Ömürlük məhbuslar niyə azad edilmirlər...

27-01-2016, 00:28           
Ömürlük məhbuslar niyə azad edilmirlər...
Azərbaycan həbsxanalarında yüzlərlə ömürlük məhbus var. Onları ailələrindən başqa hər kəsin unutduğunu desək, yanılmarıq. Hətta bu istiqamətdə iş görməli olan hüquq müdafiə təşkilatları, hüquq müdafiəçiləri də onları taleyin ümidinə buraxıblar. Aidiyyatı dövlət qurumları isə, bu məsələdə susqun mövqe nümayiş etdirirlər.

1998-ci ildə ölkəmizdə ölüm hökmü ləğv edildikdən, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildikdən sonra, ömürlük məhbuslar və onların ailələri ümidli idilər. Lakin həmin hadisələrdən 18 il zaman keçməsinə baxmayaraq, hələ də bu talesiz insanlar həbsxana divarları arasından azadlığa boylanırlar.

Onların əksəriyyəti indiyə qədər dəfələrlə ölkə başçısına, aidiyyatı qurumlara azadlığa buraxılmaları üçün müraciət etsələr də, nəticəsi olmayıb. Bir şəxsin həbsxanada islah olunması üçün 15 il kifayət edir. Amma bu şəxslərin çoxunun həbs müddəti artıq 15 ili ötüb, 20 ildən çox həbsxanada olan ömürlük məhbuslar da var.

Bu məsələdə bir maraqlı nüans diqqəti çəkir. Belə ki, Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda ömürlük məhbusların həbs cəzaları illə əvəzlənməyib. Gürcüstan və Ermənistan artıq bu addımı çoxdan atıblar. Əgər ölkəmizdə də belə bir qərar verilsə, çox güman ki, əksər ömürlük məhbus azad olunar. Çünki onların çoxunun həbs müddəti 15 ili ötüb.

Qeyd edək ki, ömürlük məhbusların içərisində kifayət qədər tanınmış şəxslər var. Onlardan 21 il öncənin OMON hadisələrinə görə həbs edilmiş Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov və 2003-cü ilin avqustunda həbs edilən “Qarabağ partizanları” hərəkatının üzvü Məmməd Məmmədovu qeyd etmək olar.

Yeganə övladı 13 ildir həbsdə olan, tək-tənha ömür yaşayan, ümidsiz olsa da, oğlunun azad olunacağını gözləyən M.Məmmədovun anası Təranə Məmmədova qəzetimiz vasitəsilə ölkə başçısına müraciət etdi: “Cənab prezidentə, onun xanımına müraciət edirəm. Yalvarıram, oğlumu azad edin. Tək anayam, ondan başqa kimsəm yoxdur. Qurban olum sizə, mənə kömək edin. 20 yaşından ömürlükdədir.

Gəncliyinin ən gözəl çağlarını orada keçirdi. Artıq hara müraciət edəcəyimi bilmirəm. Çünki etdiyim müraciətlər nəticəsiz qalıb. Cənab prezident, heç olmasa oğlumu əfvə salın. Məmmədin hökm qərarlarına kimi ölkə başçısına göndərmişəm. İş Ali Məhkəməyə göndərilib, nəticəsi olmayıb. Sonra da Ali Məhkəmənin plenumuna göndərilib. Amma vaxtı keçməsinə baxmayaraq, hələ də işə baxılmayıb. Mənası nədir ki? Yenə də həmin işdə Ramiz Rzayevdir. Prezidentin bizi sevindirəcəyi xəbərini çox gözləyirəm. Nə olar, biz anaların da səsini eşitsin. Məmməd tez-tez hövsələdən çıxır. Artıq hər şeydən əlini üzüb. Əfvə düşəcəyinə çox ümid edir.

Müraciət etmədiyim kimsə qalmayıb. Əfvlə bağlı Elmira Axundova, Qənirə Paşayeva və digər deputatlara müraciətlər ünvanlamışam. Heç olmasa, oğlumun üzərindən ömürlük götürülsün. Məmməd xəstədir. İki dəfə əməliyyat olunub. Mənə baxacaq bir insan yoxdur. Getdikcə qocalıram, oğlum da orada qocalır. Dörd divar arasında tək yaşamaqdan yorulmuşam. Oğlumu gəncliyinə bağışlasınlar. Nə olar, bizə yardım etsinlər. Hadisə ilə bağlı həbs edilən bütün şəxslər azad olunublar, yalnız oğlumdan başqa. Dəstə başçısına 9 il cəza verildi. Oğluma ömürlük, axı niyə?”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ömürlük məhbusların unudulması ilə bağlı səbəbə toxundu: “Vətəndaş cəmiyyətinə qarşı 2014-cü ildə olan basqılar, siyasi partiya üzvlərinin həbsləri istiqaməti dəyişdi. Gündəm o qədər dolur ki, ömürlük məhbuslar unudulur. Onların gündəmdən düşməsində düşünürəm ki, mətbuatın da günahı az deyil. İctimailəşdirmə prosesi çox zəif gedir.

Xatırlayıram ki, iki ay öncə sonuncu dəfə “Yeni Müsavat” qəzeti bu barədə yazı dərc etmişdi. Təəssüflər olsun ki, əks-sədası olmadı. Onların vəkilləri və ailə üzvlərinin də passivlikləri var. Zamanında ölkə başçısına müraciət edilməyib, mətbuat konfransları keçirilmir. Bu ailələr birləşib, aktiv fəaliyyətə başlamalıdırlar.

Qarşıdan Novruz bayramı gəlir. Onların ailələri, vəkilləri ölkə başçısına, İşçi Qrupuna, aidiyyatı orqanlara müraciət etməlidirlər. Saxlandıqları həbsxana rəhbərliyi ilə əlaqə yaradılmalıdır. Passivlikdən aktiv fəaliyyətə keçilsə, ən azından ömürlüyün illə əvəz ediləcəyinə ümid edirəm. Onlar hər an əfv oluna bilərlər”.

Xatırladaq ki, indiyə qədər ömürlük məhbuslardan əfv edilənlər olub. Onlardan Sürət Hüseynovun, Rəhim Qazıyevin və Əlikram Hümbətovun adlarını çəkmək kifayət edər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.