"Müharibə vaxtı şəhid və qazi baş tacımızdır deyənlər var idi"- Səavət Məmmədli yazır.....

15-06-2021, 10:14           
"Müharibə vaxtı şəhid və qazi baş tacımızdır deyənlər var idi"- Səavət Məmmədli yazır.....
Müharibədən dərhal sonra bir komissiya yaradılmışdı. Problemli məsələləri, narazılıq yaradan işləri araşdıracaqdılar. Nə oldu onun axırı? Hansı problemi həll edə bildilər? Bir komissiya hərbi hissədən şəxsiyyət vəsiqəsi ilə silah götürüb, posta çıxanların sənədini həll edə bilmədi.
Teref.az xəbər verir ki, bunu hərbi jurnalist Səxavət Məmmədli yazır. Daha sonra Səxavət Məmmədli yazır:
Könüllü posta çıxanların sənədini verə bilməməkləri bir ayıb, üstəgəl zəng edib, deyiblər ki, sizin posta çıxmağınız qeyri-qanuni idi. Götürək elə Ağdamdakı könüllüləri. Erməni ilə üzbəüz dayanıb, 2 şəhid, bir yaralı verən könüllülərə arxa cəbhədəki xidmətinə görə fəxri fərman veriblər. Əraziyə yardım gətirənə də, arxa cəbhə, əli silahı erməni ilə üz-üzə dayanana da? İnsanların gördüyü işinin mahiyyətinə uyğun olaraq dəyər vermək lazımdır.
Veteran təşkilatları rayonlarda durmadan vəsiqə paylayır. Əcəb edirlər, bir sözüm yox. Bəs bu Nazirlər kabineti yanındakı komissiya nə işə baxır. Artıq 8 ay keçib müharibənin üstündən, veteranlıq verilmir. Adamlar QHT-lərin verdiyi vəsiqə ilə ovunurlar.
Müharibə vaxtı şəhid və qazi baş tacımızdır deyənlər var idi. İndi şəhid ailələrinin saysız-hesabsız problemləri var.
Dünən bir şəhid ailəsi müraciət etdi. Daxili kreditlə "Kristal Abşeron"dan ev götürüblər. İndi təbii ki, verə bilmirlər. Adam şəhid olmamış 1500 manatdan artıq maaş alırdı, indi o gəlir yoxdur. Şirkət deyir, YAŞAT fonduna pul köçürdürük də, güzəşt etmirəm. Nə etsinlər? Adam sağ olsa, bu problem olacaqdı? YAŞAT fonduna pul köçürməklə iş bitir? Yoxsa qeyri-rəsmi belə bir göstəriş var? YAŞAT fondunun işlərinə baxıram, özəl xəstəxanalar, Türkiyədə müalicələr. Dövlət xəstəxanaları niyə bu işə cəlb olunmur? Özəllə dövlət arasında qiymət fərqi adamın beyninə qurd salır.
Dövlət qurumları deyir, vətən üçün gedib, sığorta pulu verilib. Özəl şirkətlər də deyir, YAŞAT fonduna pul köçürürük. Elə bu?
Problemdən yazan kimi də, bir qəmbərqulusu böyürdən çıxır ki, bəs dövlətin başı daha böyük işlərə qarışıb. Ay insan, dövlətin bu qədər qurumu ona görə var ki, hərənin başı öz işinə qarışmış olsun.
Səavət Məmmədli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.