimlər də keçiriləcəkdir.
Bir daha bildiririk ki, Silahlı Qüvvələrimizlə bağlı hər hansı məlumat yayarkən şəxsi maraqları kənara qoyub, xalqın maraqlarından və dövlətin təhlükəsizliyi mənafeyindən çıxış etmək zəruridir.
Silahlı Qüvvələrdə il ərzində görülən işlər, fəaliyyətlər, həyata keçirilən bütün tədbirlər barədə Müdafiə Nazirliyi şəffaf şəkildə, vaxtında və faktlarla məlumatları ictimaiyyətə təqdim edəcəkdir.” Müdafiə naziriliyi tərəfindən səsləndirilən mövqeyi bir daha qeyd etməklə, rəsmi mövqyə də hörmət və ehtiramımızı, həmkar olaraq həmrəyliyimizi bildirməyi də özümüzə borc bilirik.
Üçüncüsü, qalır bircə vətəndaş olaraq mövqe bildirməyə və tərəf tutmağa, bu barədə də oxucularla öz fikirlərimizi bölüşmək istərdik. Respublikamızda fəaliyyət göstərən bütün təşkilatlar kimi, Müdafiə Nazirliyi maaş artırıb azaltmır, bu yalnız dövlətin həyata keçirdiyi tədbirdir. Dövlət tərəfindəən isə əmək haqlarının azaldılması barədə qərar verildiyini eşitməmişik. Belə olduğu halda ordumuzun maliyyələşməsi barədə məqsədyönlü şəkildə, yalan məlumatlar yaymağın bircə adı var, o da təxribatdır.
Hərbi xidmətdə olan hər kəs bilir ki, xidmətdə fərqlənənlərin həvəsləndirilməsi, mükafatlandırılması üçün bir çox forma, metodlar var. Orden, medala, fəxri ada, vaxtından əvvəl hərbi rütbəyə layiq görmək, fəxri fərmanlar təqdim etmək və sair və ilaxır. Bütün bunlardan əlavə hərbi qulluqçuları həvəsləndirmək üçün əldə etdiyi uğur və nailiyyətlərə görə müxtəlif qiymətli hədiyyələrlə və pulla da mükafatlandırma vardır. Orduda heç maaş anlayışı yoxdur. Hərbi qulluqşuların əşaya-əmlak, ərzaq təminatı olduğu kimi, pul təminatı var. Əgər hər hansı bir hərbçi xidmətdə nöqsana yol verdiyinə görə bu pul mükafatından məhrum olubsa, gələcəkdə buna layiq olmaq üçün çalışmaq əvəzinə, kimsələrin yanında yazıq donuna girərək “haqsızlığa məruz qaldığını” dilə gətirib danışırsa, belələri barədə də tədbir görmək üçün, qanunda və nizamnamələrdə yetərincə səlahiyyətlər verilibdir. Və xidməti məsələləri, dövlət sirlərini çayxanada, təndir başında eşidib heç bir qurumla dəqiqləşdirilmədən saytlarda “sensasion” yazılar yazanlara qarşı da qanuni tədbirlər görməyə imkanlar vardır və inanırıq ki, görüləcəkdir.
ordu
Bir məsələ də var ki, əgər hərbi xidməti başa vuran, ya xidmətdə olan şəxs müxtəlif tədbirlərdə, avtobusda, qohum əqraba yanında, xanımlar arasında, yeyib-içmək zamanı, şənlikdə, hüzür yerində lovğalanaraq xidməti, ya məxfi məlumatları danışırsa və kimsədə eşitdiyi məlumatları mətbutda, sosial şəbəkədə bölüşürsə, bu bir tərəfdən kişiyə yaraşmayan hərəkət olmaqla yanaşı, digər tərəfdən isə dövlət sirlərinin yayılması adlı cinayətdir. Əminik ki, ölkəmizin müvafiq qurumları və Müdafiə Nazirliyin müvafiq strukturları da belə yalançı dil pəhləvanlarına qarşı lazımi tədbirlər görür və görəcəkdir.
Mütləq ifşaedici tədbirlər görülməlıdir. Çünkü Vətən hamımızın Vətəni olduğu kimi, Vətənimizin mənafeyini qorumaq və dövlətimizin təhlükəsizliyini təmin edilməsində iştirak etmək hər bir Vətəndaşın borcudur. Əks halda Vətən və Vətəndaş anlayışları öz ülviliyini itirir.
Eldar Eldayaq
Ramil Məmmədli
Ehtiyatda olan zabitlər