“Bəzən, öz-özümə sual verirəm: İnsana daha başqa nə lazımdır…?”

16-06-2021, 07:43           
“Bəzən, öz-özümə sual verirəm:  İnsana daha başqa nə lazımdır…?”
“Yaxşı insan sayılmaq üçün ədalətli olmaqla yanaşı, gərək ədalətsizliyi hətta ürəyindən də keçirməyəsən”.

Şahlar müəllimin doğum günü ərəfəsində onu təbrik etmək üçün necə səciyyələndirəcəyim barədə uzun–uzadı düşünərkən istər-istəməz "Uzaq sahillərdə” filmindən alman zabitinin Mixayloya ünvanladığı bir epizod yadıma düşdü: "Bilmirəm sən rəssamsan, yoxsa ki, kəşfiyyatçı?” Indi, zabitin sözü olmasın Şahlar müəllim fizikdir, pedaqoqdur, psixoloqdur, fizioloqdur, filosofdur və ya ictimai- siyasi xadimdir sualı ətrafındakı düşüncələrimdə belə qənaətə gəlirəm ki, Şahlar müəllim mənim nəzərimdə ixtisas və fəaliyyət dairəsindən asılı olmayaraq elmimizin, təhsilimizin xiffətini çəkən, sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalıdır.

Yəqin ki, çoxları xatırlamamış deyillər ki, ötən yaxın illərin birində bir çoxlarının gözləmədiyi halda Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi aprel ayından təmas xəttində yüksək gərginlik müşahidə edilməsi əsas gətirilərək "Elm haqqında" qanun layihəsindən çıxarılmışdı.

Düzü çox məyus olmuşdum. Müharibə şəraitində olan Azərbaycan üçün bu, normal hesab olunsa da, ölkənin düşünən beyinlərinin cəbhəyə, səngərə göndərilməsi ilə bağlı fikirlər haçalanırdı. Digər tərəfdən, onsuz da ağır günlərini yaşayan elmimiz üçün magistr və doktorantlara möhlət hüququ verilməsi qocalma prosesi keçirən elmimizə gənclərin axını və yeni nəfəs gəlməsi baxımından bir stimul ola bilərdi. Doğurdanmı bu barədə düşünən olmayacaq, elmimizin gələcək perspektivlərinə biganəlik göstəriləcək... kimi suallar məni rahat buraxmırdı.

Məyusluğum çox çəkmədi. Elə həmin günü Şahlar müəllimin təəssüf və hiddət saçan, ürək ağrısı ilə paylaşdığı "Elmin "kranı" bağlandı. Elmin suyu axmaz. Elmin taleyi qızlara qaldı...Təhsil trayektoriyasını qırmaq olmaz. Qıranda çolaq elm alınır” kimi reaksiyası məni ümidləndirdi, ziyalılarımızın, geniş ictimaiyyətin belə bir taleyüklü məsələyə biganə qalacağı barədə şübhələrimi dağıtdı.



Heç bir neçə gün keçmədi ki, Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsinin daxil olması barədə xəbər mətbuatda geniş yer aldı. Prezident tərəfindən təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə "Hərbi xidmət və hərbi vəzifə haqqında" Qanuna dəyişiklik təklif olunurdu. Qüvvədə olan qanunvericilik aktının 21.1.4-cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət verilməsi nəzərdə tutulurdu.

Dərhal Şahlar müəllimə telefon açdım, prezidentin Milli Məclisə ünvanladığı təklifini ona bildirdim. Ahıl yaşlı bu insan sanki, uşaq kimi sevinirdi, mənə necə təşəkkürünü bildirmək üçün çaşıb qalmışdı: "Ay şadxəbər olasan Nadir...” Adamda elə təəssürat yaranırdı ki, elə bil bu insanın əzizinə, doğmasına hərbi xidmətdən möhlət hüququ verilib, elə bil bu insanın hansısa əzizi, doğması magistraturaya, doktoranturaya qəbul olunub.

Səhəri gün mətbuat səhifələrində Şahlar müəllimin sevinc, fərəh, qürur, minnətdarlıq dolu sətirlərini oxudum:”Elmin kranı açıldı, suyu gəldi. Elm meydanına igidlər daxil oldu. Elmin trayektoriyası qırılmaz daha. Elmimiz çolaq olmaz, daha. Ustadına rəhmət !!! "

Bəli, kiməsə adi görünən, kiməsə ecazkar təsir bağışlayan sadə ziyalı anlayışı bir çoxlarının düşündüyü kimi elmi dərəcələrlə, tutduğu vəzifə və qazandığı titullarla, orden və medallarla ölçülmür. Ziyalılıq vətəninə, torpağına bağlılıqdır, elınə, obana sədaqətlilikdir, millətinin, xalqının dərdinə, qayğılarına şərik olmaqdır. Şahlar müəllimin nə vəzifəyə, nə titula, nə də yeni karyera yüksəlişinə ehtiyacı yoxdur, o bütün bu yolları keçib, lazım olduğundan da artığına nail olub. Onu düşündürən elmimizin, təhsilimizin daha da inkişaf etdirilməsində imkanı daxilində öz töhfəsini vermək, bu ışdə müəyyən pay sahibi olmaq, bu sahədə yetişməkdə olan gənc nəslə dəstək verməkdir. Onun arzusu doğulub boya-başa çatdığı azərbaycanını dünya elminə tönfə verən qabaqcıl ölkələr sırasında görməkdir.

Fürsətdən istifadə edib hamımız üçün əziz olan Şahlar müəllimin ad günü ilə üst-üstə düşən ümumxalq bayramı – Milli Qurtuluş günündə bütün xalqımızı, o cümlədən də Şahlar müəllimi təbrik edirəm, həyat və yaradıcılığında yeni uğurlarla yanaşı bütün səy və istəklərinin çin olmasını arzulayıram.

Təbrikimi Şahlar müəllimin öz sözləri ilə yekunlaşdıriram: " İnsan həyatı iki nöqtə arasında baş verir: doğum və ölüm günləri. Bu iki nöqtə insanın öz əlində deyil. Bu nöqtələr arasındakı zaman isə insanın öz əlindədir. Bu zamanı sən necə yaşadın? - sualına fərd özü məsuliyyət daşıyır. Hesab edirəm ki, bu iki nöqtə arasındakı ömrü mən şərəflə və dolğun yaşamışam. 20-dək dissertasiya, 100-dən çox diplom işinə rəhbərlik etmişəm. 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifiyəm. Numizmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərim var. Dünyanın bir çox tanınmış alimləri ilə birgə məqalə müəllifiyəm. Normal ailəm, övladlarım, nəvələrim var.”

Bəzən müəyyən tərəddüdlərə sinə gərərək, mən də öz-özümə sual verirəm: İnsana daha başqa nə lazımdır…?

Nadir Israfilov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.