Lerikdə prezidentə xəyanət edənlərdən sensasion - Araşdırma/Foto
25-01-2016, 12:43
Ölkənin dağ rayonunda məmur özbaşınalığı ayaq açıb yeriməkdədir. Lerikin ucqar ərazidə yerləşməsi vəzifəli şəxslərin qanunsuzluqları aşkar şəkildə həyata keçirməsinə geniş imkan yaradıb.
TİA.AZ-ın Araşdırma Qrupu bölgədə 2014-cü ildən bu günə kimi qeydə alınan büdcə cinayətlərini, maliyyə xəyanətlərini, ayrı-ayrı korrupsiya faktlarını araşdırıb, ölkə başçısına verilən vədlərə əməl edilmədiyini öyrənib.
2014-cü ildən qalaqlanan fırıldaqlar
Bu təftiş zamanı belə qənaət hasil olub ki, rayon rəhbərliyi dövlət başçısına yalan danışıb. Eyni zamanda büdcə vəsaitləri ilə yanaşı sosial problemlərin həllinə yönəlik addımlar lazımi səviyyədə atılmayıb, yerli sakinlərin şikayətləri həllini tapmayıb. Araşdırmanın nəticələrinə keçməzdən qabaq bir nüansı da qeyd edək ki, sadalanacaq faktlar jurnalist təhqiqatı və lerikli sahibkarların verdiyi məlumatlar əsasında toplanıb.
Belə aydın olub ki, Lerikin icra başçısı Rövşən Bağırov və deputatı İqbal Məmmədov rayonda monarxiya yaradıb, bölgəni yazılmamış qanunlarla idarə edir, prezidentin tapşırıqlarını qulaqardına vurur. Lerikin ucqar dağ region olmasını nəzərə alan icra başçısı və deputat öz istəklərini arxayınlaşmış şəkildə realizə etməkdə fasilə vermirlər.
Beləliklə, ilk növbədə fermerlərə çatacaq subsidiyaların mənimsənilməsinə diqqət yetirmək lazımdır. Lerik rayon İcra Hakimiyyətinin rəsmi saytında 2014-cü ildə fiziki və hüquqi şəxslərə hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək yardım haqda məlumat yerləşdirilib. Bu vəsaitlərdən nə qədər və hansı kəndlərə ayrıldığı açıqlanıb.
Subsidiyanı kimlər mənimsəyib?
Amma gələn xəbərlər və aparılan araşdırmalar həmin vəsaitlərin şəffaf şəkildə bölüşdürülmədiyini deməyə əsas verir. Həmçinin, subsidiyaların heç də göstərilən rəqəmlərlə kəndlərə çatmadığı iddia olunur. Bu yeyinti əməliyyatında rayon rəhbərliyinin xüsusi iştirakı olduğu bildirilir.
R.Bağırovun subsidiya qalmaqalında Füzuli rayon icra başçısı Alı Alıyevdən geri qalmadığı, fermerləri və prezident İlham Əliyevi aldatdığı ortalığa çıxıb. R.Bağırovun bu maxinasiya işlərində müavinləri, əsasən də 1-ci müavini Cəlil Baxşiyev müstəsna rol oynayıblar.
C.Baxşıyevin dövlət büdcəsinə müdaxiləsi isə deputat qohumu İqbal Məmmədova arxalanması sayəsində baş tutub. Deputatın ona himayədarlıq etdiyi iddia edilir.
Prezidentin sahibkarlar və fermerlər barəsində məmurlara etdiyi xəbərdarlıqlara baxmayaraq R.Bağırov, C.Baxşıyev və İ.Məmmədov nəticə çıxarmayıblar. Məlumatlarda qeyd olunur ki, generalitet həbsləri, səs-küylü Eldar Mahmudov işi və sahibkarların başına açılan müsibətlərin ifşası Leriki idarə edənlərə dərs olmayıb. Yeri gəlmişkən, rayon icra başçısının MTN şefi ilə əlaqələri haqda bir qədər sonrakı araşdırmada qeydlər olacaq. Buna qədər isə Lerikdə digər bir özbaşınalıq faktını qeyd etmək lazımdır – söhbət yolların çəkilişi zamanı mənimsəmələrdən gedir. Və yenə də yuxarıda adıçəkilən üç məmur büdcə vəsaitini talan edib.
Başçı ilə şirkətin 3 milyonluq oyunu
Belə ki, prezident tərəfindən rayonun Noda-Şingədulan-Xanəgah yolunun çəkilməsi üçün 7 milyon manat vəsait ayrıldı. Amma 50 dağ kəndinin və 30 min insanının həyat şəraitini yüngülləşdirəcək olan Noda-Şingədulan-Xanagah yoluna ayrılan vəsaitin yarısı yerli məmurlar tərəfindən mənimsənildi.
Yaranmış vəziyyət yolun tikintisini həyata keçirən “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyini də çətin vəziyyətə saldı. Yola ayrılan 3 milyon vəsaitin 30 faizi Lerik rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırova nəqd şəkildə çatdırılıb. “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyi bu vəziyyətdən şikayət etsə də, icra başçısı onlarla anlaşa bilib. Başçı əvəzində “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyinə qiymətləri bir neçə dəfə şişirtməyə icazə verdi.
