Nazirlər Kabinetinin cəriməyə hesablanan toy qərarı: - Yaxud şabaş əvəzinə cərimə
24-06-2021, 15:40
Nazirlər Kabinetinin Azərbaycanda toylara icazə verməsi demək olar ki, heç kimi sevindirmədi.
Çünki toy, şənlik etmək istəyənlərin başı hələlik yeni qadağaları oxumağa qarışıb.
Bir il dörd aydır karantin qaydalarına son qoyulacağını, toylara icazə veriləcəyini gözləyənlər yenidən məhdudiyyətlə üzləşib.
Belə görünür ki, valideynlər üçün oğul evləndirmək, qız köçürmək, gənclərə isə ailə qurmaq o qədər asan başa gəlməyəcək.
Belə yerdə el arasında “Toyun özündən böyük xərci var”-deyiblər. Amma bu xərc o xərcdən deyil. Atalar toyxərci deyəndə qızılı, cehizi, qonaqlığı nəzərdə tutub. Rəsmi qurumlar isə toyxərci dedikdə cərimələri nəzərdə tutur. Yəni toylara icazə verilsə də, insanlar şənlik mərasiminin həm normal şəkildə, yəni arzuladığı kimi, həm də hökumətin tətbiq etdiyi qaydalara uyğun keçirilməsi mexanizmini tapa bilmir.
Yeni qaydalara görə, 50 -150 nəfərlik toylarda qonaq olan şəxslər üçün tibbi maskadan istifadə ilə bağlı tələb yoxdur. Hətta musiqiçilər də maskadan istifadə etməyəcək. Ancaq COVID pasportunun olması məcburidir. Toyların keçirildiyi məkanlarda çalışan işçi heyətinin ən az 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir. 50 nəfərədək olan toylarda isə COVID pasportuz iştirak mümkündür, yalnız maska taxmaq tələb olunur.
İnzibati Xətalar Məcəlləsinin 211-ci - Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsinə görə, fiziki şəxslər qaydanı pozarsa, 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4 min manatdan 5 min manatadək cərimə olunacaq və yaxud xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aylıq müddətdə inzibati həbs tətbiq edilə bilər.
Hüquqi şəxslər üçün isə cərimə məbləği 5 min manatdan 10 min manatadək müəyyənləşir. Göründüyü kimi, cərimə təqibi toy etmək istəyən insanları nə qədər tədbirli olmağa vadar etsə də, bir o qədər problem yaradır. Halbuki, toyları cəriməsiz də keçirmək olar.
Təbii ki, milyonlarla insanın, bəlkə də elə o toy sahiblərinin qohumlarının, ailə üzvlərinin həyatına son qoyan pandemiyanı görməzdən gəlib özbaşınalıq etmək də olmaz.
Ancaq bir yandan sevindirib, digər tərəfdən cərimə, həbs qorxusu altında saxlamaq “aşına zəhər qatmaq”dır. Toyları daha təhlükəsiz şəraitdə elə təşkil etmək olmazmı ki, cəriməyə də ehtiyac qalmasın?
Əvvəla, toyları açıq hava şəraitində keçirmək daha məqsədəuyğun olardı. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan əhalisinin 53 faizi şəhərdə yaşayır. Bu siyahıdan Xankəndi istisna olmaqla 10 respublika tabeli şəhərdə azərbaycanlı əhali yaşayır. Ölkə əhalisinin əksəriyyəti 66 rayonda yaşayır ki, onun da 14-ü şəhər rayonudur. 52-si isə kənd rayonudur. Əhalinin 47 faizi, yəni yarıya qədəri kəndlərdə yaşayır. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşlarının üçdə ikisini rayon və kənd əhalisi təşkil edir.
Bölgələrdə əhali ənənəvi olaraq, çox vaxt toyları şadlıq evlərində və restoranlarda etmir. Rayonlarda şadlıq evlərinin sayı barmaqla sayılacaq qədər azdır. Kəndlərdə isə demək olar ki, şadlıq evləri yoxdur və toyları bir qayda olaraq, çadırdan düzəldilmiş mağarlarda, çardaq altında və açıq havada keçirirlər.
Hazırda yay mövsümünün olduğunu nəzərə alsaq, sentyabrın 1-ə qədər Nazirlər Kabineti toyların rayonlarda və kəndlərdə açıq hava şəraitində və çardaq altında 50 nəfərədn də artıq sayla keçirilməsinə icazə verə bilərdi. Bu halda qonaqların maskadan istifadəsinə də ehtiyac qalmır. Sadəcə, masaları və stulları məsafəli şəkildə yerləşdirməklə qaydalara əməl etmək kifayətdir.
Eləcə də şəhərlərində həyət evlərində yaşayan insanlar açıq havada toy edə bilər. Hətta mümkün olduğu hallarda insanlar bu məqsədlə yaxın qohumunun və qonşusunun da həyətindən istifadə edə bilər. Bu halda kimsəni cərimə etməyə də ehtiyac qalmaz. Şadlıq sarayı biznesi ilə məşğul olan məmurlar toylara daha çox qapalı məkanlarda icazə verməklə yoluxma riskini artırır.
Çünki peyvənd olunmaq hələ virus daşıyıcısı olmaq və ya başqasını yoluxdurmamaq anlamına gəlmir. Bu azmış kimi onun üzərinə cərimələri əlavə etmək insanları toy etməkdən çəkindirən amilə çevriləcək. O ki qaldı COVİD pasportunun və digər təhlükəsizlik qaydalarının təmin edilməsinə, bunu toy edən fiziki şəxsin öhdəsinə buraxmaq lazımdır. Yəni toy sahibi istəsə, bu qaydalara əməl etməyi qonaqlardan tələb edə bilər. Bununla bağlı Nazirlər Kabinetinin qərarı isə məcburiyyət deyil, tövsiyə xarakteri daşımalıdır.
İnsanlar qaydalara nə qədər əməl etsə də, inzibati müdaxilə olan yerdə cərimə etmək üçün “əsas tapmaq” çətin deyil. Ona görə də toy etmək istəyənlər tərəddüddə qalıb. Belə çıxır ki, hökumət orqanları toylarımıza yeni adət gətirib. Bundan sonra şabaş əvəzinə toyların keçirilməsinə nəzarət edən qurumlara cərimə ödəniləcək. Payız və qış aylarında toyların təşkili qaydaları isə pandemiyanın sonrakı səviyyəsindən asılı olaraq tənzimlənməlidir.