Abid Şərifovun Abbas Mirzə Şərifzadə ilə nə ədavəti var?

19-02-2016, 02:27           
Abid Şərifovun Abbas Mirzə Şərifzadə ilə nə ədavəti var?
“Sovetski” xarabalıqları altında və üstündəki tariximiz: onu qorumasaq, sonra gec olacaq

Əslində “Sovetski”yə Abbas Mirzə Şərifzadənin (Azərbaycanın teatr aktyoru, teatr və kino rejissoru) evinin sorağına getmişdik. Stalin repressiyasının qurbanı olması səbəbindən cəmi 44 il yaşasa da (22 mart 1893-16 noyabr 1938) böyük bir iz qoyan bu böyük azərbaycanlının izinin olduğu hər bir ünvan əslində müqəddəs sayılmalıdır. Ancaq təəssüflər olsun ki, neçə vaxtdır onun evinin sökülməsi məsələsi gündəmdədir və sənətə, sənətkara, tarixə dəyər verən insanlar bunu yolverilməz sayırlar.

Təkcə aşağıdakı faktlar onu deməyə əsas verir ki, Abbas Mirzə Şərifzadənin əmlakı toxunulmaz olmalı, əslində onunla bağlı həqiqətlər ev muzeyində toplanmalı, nəsillərdən-nəsillərə ötürülməlidir. 30-cu illərdə "xalq düşmənləri"lə yaxınlığına görə ittiham olunan teatr xadimi Hüseyn Cavid, Mikayıl Müşfiq kimi repressiya qurbanlarının əsərlərini təbliğdə günahlandırılmışdı. Aktyor ittihamları rədd etsə də, 1938-ci ilin 19 oktyabrında məhkəmə qərarı elan olunur: “Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!”.

Hökm 16 noyabrda icra olunur. Belə bir insanın yaşadığı mənzil ziyarətgah olmalıdır. Ələlxüsus da o, tarixi memarlıq abidəsidirsə, turistlərin cəlb edilməsi üçün dəyərli bir ünvandır. Ancaq görünür bəziləri heç nəyə məhəl qoymaq istəmir və qərarlarında israrlıdırlar. A.M.Şərifzadənin həyat yoldaşı Mərziyyə Davudova, qızı Firəngiz Şərifova da Azərbaycan səhnəsinin böyük sənətkarlarıdır. Üstəlik, “Eurovision-2011”-in qalibi Eldar Qasımov A.M.Şərifzadənin nəticəsidir. Normalda bu nəslin adını yaşadan nə varsa, onlara dəyər verilməlidir.

Elə bu xəyallarla da “Sovetski”yə yetişirəm. Yol boyunca üzüaşağı sel axır. Deyirlər hardasa ekskovator su borusunu zədələyib. Ətrafda söküntü işləri davam edir, bir dəstə fəhlə daş-torpaq içindən metal qırıntıları, dəmir borular toplayır. Onlara yaxınlaşıb “Abbas Mirzə Şərifzadənin evini tanıyırsınızmı” soruşuram. Cavabı məni heyrətləndirir: “Müəllim, söküntü üçün fəhlə lazımdırsa, biz boşuq”. Bu vaxt yaxınlıqdan keçən qadın “elə bu evdir” deyir. Demə, bir az əvvəl qarşısından keçmişəm. Ancaq üzərində lövhə axtarmışam deyə, diqqətimi cəlb eləməyib. A.M.Şərifzadənin burada yaşadığını təsdiqləyən lövhə isə artıq yerində yoxdur.

Öyrənirəm ki, aktyorun evinin qarşısındakı lövhəni ötən şənbə saat 14-dən sonra çıxarıblar. Yeri gəlmişkən, parlamentin bir gün öncəki iclasında deputat Fazil Mustafa A.M.Şərifzadənin evinin söküləcəyi barədə xəbərlərə diqqət çəkərək buna etiraz etmişdi, tarixi abidələri qorumağa çağırmışdı. “Sovetski”nin sakinlərinin dediyinə görə, həmin çıxışdan bir gün sonra hökumət nümayəndələri evə baxış keçirib gediblər.

