“Mülkiyyət hüququm 9 ildir ki, ən kobud şəkildə pozulmaqdadır” - Deputat və atası məhkəməyə verildi
24-06-2021, 09:03
İyunun 24-də Sabunçu Rayon Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə Azərbaycan vətəndaşı Seymur İsrafil oğlu Quliyevin Milli Məclisin hazırkı deputatı Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Allahşükür qızı Salahzadə, deputatın atası, eks deputat Hacı Qalib Salahzadə və digər şəxslərə qarşı iddiasına baxılacaq.
Seymur Quliyev 9 il əvvəl Qalib Salahzadə tərəfindən zəbt olunan torpaq sahəsinin boşaldılması, vandallıqla uçurulmuş daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.
İddia ərizəsində şikayətçi yazır ki, 2004-cü ilin mayında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, keçmiş A.Salahzadə (indiki Qələbə) küçəsi, 21-ci döngədə yerləşən 2 saylı bağ sahəsini alıb: “Alqı-satqı qanuni şəkildə həyata keçirilib. Bundan sonra qardaşımla birgə 2 ev inşa etmişik. Mənə məxsus ev 3 mərtəbəli, qardaşıma məxsus ev 2 mərtəbəli olub. 20 sot olan həyətdə hovuz tikdirmişik, palma və digər dekorativ ağaclar əkmişdim.
2012-ci ilin noyabrında Qalib Aslan oğlu Salahzadə tərəfindən özəl mülkiyyətim zəbt edilib. Bundan əvvəl isə mənim torpağıma aid qanuni sənədlər ola-ola, əlimdə çıxarış(209 saylı sərəncam) varkən Bakı Şəhər İcra Hakimiyyəti 24 may 2012-ci ildə “Paşa Holdinq”in törəmə şirkəti “İnşaat Servisez” MMC-yə 2 hektardan artıq torpaq ayırıb, mənim torpağımı da həmin 2 hektara qatıb. 2 saylı İnzibati Məhkəməyə iddia təqdim etmişəm və torpağın mənə aid olması təsdiqlənib. Bir məqamı xüsusi olaraq qeyd edirəm: məhkəmənin gedişində “İnşaat Servisez” MMC-yə çıxarış verilib. Çıxarış veriləndən sonra 2 hektar torpaq sahəsi “İnşaat Servisez” MMC tərəfindən Xatirə Allahşükür qızına satılıb. Halbuki 2 saylı İnzibati Məhkəmə qərar verərək “İnşaat Servisez” MMC-yə verilmiş sərəncamı mənim bağ sahəmə aid hissədə ləğv edib. Azərbaycanın Konstitusiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
2 saylı İnzibati Məhkəməyə növbəti iddiam “İnşaat Servisez”ə verilən çıxarışın ləğvi ilə bağlı olub. Məhkəmə mənim iddiamı təmin edib. Apelyasiya instansiyası və Ali Məhkəmə də həmin qərarı qüvvədə saxlayıb. Daha bir iddiam “İnşaat Servisez”lə Xatirə Allahşükür qızının arasında bağlanan alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı olub. İddiam təmin edilib, Ali Məhkəmə qüvvədə saxlayıb. Sonuncu iddia isə Xatirə Allahşükür qızının adına verilən çıxarışın ləğvi ilə bağlı olub. Həmin iddiam da təmin edilib və Ali Məhkəmə qüvvədə saxlayıb, Konstitusiya Məhkəməsi də qərarı təsdiqləyib. Buna baxmayaraq, məhkəmə prosesləri getdiyi bir vaxtda Xatirə Allahşükür qızının qayınatası Qalib Salahzadə torpağımın zəbtini davam etdirib, orada mövcud olan 2 və 3 mərtəbəli evlərim, hovuzum, palma və digər növ ağaclarım (hazırda bağ sahəsinin ətrafı daş hasarla əhatə olunub) 2012-2015-ci illər ərzində qarət olunub və məhv edilib. Qalib Salahzadə Milli Məclisin keçmiş deputatıdır. Mənə qarşı bu cinayəti o, məhz deputat olduğu dönəmdə törədib. Onun qanunsuz və cinayətkar hərəkətləri nəticəsində torpağımın qanunsuz ələ keçirilməsi və orada yerləşən əmlaklar məhv olunub. Bununla bağlı 9-cu ildir ki, müxtəlif orqanlara müraciət edirəm. Belə ki, torpaq sahəsinin mənə məxsusluğu mülki məhkəmə icraatı qaydasında həll olunaraq, məhkəmə qərarları ilə təsdiqlənib. Lakin uzun sürən məhkəmə prosesləri və məhkəmə qərarlarına baxmayaraq cinayətkar şəxs və ailə üzvləri tərəfindən mənə məxsus olan torpaq sahəsi ələ keçirilməklə kifayətlənməyib, orada yerləşən bütün əmlakım məhv edilib. Qalib Salahzadə həmin əmlakları məhv etməsi ilə yanaşı bu qanunsuzluqlarda həmçinin oğlu Əliabbas Salahzadə və onun həyat yoldaşı iştirak ediblər. Belə ki, mənə məxsus torpaq sahəsinin zəbt edilmiş hissəsinə bitişik torpaq sahəsi Əliabbas Salahzadənin həyat yoldaşının adına rəsmiləşdirilib. Göstərilən işlə bağlı 16 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 186.2.1, 320.1 və 322-ci maddələri ilə cinayət işi başlamış, cinayət işi istintaqın aparılması DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinə göndərilib. 19 iyul 2018-ci il tarixdə cinayət işi üzrə istintaqın aparılması Anar Dəmirçiyevə həvalə edilərək onun icraatına götürülüb. 2020-ci il mart ayının 14-də mən zərərçəkmiş şəxs qismində tanınmışam".
Zərərçəkən məhkəməyə təqdim etdiyi iddiada qeyd edir ki, 1 ilə yaxın müddətdir ki, işlə bağlı hər hansı bir hərəkətlilik yoxdur, istintaq yerində sayır: “9 ildir ki, möhtərəm cənab Prezidentə 2 mindən artıq şikayət yazmışam. KİV üzərindən dəfələrlə müraciət etməklə mülkiyyət hüququmun bərpasını xahiş etmişəm. Təkadamlıq aksiyalar keçirməklə bir Azərbaycan vətəndaşına qarşı baş verən misli görünməmiş cinayətə cənab Prezidentin diqqətini cəlb etməyə çalışmışam. Bütün səylərimə baxmayaraq konstitusion hüquqlarım - mülkiyyət hüququm 9 ildir ki, ən kobud şəkildə, cinayətkarcasına pozulmaqdadır”.
İddiaçı Bilgəh qəsəbəsi, keçmiş A.Salahzadə (indiki Qələbə) küçəsi, 21-ci döngədə yerləşən və ona məxsus olan 2 saylı evin və torpağının boşaldılması, dağıdılmış daşınmaz əmlakların əvvəlki vəziyyətinə qaytarılmasını, bağ sahəsinə gedən yolun açılması, torpaq üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının götürülməsi vəzifəsinin cavabdehlərin üzərilərinə qoyulmasını, vurulmuş mənəvi ziyanin 2 milyon manat və maddi zərərin əvəzi kimi (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) üç milyon manat cavabdehlərdən pul tutulmasını istəyir.
Habelə, xüsusi mülkiyyətimdə olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edilməsinə görə beş il ərzində əldə edilmiş 450 min manat, daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalara görə (stol-stullar, mebel, soyuducu, qabyuyan, kondisionerlər, televizor və digər ev eşyaları) 96 min manat təzminat istəyir.
“Yeni Müsavat”