Hansı müəssisələr özəlləşdirilə bilər? Ekspert
23-01-2016, 15:10
“Özəlləşdirmə proqramının hansı formada keçirilməsindən çox şey asılıdır. Məqsədyönlü formaların hazırlanması proqramı müəyyən qədər müvəffəq edə bilər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Fikrət Məmmədov ölkədə geniş özəlləşdirmə proqramlarının hazırlanması ilə bağlı məsələni şərh edərkən deyib.
Belə bir addımın gələcəkdə nə kimi səmərələr verəcəyinə toxunan iqtisadçı bildirib ki, ilk öncə “nəyin özəlləşməsi” sualına cavab tapmaq lazımdır: “Kiçik və orta müəssisələr artıq uzun müddət öncə özəlləşib. İri müəssisələrə gəldikdə isə onlar ilk öncə maşınqayırma və digər istehsalat sahələri, eyni zamanda böyük dövlət şirkətlərini əhatə edə bilər. Lakin maşınqayırma zavodlarında əsas fondların amortizasiyası ildə 3% hesablanmaqla, 25 il ərzində 75%-dən artıq təşkil edir və olduqca köhnədir. Mühəndis və yüksək ixtisaslı fəhlə bazası tükənib, istehsal etdikləri məhsul heç bir müasir standarta uyğun deyil. Belə olan halda onların yeganə dəyəri onların torpaq sahəsidir. O da sovet tipli zavodlar üçün nəzərdə tutulmuşdur və indiki vəziyyətdə istehsal üçün tam yararlı deyil. Belə ki, kondisioner zavodunun plastmas istehsalı sexi kondisioner istehsalatçısına lazım deyil. O plastmas hissələri kənardan təchiz edəcək. Necə ki, “Mersedes” şirkəti avtomobilləri üçün oturacaq parça və dərisini özü istehsal etmir”.
Fikrət Məmmədov qeyd edib ki, “Azəryolservis” ASC və digər infrastruktur inşaat şirkətlərinin özəlləşdirilməsini və onlara yeni dövlət müqavilələrinin verilməsini müəyyən səbəblərdən şübhə altına qoymaq olar: “Ən azından neftin qiymətinin belə olması səbəbindən bir çox layihələrin dayandırılması ehtimalı var ikən özəlləşdirmə proqramının hansı formada keçirilməsindən çox şey asılıdır. Məqsədyönlü formaların hazırlanması proqramı müəyyən qədər müvəffəq edə bilər. Lakın bu formalar təkcə özəlləşmənin özünü yox, investorlar üçün xüsusi maliyyə və vergi rejimi, müəyyən müddətə xammal, idxal və ya hazır məhsul ixracı, vergi və gömrük rejiminin liberallaşması və s. imkanlar təklif etməlidir”.