24 ildir Abdulla Şaiq küçəsindəki mənzildə yaşayan Sülhiyyə Əhmədova bildirdi ki, A.M.Şərifzadənin bu evi ona çox doğmadır: “Qızımın sinif yoldaşı indi bu evdə yaşayır. Bir az əvvəl mən onlara baş çəkdim. Bir ara deyirdilər ki, tarixi memarlıq abidələri olduğu üçün bu bina qalacaq. Ancaq Dram Teatrın arxasındakı tikililər plana düşdüyü üçün indi məlum olur ki, bu bina da söküləcək”.

Bu binaya baxanda onun günün birində söküləcəyinə inanmaq olmur. Möhkəm sütunlar üzərində qərar tutan evə əl gəzdirib muzey kimi saxlamaq olar. 1910-cu ildə tikildiyini təsdiqləyən tarix də indiyədək üstündə qalır. Qapı üzərindəki medalyonun içində olan kiril qrafikalı AŞ (AШ) hərflərinin isə ayrıca mənası varmış: ev sahibinin adını göstərmiş. Bunu bizə bələdçi xanım deyir: “O vaxt bütün belə mülk sahibləri adlarını medalyonun içərisində həkk etdiriblər”.

Söhbət əsnasında məlum oldu ki, “Sovetski”də sökülən və ya məhv olmaq təhlükəsi qarşısında qalan təkcə Şərifzadələrin mənzili deyil. Müəllim işləyən Sabirə Məmmədova bu ərazinin tarixindən danışdı: “Qədim feodal şəhərləri iki yerə bölünüb: şəhristan və rabat. Bura da həmin o rabat hissədir. Azərbaycanın müxtəlif yerlərindən sənətkarlar gəlib burda qalıblar, miskərliklə, ipəkçiliklə məşğul olublar. Yaxud başqa məmləkətlərdən də gələnlər olub. Burada iranlılar məhəllləsi, zəngəzurlular məhəlləsi. Gürcüstanlılar məhəlləsi var idi. Burada yalnız bakılılar yaşamırdı”.

50 metr yuxarıdakı evə yaxınlaşırıq. Məlum olur ki, söküləcəyi barədə xəbər yayılandan sonra evin qapısını söküb aparıblar. Həmsöhbətim “elə gözəl qapısı var idi ki, baxmaqla doymaq olmurdu” deyir. Bu binanın da üz hissəsindəki medalyonlarda kiril qrafikalı Ю və Р hərflərini görürük. Həmsöhbətim deyir ki, əslində burada yaşayış məskənləri ən azı bir qat altda olub. Bu da düşməndən gizlənmək üçünmüş.

“Kübar hamamı”nın dağıntıları


“Sovetski”nin adla tanınan abidələrindən biri də “Kübar hamamı”dır. Ancaq bu gün hamamın bəzi divarları qalıb. Həmsöhbətim deyir buranın tayı-bərabəri yox idi: “Ərazidəki bütün tikililərin tarisi 1800-cü ildən sonrakı dövrə aiddir. Ancaq alt qatdakı tikililər daha qədimdir. Kübar hamamı üst hissədə tikildiyi üçün onu deməyə əsas verir ki, 19-cu əsrdə tikilib. Hətta buranı sökəndə yerin altından fontan vuran suyun qarşısını ala bilmədilər. Ola bilsin ki, yaxınlıqda kəhriz var. Hamamın qəşəng bir hovuzu var idi və daim su ilə təchiz olunurdu. Özü də bu hamam olduqca isti olardı, indikilər kimi deyildi. Bir ovuc saman yandıranda qızınmaq üçün bəs edərdi. Çox qəribə texnologiyası var idi”.

Başqa bir həmsöhbətimiz isə maraqlı qeydini etdi: “Sonradan bizə məlum oldu ki, hamamın həyətində quyu varmış. Demək quyudan su hamamın “xəzinə”sinə vurulurmuş. Orda ki, səhər saman yandırırmışlar, buxar əmələ gəlirmiş və həmin buxar quyuya vurulurmuş. Beləliklə, xəzinə ilə quyunun arasında bütün gün isti su dövr edirmiş. Bu cür möcüzəli hamamı məhv etdilər getdi. Bir daha belə şey olmayacaq”.

“Hacıbala Abutalıbov dedi ki...”


