Bağçalı gəlmədi: Ərdoğanın Şuşa səfərinə tanınmışlardan maraqlı rəylər…
15-06-2021, 16:03
Bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Görüşdən sonra dövlət başçıları hər iki ölkə arasında strateji əhəmiyyət daşıyan sənədlərin imzalanma mərasimində iştirak edəcəklər.
TİA.Az xəbər verir ki, bu səfər sosial medianın Azərbaycan seqmentində maraqlı rəylər, tanınmışların fərqli şərhləri var.
Siyasi şərhçi Azər Rəşidoğlu yazıb ki, heç kəs bu nüansa diqqət yetirmədi – Ərdoğanı Şuşa səfərində Baxçalı müşayiət etmədi…
Azpost.info-nun baş redaktoru Xaqani Səfəroğlunun sözlərinə görə, müstəqil Azərbaycan dövlətçiliyi tarixində ən tarixi günlərdən biri yaşanır: “Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin görüşü regionda yeni qüvvələr nisbətinin, 44 günlük müharibədən sonra yaranmış status-kvonun nümayişidir. Böyük, incə bir yol başlanır.
Hamı Azərbaycanın müstəqilliyi üçün son damla qanına qədər döyüşməyə hazır olmalıdır. Satqınlara, “beşinci kolon”un miskin agentlərinə havada, suda, quruda aman verilməməlidir”.
İqtisadçı, sabiq deputat Nazim Bəydəmirliyə görə, Rusiyapərəstlik Azərbaycan dövlətinin və xalqının mənafelərinin imperiya maraqlarına satılmasıdır: “Azərbaycan dövlətinə siyasi, maddi və mənəvi dəstək göstərərək, əsgər və zabitlərimizə torpaqlarımızın əhəmiyyətli bir hissəsini Rusiya-Ermənistan işğalından qurtarmaqda əlavə ruh yüksəkliyi vermiş Türkiyə dövlətinə, xalqına onun iradəsini həyata keçirən bu günkü liderlərinə sonsuz təşəkkür edirəm!”
Media eksperti Rəşid Hacılının fikrincə, Şuşa bu gün Azərbaycanın başkəndi olacaq: “Rəcəb Tayyib Ərdoğan bir azdan işğalçı qüvvələrin torpağımızda törətdikləri vəhşilikləri öz gözləri ilə görüb heyrətə gələcək. Şuşadan gur səslə onları adam olmağa, barış içində yaşamağa səsləyəcək.
Sabah Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəkləri anons olunan Bayden və Putinə: “Dağlıq Qarabağda olan mənəm” mesajı verəcək.
Ərdoğanın və İlham Əliyevin bugünkü açıqlamaları və imzalanacaq sənədlər geridə qoyduğumuz bir mərhələyə qiymət verib yeni mərhələnin konturlarını cızacaq. “Bölgəmiz haraya gedir?” sualına aydınlıqlar gətirəcək”.
Almaniyada yaşayan bəstəkar Elmir Mirzəyevin fikrincə, Türkiyə prezidentinin Şuşaya getməsi həqiqətən müstəsna hadisədir.