Azərbaycanda qarın davası aparanların etirazları - BİZ NİYƏ DÖVLƏTİMİZİ SEVMƏYƏK?

24-01-2016, 00:57           
Azərbaycanda qarın davası aparanların etirazları - BİZ NİYƏ DÖVLƏTİMİZİ SEVMƏYƏK?
Bütün dünya Rusiyaya sanksiyalar tətbiq edir. Rubl ölür - insanların həyat şəraiti aşağı düşür - amma son 2 ildə Rusiyada qiymətlər bahadır deyib - sosial vəziyyətindən şikayət edib 10 nəfər etiraz aksiyası keçirmir. Eynən İran - illərdir qapalı, təcrid edilmiş, embarqolar qoyulmuş bir ölkədir - bir insan öz iqtidarına qarşı sosial etiraz keçirmədi. Gürcüstanda da insanların sosial vəziyyəti yaxşı deyil. Sizcə onlarda niyə kimsə bu sosial problemlərə görə etiraza qalxmır?

İstər Rusiya, istər İran və hətta istərsə Qazaxıstan, Türkmənistan belə son bir ildə ən ağır iqtisadi həyat yaşayan ölkələrdir. Bu ölkələrin gəlirləri ortalama 40 faizə qədər azalıb. Ən çox itirən Rusiyadır - 47 milyard dollar və itkilər bu gün də davam edir. Rubl hər gün dollarla müqayisədə ucuzlaşır. Qazaxıstanda da vəziyyət ağırdır. Dövlətin gəlirləri 3 dəfə azalıb. Qazaxıstanın neftdən əldə etdiyi gəlirlərində kəskin şəkildə azalma var. Türkmənistanda isə bir qədər yaxşı olsa da, yenə də vəziyyət sosial baxımdan ağırdır.

İran isə uzun illərdir ki, ABŞ-ın Avropanın və digər bir çox dövlətlərin sanksiyaları ilə qarşılaşıb. İran neftini doğru-düzgün şəkildə dünya bazarına çıxara bilmir. Bu ölkənin vətəndaşları dünyaya səyahətə ən yaxşı halda qaçaraq mühacir kimi çıxa bilirdilər.

Azərbaycan isə son 20 ildə dünyaya sürətlə inteqrasiya edən, bütün mədəni və iqtisadi əlaqələrdə sürətlə irəliləyən bir dövlətdir. Baxmayaraq ki, onun irəliləməsini sözün əsl mənasında ətrafında istəməyən xeyli dövlətlər var. Ölkədə xeyli işlər görülüb. Ucqar kəndlərə getmək üçün belə yollar çəkilib. Yaşayış binaları tikilib inşa olunub. 2007-2014-cü illərdə tikinti sektorunun dövriyyəsi 70 milyard dolları üstələyib. Təkcə fərdi yaşayış evlərinin inşası ilə bağlı statistika heyrətləndiricidir. Rəqəmsiz Bakıdan, «20 yanvar dairəsi»ndən çıxdıqdan sonra ətrafa göz gəzdirmək kifayət edir. Sulutəpə, Xırdalan, Biləcəri, Masaazır, ta ki, Şamaxıya qədər yolboyu milyonlarla vətəndaş özünə ev, mənzil tikib. Dövlətin investitsiya layihəsi olmadan. Dövlətin müdaxiləsi olmadan. İddia edirsinizmi ki, dövlət vətəndaşlarına baxmır? Sosial qayğı göstərmir?

Amma Azərbaycanda tikilən fərdi yaşayış evlərinin sayına diqqət edir - 1.2 milyon. Azərbaycana son 10 ildə idxal edilmiş minik avtomobilləri, fərdi nəqliyyat vasitələrinin sayına diqət edin - 1.1 milyon. Bu daşınar və daşınmaz əmlakları alanlar iddia olunduğu kimi sosial vəziyyəti ağır olan Azərbaycan Respublikasının vətəndaşları deyilmi? İki gün öncə rəsmən statistik bir bilgi yayıldı ki, Azərbaycandakı mobil rabitə operatorlarının 2015-ci il üzrə gəlirləri tam 870 milyon manat artıb. Mobil rabitə operatorlarının gəliri abunəçi olan Azərbaycan Respublikasının vətəndaşları deyilmi?

Bu iqtisadi statistikanın arxasınca, ölkədə seçki prossesində iştirak edən nə qədər vətəndaşımız var. Təbii ki, rəsmi statistikaya heç kim inanmaz. Amma bu ölkədə seçki günü, sadəcə seçki günü evindən çıxıb seçkiyə gedib məntəqədə, seçki qutusunun başında səs verməyə «gözün üstə qaşın var» deyən olubmu? olmayıb - İDDİA EDİRİK.

Təkcə Bakı şəhərində internet istifadəçilərinin sayı 400 min nəfərdən çoxdur. Bu Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin rəsmi informasiyasıdır. Amma bu ölkədə siyasi, mədəni, elmi internet mənbələrinə baş vuranların sayı ilə şou, alver, əyləncə mənbələrində qurdalanan ziyarətçilərin sayı arasında fantastik, müqayisəyəgəlməz dərəcədə fərq var.