“Sovetski”nin digər sakini Mahirə Nurməmmədova dedi ki, onlara təklif edilən pul sərf etmədiyi üçün burda yaşamağa davam edirlər: “Birincisi, biz heç köçmək istəmirik. İkincisi də bizə təklif edilən 1500 manata hardan ev ala bilərik ki? İki otaqlı mənzilimiz 100 kvadratdır, amma 70 yazıblar, divarları “yeyiblər”. İki böyük oğlum var, bu pulla mən onlara hardan ev ala bilərəm?”

Mahirə xanım bildirdi ki, Avropa Məhkəməsinə şikayət etmək fikrindədir: “O qabaqdakı ev var e, ağ örtüklü, onun sahibinə 180 kvadratlıq mənzilə 200 min manat verib, üstəlik 5 sot torpağa cəmi 50 min ödəyib. Burda torpağın sotu 500 mindir. Görün, bunlar bizi necə aldadır. Komissiya məni çağırıb gör mənə nə deyir. Şəxsi zirzəmim var. Hacıbala Abutalıbov dedi ki, “qızım, zirzəmi sənin şəxsi mülkiyyətindir, 1500-dən verməlidirlər. Oktyabrda isə təkrar çağırdılar, komissiya dedi yayda 1300 AZN təklif edirdik, burdan çıxmadığın üçün səni cəzalandırıram. Ona görə də indi sənə 700 manatdan yazacağam. Dedim sən kimsən məni cəzalandırasan, sən məmursan, amma dövləti aldadırsan”.

Ərəblərə 7 min manata..?


Söküntü aparılan ərazinin sonrakı taleyi barədə hələ də müfəssəl məlumat yoxdur. Sakinlərdən biri hətta buraların ərəblərə satıldığını da söylədi: “Deyirlər bizdən 1500 manata alıb ərəblərə 7 minə satacaqlar. Nə dərəcədə doğrudur, deyə bilmərik, biz də ağızdan-ağıza eşitmişik. Bir vaxtlar deyirdilər burada dövlət əhəmiyyətli park salınacaq. Sonra dedilər dövlət əhəmiyyətli yol çəkiləcək, ralli yarışları keçiriləcək. İndi də deyirlər ralli yarışlarına çatdırmırlar. Beləcə qalıb”.

Sözarası sakinlərdən biri deyir ki, böyük bəstəkar Müslüm Moqamayevin ev muzeyinin üzərindəki lövhə də son günlərdə götürülüb: “Nə bilmək olar, bəlkə onu da sökəcəklər”.

“Abid Şərifovun özü də...”


65 yaşlı Faiq Əliyev deyir ki, 50 ildir burada yaşayır: “Adətən, binaları qiymətləndirirlər, bu binaya 4 qiymət verilib. Mənim mənzilimin ölçüsü əslində çoxdur, amma 318 kvadrat yazılıb. Bu, Şərq üslubunda tikilib, fikir verin, yuxarı hissələrdə zümrüd daşıdır. Bu sütuna baxın, nar, günəbaxan, qızılgül, əncir yarpağı. Bunu sənətkar necə yaradıbsa, indiyədək olduğu kimi qalır. Özü də bu binanın bir əsrdən çox yaşı var. Bunu tikən rəhmətlik bilməzdi ki, 2015-ci ildə sökəcəklər. Özü də hər yerə yazmışam, Prezident Administrasiyasından tutmuş, digər qurumlara qədər. Mədəniyyət və Turizm Nazirliyindən də cavab gəlib ki, bu bina tarixi əhəmiyyəti olduğu üçün toxunulmazdır. Birmənalı şəkildə bizə “köçün” demirlər. Amma gah gəlib deyirlər yola düşür, gah ayrı bəhanə ilə narahat edirlər. Abid Şərifovun özü də 2014-cü ilin 23 fevralında ANS-də dedi ki, mən möhtərəm prezidentimizin göstərişini yerinə yetirirəm, sakinlərə deyirəm ki, heç kim məcburən evindən köçürülmür. Ancaq əslində vəziyyət onun dediyi kimi deyil”.

