Bayden Putini Qarabağda ofsayda saldı: Moskva necə pərt edildi?

14-06-2021, 10:12           
Bayden Putini Qarabağda ofsayda saldı:
Amerikalılar ruslara Qarabağda ilk badalağı gəldilər. Putinə “qatil” deyən və sonra onu görüşə çağıran Bayden 10 noyabrdan sonra bölgədə dominantlığı ələ almış Moskvanı möhkəm pərt elədi.

Anaxeber.info-nun təhlil qrupunun qənaətinə görə, əslində Rusiyanı ofsayd vəziyyətinə salan və spontan gediş edən təkcə ABŞ olmadı, Azərbaycan və Ermənistan da Kremli təəccübləndirdilər. Üçtərəfli bəyanatın imzalanmasından sonra bütün razılaşmalar, 11 yanvarda nəqliyyat-kommunikasiyaların açılması istiqamətində əldə olunan anlaşma məhz Rusiya lideri Vladimir Putinin iştirakı ilə baş verirdi.

Bu dəfə isə Moskvanın iştirakı olmadan, Vaşinqtonun, eləcə də Tiflisin vasitəçiliyi və üçtərəfli bəyanatda imzası olmayan bu tərəflərin təşəbbüsü ilə 15 erməni diversant-əsir İrəvana qaytarıldı, qarşılığında Ağdamdakı minaların xəritəsi alındı. Bunun ardınca gələn alqışların və təbriklərin ünvanına baxmaq lazımdır: ABŞ dövlət katibi Entoni Blinken, Avropa Şurası Prezidenti, ABŞ-ın Gürcüstandakı səfirliyi, Gürcüstan Prezidenti Zurabaşvili Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edir, bu jestini yüksək qiymətləndirirdilər.

Təbii ki, razılaşma ABŞ dövlət katibinin köməkçisi Filip Rikerin Bakıda Əliyevlə görüşündən sonra tam həllini tapıb. Görünür ki, Baydenin təmsilçisi Ermənistanın “həri”sini aldıqdan sonra Bakıya yaxşı təkliflə təşrif buyurub. Əliyev də geri çevirməyib və həm Amerikanın dəstəyini qazanıb, həm gözlənilməz at gedişi edib, həm də Rusiyanı şoka salıb.

Şübhəsiz ki, burada seçkiqabağı Qərbin Paşinyana dəstəyi də hiss olunur. Bayden administrasiyası Ermənistanı Rusiyanın caynağından tam qoparmaq üçün seçkiyə sayılı günlər qalmış bütün gücünü səfərbər edib. Bu, Rusiya ilə ABŞ-ın Cənubi Qafqazın Gürcüstandan sonra növbəti ölkəsi - Ermənistan uğrunda amansız strateji mübarizəsidir.

Yəni 15 erməni əsirin qaytarılması və minaların xəritəsinin qaytarılmasına bu prizmadan baxmaq vacibdir. Üstəlik, proseslərdə Gürcüstanın iştirakı, Zurabaşvilinin “Gürcüstan tarixi vasitəçi roluna geri dönüb” deməsi, yəni Qərbin forpostu olan ölkənin ABŞ-dan aldığı dəstəklə Rusiyaya Qarabağ məsələsində dirsək göstərməsi deməyə əsas verir ki, Kremlin bölgədə hegemonluğuna, şəriksiz nəzarətinə son qoyulması üçün düyməyə basılıb.

Anaxeber.info yazır ki, Azərbaycanın bundan sonra ABŞ və Qərbin dəstəyinə ehtiyacı daha çox olacaq. Düzdür, həmsədr ölkələr də nalayiq fəaliyyətlə zaman-zaman rəsmi Bakını narazı salır, ermənipərəst mövqedən çıxış edirlər.

Lakin biz hadisələrə geniş planda baxmalıyıq və o zaman rus sülhməramlılarının 5 il sonra bölgədən çıxarılmasını istəyiriksə, mütləq şəkildə ABŞ-ın regionda mövqeləri güclənməli, Moskvanın təsirləri balanslaşdırılmalıdır. Bunun üçün 20 iyun seçkilərinin nəticələri daha dəqiq proqnozlar verməyə yetərli olacaq.

Paşinyan qalib gəldiyi halda Zəngəzur dəhlizinin açılması ilə yanaşı gələcəkdə Bakı-Tiflis-İrəvan formatında (Qərbin patronajlığı ilə) danışıqlar istisna deyil.

Bu da həm Qərbpərəst Paşinyanın, həm Azərbaycan tərəfinin mövqelərinin uzlaşmasın, 2025-ci ildə sülhməramlıların, yəni Rusiyanın bölgəni tərk etməsinə gətirib çıxara bilər.

Aydın məsələ idi ki, Qərb 44 günlük müharibədən kənarda qaldı, Rusiya-Türkiyə söz sahibinə çevrildilər, yalnız indi-indi ABŞ problemə qarışmağa başlayıb, özü də görün necə...

Bundan sonra ABŞ-Gürcüstan vasitəçiliyi ilə növbəti razılaşmalar da mümkündür. Məqsəd Rusiyanı danışıqlar prosesindən təcrid etməkdir.

Bu, tam mümkün olmasa da, ən azından son hadisə ilə bağlı Moskvanın udqunması, ümumi sözlərdən ibarət bir açıqlama verməsindən hiss olunur ki, Putinin onun iştirakı olmadan razılaşma əldə olunmasından xoşu gəlməyib.

Rusiyanın əsas informasiya mənbələrinə də nəzrə yetirəndə sanki qurbağa gölünə daş atıblar, səsləri batıb. Adətən, Azərbaycan-Ermənistan münasibətlərində özləri iştirakçı olan sıradan bir hadisəni xüsusilə qabardırlar.

Ruslara pis oturub hadisə, güman ki, Gürcüstanın iştirakı daha pis təsir edib. Amerikalıların gözlənilməz gedişi Kreml üçün düşündürücü vəziyyət yaradıb.

Deməli, iki respublika bir arada oturub danışa bilər, lap Tiflisin vasitəçiliyi ilə də, niyə də olmasın, Baltik respublikalarının 80-ci illərin sonundakı münasibətlərindən örnək götürmək lazımdır.

Rusiya mənbələrindən bəziləri sülhməramlıların komandanı Rüstəm Muradovun da prosesdə iştirakını yazsalar da, bu hansısa “özəl qaynaq” səviyyəsindən o yana keçmədi.

Digər tərəfdən, Rusiya “edə bilmədi” yox, “etmək istəmir” kimi yanaşmaq lazımdır. Çünki hazırkı vəziyyət ruslara sərf edir. Amma görünən odur ki, Kremlin bu oyunu nə Bakıya, nə də İrəvana sərf edir.

Elə həmin zərurətdən Gürcüstan üzərindən ABŞ və Avropa Birliyinin dəstəyi ilə danışıb, öz aralarında həll etdilər. Yəqin ki, seçkidən sonra Bakı və İrəvan üz-üzə oturacaqlar. Qərbin Rusiyanı ehtiyatla "ofsaytda" qoyması davam edərsə, bölgədə yeni mənzərə yarana bilər.

Vaşinqtonun qazancı isə budur ki, Rusiyanın edə bilmədiyini, yaxud etmək istəmədiyini etməklə Bakı və İrəvan üzərində xal qazandı. Bundan sonra humanitar istiqamətdə bölgədə aktivliyini artıra biləcək.

Anaxeber.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.