Azad Rəhimov müəmması davam edir: - Nazir ABŞ-a köçüb?
27-04-2021, 19:41
Gənclər və İdman naziri Azad Rəhimovun personası ətrafında yaranmış qeyri-müəyyənlik davam edir. Uzun müddətdən bəri ABŞ-da müalicə olunan hökumət üzvünün ölkəyə dönüşünün uzanması söz-söhbətsiz ötüşməyib. Tabeliyində olan şəxslər nazirin sağlıq durumunun yerində olduğunu desələr də, onun 3 aydan çox ABŞ-da qalması müxtəlif şübhələrə yol açıb.
Yenisabah.az xatırladır ki, Azad Rəhimovun konkret hansı xəstəlikdən əziyyət çəkdiyi bu günə kimi ictimaiyyətə açıqlanmasa da, nazirin koronavirusa yoluxduğu, artıq çəki və ürəyindəki problemlər üzündən bu xəstəliyi ağır keçirdiyi güman olunur.
Mediada yayılan xəbərlər də azərbaycanlı nazirin səhhətində müəyyən problemlərin olduğunu deməyə əsas yaradıb. Lakin müşahidəçilər Rəhimovun koronavirusa yoluxmasını bir o qədər də ciddi məlumat hesab etmirlər. Onların fikrincə, heç bir normal insan koronavirusdan müalicə olunmaq üçün 17-20 saat yol qət edib hər gün eyni xəstəlikdən 1000-ə yaxın insanın öldüyü ölkəyə üz tutmaz. Məntiqlə Azad Rəhimov koronavirus xəstələrinin daha yaxşı müalicə olunduğu İsrailə üz tutmalıydı. Təcrübədə azərbaycanlı məmurların müalicə məqsədiylə İsrailə üz tutması hallarına çox rastlanıb.
Bəs Azad Rəhimovun uzun müddətdən birə ABŞ-da qalmasına səbəb nədir?
Qeyd edək ki, bununla bağlı müxtəlif mülahizələr mövcuddur. Azad Rəhimovun adının hakimiyyətin “qara siyahısında” olduğu iddia edilir. Deyilənlərə görə, hakimiyyətin yola salmağa hazırlaşdığı “köhnə qvardiya”nın təmsilçiləri arasında onun da adı var. İqtidar sahibləri hesab edirlər ki, Gənclər və İdman naziri ona göstərilən etimadı doğrultmayıb.
Səhhəti ətrafında ajiotaj yaradıb sonra da ABŞ-da gizlənmək Azad Rəhimovu xilas edəcəkmi? Həbsi barədə qərar veriləcəyi təqdirdə belə ucuz yollarla xilas olmağın mümkünsüzlüyünü Azad Rəhimov başa düşmürmü?
Bu sualların cavabı nəinki hakimiyyət komandasında təmsil olunan təcrübəli dövlət adamına, hətta siyasətlə həvəskar səviyyədə məşğul olan “portfelli” partiya funksionerinə də gün kimi aydındır. Bu kimi amillər Azad Rəhimovun adı ətrafındakı müəmmanı daha da qatılaşdırır.