F.Əliyev mənzilinin pəncərəsini göstərir: “Çoxu elə bilir ki, bu, plastikdir, amma taxtadır, 1 əsrdən çox yaşı var, indiyə qədər təmir olunmayıb, nə külək sızır, nə yağış suyu. Binanın giriş qapısı da eləcə. 1984-cü ildə ermənilər “bərpaçı” adı altında bu qapını sıradan çıxarıblar. O zaman erməniləri “sənətkar” deyə, belimizə mindirmişdik. Onlar da parket qaşıyanla qapının üzərindəki nadir naxışları tamam silib məhv etmişdilər. Gəlib gördüm ki, bu günə qoyublar, səbəbini soruşdum, dedilər bizə tapşırıq verilib ki, üstünü təmizləyib, boya vurun. Əllərindən alətləri aldım, qovdum. Onlar erməni idi, bizimlə düşmənçilik edirdilər, heç olmasa özümüz öz tariximizi qoruyaq! Səhərdən-axşama qədər deyirik ki, Qarabağda ermənilər tarixi abidələrimizi məhv edirlər, amma burda özümüz öz tariximizi məhv edirik. İsmayıl Şıxlının sözü olmasın, sapı özümüzdən olan baltalardır bunlar. 20-yə kimi abidəni ləğv etdilər. Bir milləti də məhv etmək üçün onun tarixini məhv etmək lazımdır”.

Ağsaqqal daha sonra bizi mənzilinə dəvət edir. Mənzilinin giriş qapısının üzərindəki naxışlar baxana zövq verir. Faiq kişi yuxarı qata qalxan pilləkənin altına vurduğu enli, üzərindəki ecazkar naxışları olan taxtanı göstərir: “Mən bu taxtanı zirzəmidən, torpağın altından çıxartmışam, amma nə naxışları solmuşdu, nə də taxtası çürümüşdü. Bir əsr əvvəlki naxışlar olduğu kimi qalır. Belə abidəni məhv etmək olarmı?”

Daha sonra isə ev sahibi bir iri küp gətirir: “Bunu da zirzəmini qazanda tapmışam. “Sovetski”də arxeoloji qazıntılar aparıb burdakı eksponatlardan muzey yaratmaq olar. Üzeyir Hacıbəylidən tutmuş, Abdulla Şaiqə qədər o qədər tarixi abidələri söküblər ki”.

Təhməzov qardaşlarının sarayı...


Sabirə xanım isə 20-30 addım aşağıdakı boş sahəni göstərir: “Burada mesenat Təhməzov qardaşlarının sarayı var idi. Gəncədə şərabçılıqdan böyük pullar qazanıblar, ancaq kasıblara kömək ediblər, gəncləri oxumağa göndəriblər. Onun burdakı evi 3 mərtəbəliydi. Bir mərtəbə də altda qalmışdı. Leninqraddakı Ermitaja bənzərliyi var idi, adı Azərbaycanın qədim tarixi abidələrinin siyahısına da salınmışdı və ölkəmizdə tikinti üslubuna görə nadir abidələrdən hesab olunurdu. Arxitektura abidəsiydi. Söküləcəyi barədə xəbərdarlıq olunan gün prezidentə teleqram vurdular. Ancaq elə həmin gecə gəlib binanı sökdülər”.

***

“İstərdim ki, tarixi binalarımız qalsın. Yararsız binalar sökülsə də, tarixi memarlıq abidələrimizi qorumalıyıq. Adam hərdən düşünür ki, Abid Şərifov Abbas Mirzə Şərifzadə ilə ədavətimi var? Niyə axı bu cür gözəl evi sökdürmək istəyir? Bunlar Azərbaycanımızın yaraşıqlı tarixi binalarıdır, ədiblərimizin, şairlərimizin, elm xadimlərimizin, tarixi şəxsiyyətlərimizin yadigarlarıdır. Başqa ölkələrdə belə yerləri ziyarətgaha çevirirlər, amma bizdə tarixi binaları görün nə hala salırlar. Hansı vaxtilə bu cür evləri tikdirmək üçün xaricdən memarlar gətiriblər, böyük pullar xərcləyib bunları bizimçün qoyub gediblər”.

Bu sözləri də məktəbli qızı ilə palçıqlı yolla üzüaşağı gedən qadın söyləyir və yoluna davam edir...musavat.com/
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.