Ermənilər yeni müharibə istəyir? - “Rusiyanın vasitəsi ilə hər şeyi öz xeyirlərinə dəyişməyi düşünürlər. "

15-06-2021, 08:47           
Ermənilər yeni müharibə istəyir? - “Rusiyanın vasitəsi ilə hər şeyi öz xeyirlərinə dəyişməyi düşünürlər. "
"İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub".

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Qeyd edək ki, bu, ermənilərin həmin gün ərzində ikinci təxribatı olub. Belə ki, 11 iyun saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulmuşdu.

Ermənistan tərəfi son vaxtlar Azərbaycana qarşı ard-arda təxribat xarakterli addımlar atır. Ermənistan ordusunun bu kimi təxribat xarakterli addımları isə gələcəkdə yaradılacaq sülh quruculuğuna böyük zərbə vurur.

Cebhe.info-ya açıqlamasında Laçın alayının keçmiş komandiri, polkovnik Arif Paşa da bildirib ki, ermənilər müharibəyə hazırlaşır:

“Ermənilərin etdiklərini təxribat adlandırmazdım. Ermənistan təxribat edib torpağımızın 20%-ni işğal etmişdi və düşməndir. Mənim sərhədlərim mənim postum deməkdir. Sərhədimizdə baş verən hər hərəkətə görə qarşılıq verilməlidir. Ermənistanda baş verənlərin sərhədlə bağlılğı yoxdur. Müharibədə siyasi qərar olmur. Ermənistan mənim sərhədimə atəş açıbsa, mən də atəş açmalıyam. Atəş açmalıyam ki, düşmən növbəti dəfə nəsə edəndə bir də düşünsün. Mən həmişə demişəm ki, Qarabağda növbəti müharibə qaçılmazdır. Ruslar erməni qoşunlarını buna hazırlayır. Bu qoşun elə-belə hazırlanmır. Əgər onlar hazırlaşırsa, ordu yenidən qurulursa, ordunun başında duranlar revanşıst əqidəyə malikdirlərsə, erməni cəmiyyətində bir qisas alma istəyi varsa, ordu kabab bişirməyə hazırlaşmırlar ki? Təbii ki, biz müharibənin şahidi olacayıq”.

Politoloq Pünhani Əsgərlinin sözlərinə görə isə sərhəddəki hadisələr seçkidən sonra da özünü göstərəcək:

“Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə bütün dövlət strukturlarında nəzarəti tam ələ keçirə bilməmişdi. Ermənistanda da klanlararası mübarizə gedir. Serj Sarkisyanın və Robert Köçəryanın başçılıq etdiyi “Qarabağ klanı” hələ də dövlət strukturlarında yüksək postları tutub və ciddi təsir mexanizminə sahibdirlər.

Əsasən də orduda onların güclü təsiri var. Bu adamlar Ermənistanda 1-ci Qarabağ müharibəsini qəhrəmanları hesab edilirlər. Ona görə də orduda bu adamların çox güclü nüfuzu var. Bu gün də bu qüvvələr Ermənistan ordusunun içindədir və bu qüvvələrə Nikol Paşinyan nəzarət edə bilmir. Son zamanlar sərhəddə baş verən hadisələr Paşinyanın nüfuzunu aşağı salmaq üçün atılmış addımlardandır. Onlar bilirlər ki, sərhəddəki atışmalara Azərbaycan tərəfi qarşılıq verir. Sərhədi keçən erməni əsgərləri saxlanılır. Köçəryanla Sarkisyan erməni xalqına göstərməyə çalışır ki, baxın, Paşinyan Azərbaycanla bacarmır. Biz gələk hər şey əvvəlki kimi olacaq”.

Politoloq bildirib ki, onların Azərbaycanla danışıqlarda təcrübələri var:

“Rusiyanın vasitəsi ilə hər şeyi öz xeyirlərinə dəyişməyi düşünürlər. Ancaq münaqişədə Rusiyanın vasitəçiliyi ikinci plana düşməyə başlayıb. Sonuncu mina xəritələrinin alınmasında Gürcüstanın rolu bunu göstərir. Münaqişəyə Gürcüstan vasitəsilə Amerikanın təsirinin artacağı gözlənilir. Buna görə də Köçəryan və Rusiya bundan narahat olmağa başlayıb. Revanişt qüvvələr artıq başa düşürlər ki, Azərbaycanla müharibə etmək mümkün deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.