Azərbaycanda elmlə məşğul olmaq, elmi nəaliyyətlər əldə etmək istəyən, təşəbbüs göstərən insanlar qayğıdan şikayət edirlər. Bu bir bəhanədir. Ölkədə vətəndaşların hansısa elmi uğura imza atması üçün qadağamı var?

Milli Televiziya və Radio Şurası tərəfindən 2013-cü ildə 3 telekanala 400 min manat (o dövr üçün 510 min dollar), artan templə bu günə qədər tam 2 milyon dollardan çox vəsait ayrılıb. Niyə normal bir film çəkilməyib bu günə qədər? Keyfiyyətli, tərbiyəvi, vətəndaş yetişdirmək üçün bir film belə yoxdu. Bunadamı qadağa qoyulmuşdu?

Bir az əvvəl millət vəkili Aqil Abbas niyə ağcabədili soğan əkib ailəsini saxlamır sualı vermişdi. Bütün sosial şəbəkə əhli deputatı tənqid, təhqir etdi. Aqil Abbas gerçəkləri ifadə edir. Azərbaycanlı Gürcüstandan, İrandan niyə kartof gətirməlidir? Ötən il Azərbaycana 120 min 799 ton kartof idxal edilib. Müqayisə üçün deyə bilərik ki, bu rəqəm 2010-cu ildə 21 min ton idi. Yəni beş ildə idxal 5 dəfə artıb. Soğan, Qarğıdalı, Günəbaxan tumu idxalı ilə statistikada da vəziyyət analojidir.
Azərbaycanda əkinə yararlı sahələrdə kartof və soğan əkilməsi xeyli aşağı düşüb. Son 2 ildə Azərbaycanın bütün Aran, Mərkəzi Aran rayonlarında əkinə yararlı torpaqlarda yonca əkini 3 dəfəyə qədər artıb. Nəticədə digər kənd təsərrüfatı, strateji ərzaq bitkilərinin əkini üzrə sahələrdə kəskin azalma baş verib və idxal çoxalıb. Və bir şahiyəyə çıxaq ki, 7 ildən bir səpin-şumlama işi aparılan yonca əkilən sahələrin maya dəyəri aşağı olsa da, maldarlığın inkişafında mühim rol oynayır. Nəticə etibarilə də Azərbaycanda mal ətinin qiyməti bütün bahalaşma tendensiyalarında nəzərə çarpacaq həddə bahalaşmır. Səbəb isə odur ki, ölkədə ətə olan təklif tələblə demək olar ki, uyğunlaşır.

İndi bir millət vəkilinin «niyə soğan əkmirsiniz» sualı bəlkə də populizm üçün insanlara ağır gələ bilər. Amma dünyanın kənd təsərrüfatı ölkələrində kəndlilər bir millət vəkilinin belə iradına dərin təşəkkür hissi ilə yanaşırlar. Azərbaycanda isə artıq belə bir şüur formalaşıb ki, soğan əkmək təhqirdir…

O zaman nədir bu insanların təlaşı? Niyə bizdə insanlar etiraz edirlər? Xüsusilə də ticarətçilər alver yoxdur deyə yerpulu, icarə haqlarından narazılıq edirlər. İnsanlar yalnız ərzağın bahalaşmasından narahatdırlar? Bəlkə elə doğurdan da yerlərdəki məmurlar neft gəlirlərinin azalması fonunda rayona ayrılacaq dotasiyalardan oğurlaya biləcəkləri pulların azalacağından narahatdırlar. Çünki Füzuli rayonunda insanları etiraza səfərbər edən ada melə icra başçısı Alı Alıyevin uzun illər müavini işləmiş, həbs olunana qədər də icra başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevdir. Başqa rayonlarda bu süni ajiotajı yaradan kimlərdir?

Yuxarıda sual etdik - niyə adlarını çəkdiyimiz ölkələrdə qiymət artımına, bahalaşmaya etiraz edənlər yoxdur. Bu haqda düşünməyə dəyməzmi? Kartof, soğan əkməli olan insanlar bəlkə öz işlərinin başına dönsünlər?...

Azərbaycan ən çətin bir regionda olan gənc və müstəqil dövlətdir. Bu şablon cümlənin arxasında çox böyük məna dayanır. Ölkəni əvvəlcə qurmaq, yollarını çəkmək, infrastrukturunu qurmaq, hətta elə giley edilən muzeylərini parklarını abadlaşdırmaq lazımdır. Əvvəlcə tikib, qurub daha sonra isə firavan yaşamaq…

Bəyəm biz elə deyilik? Ən kasıb insanımız belə özünə bir daxma qaraldıb, tikir, quru rvə içində yaşadıqca, həyatını qaydaya salır. Dövlətimizi ailəmiz, ölkəmizi evimiz qədər sevməli deyilikmi? Nefti ucuzlaşdıran da, ailəmiz olan Azərbaycan dövlətinin gəlirlərini azaldan da ailə üzvlərimizdən kimsə deyil. Sadəcə ağır günlərimizdə daha sıx birləşməli deyilikmi?
Razi Abasbəyli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.