Rövşən “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyi prezidentin ayırdığı 3 milyon manat vəsaiti «yumaqla» məşğul olublar. Rayonda əsasən bu işləri icra başçısının birinci müavini Cəlil Baxşıyev icra edir. O da İqbal Məmmədovun yaxın qohumudur. Hətta icra başçısı Rövşən Bağırov da onun diktəsi ilə hərəkət edir.
Deputat isə rayonda aparıcı qüvvə hesab olunur. Onunla bağlı son qalmaqal maşınlara balon satışında üzə çıxdı. Balon biznesinin deputatın inhisarında olduğu ifşa edildi. Deputata biznes qadağan olunsa da, qeyri-rəsmi şəkildə bu ticarət də Lerikdən seçilən millət vəkilinin nəzarətində imiş.
Deputatın su sexi və süni bahalaşdırması
TİA.AZ-ın araşdırmaları zamanı o da məlum olub ki, deputatın Lerikdə marketlər şəbəkəsi var. Həmin mağazalar deputata rayondakı yaxın sahibkarlar tərəfindən idarə olunur. Bildirilir ki, manatın üzən məzənnəyə keçidindən sonra həmin marketlərdə süni qiymət artımına yol verilib. Bir sözlə, deputat və başçı prezidentin son göstərişlərinə zidd siyasət yürütməkdə, Lerikdə sosial gərginlik yaratmaqda, əhalini narazı salmaqda davam edirlər.
Bundan başqa, Lerikdə uzun illərdir tikintisi davam etdirilən mineral su sexi rayon sakinləri üçün əsil problemə çevrilib. Lənkəran-Lerik şosesinin 36-cı kilometrliyində, Peştətük kəndi ərazisində tikilən mineral su sexində tikinti işlərinin aparılması yerli sakinlərin narazılığına səbəb olub.
Sakinləri narahat edən problem Lerik-Lənkəran avtomobil yolu tikinti nəticəsində keçilməz vəziyyətə düşməsidir. Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə Lənkəran-Lerik yolu əsaslı şəkildə təmir olunub, genişləndirilib və asfalt örtüyü yenilənib.
Lakin Peştətük kəndində üzünü seçkidən-seçkiyə görünən deputat İqbal Məmmədova məxsus mineral su zavodunun tikilməsi ilə əlaqədar iri tonnajlı yük avtomobilləri bu yolu yenidən keçilməz və yararsız hala salıb. Rayon sakinləri belə deyiblər. Və nə nəhayət, icra başçısının bir müddət əvvəl paytaxtın “Dostluq” parkında yerləşən villası yerlə-yeksan olundu.
Başçı villasının sökülməsinə niyə susdu?
Məlumata görə, icra başçısı evinin sökülməsi zaman məsələni ört-basdır etməyə çalışıb. Ona bu işin üstünün açılmamasında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov köməklik göstərdiyi iddia olunur.
Məlumatda bildirilir ki, R.Bağırov adının qara siyahıya düşəcəyini bilib. Odur ki, dərhal hərəkətə keçərək E.Mahmudova elçi düşüb. Onun yaxın himayədarı olmuş sabiq MTN şefi öz kadrını qorumağa müvəffəq olub. Məlumata görə, icra başçısının villasını sökülməsi E.Mahmudovun sayəsində ictimaiyyətdən və yuxarı dairələrin diqqətindən gizlədilib.
Ancaq son hadisələr və MTN-də olan həbslər məsələnin üstünü açıb. Lerik rəhbərinin “Dostluq”parkında villasının olduğu aydınlaşıb. İcra başçısı bu faktın faş olmasından həyəcanlanıb.
Rövşən Bağırovun villası 16 sot torpağın içində tikilib. Əldə olunan məlumatlara görə, deputatla şərikli MMC-lər yaradan Rövşən Bağırov indiyə qədər büdcə pullarını dağıtmağın asan yollarını da tapıb.
Məsələn, onun abadlıq və yenidənqurma adı altında gördüyü işlərin pulu büdcədən verilsə də, həmin vəsaiti yerli idarə və müəssisə rəhbərləi ilə sahibkarlar çəkiblər. Məlumatlara görə, Rövşən Bağırovun tapşırığına əsasən keçirilmiş prosesdə sahibkarlar, idarə və müəssisə rəhbərləri həmin pulu hissə-hissə ödəyiblər.
Abadlıq işlərini «İnstal Serviz» MMC həyata keçirib ki, onlara da bu işdən bir qədər pul çatıb. Həmin vaxt bildirilirdi ki, icra başçısı sökülən villasına 2 milyon manata yaxın xərc çəkib.
Xatırladaq: Prezident İlham Əliyev bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər:
“Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, “Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün.
Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz “Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı.
Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib.
Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər – ilk növbədə onlar nümunə olmalıdırlar”. arşı tərəfin mövqeyini dərc etməyə hazırıq.