“Satışdakı təbii şirələr kimyəvi üsulla hazırlanır” - Ekspert həyəcan təbili ÇALIR

23-06-2016, 16:43           
“Satışdakı təbii şirələr kimyəvi üsulla hazırlanır” - Ekspert həyəcan təbili ÇALIR
“Bu gün Azərbaycan mağaza və marketlərində satılan təbii şirələrin böyük əksəriyyətinin təkibi kimyəvi məhsullardan ibarətdir”.
Bu sözləri Modern.az saytına Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov bildirib.

“Uşaq allergiya olur, mədə-bağırsağı pozulur...

Birlik sədri deyib ki, əgər istehlakçıya təqdim olunanlar təbii şirədirsə, bu, onun sağlamlığı üçün vacib olan bir içkidir:
“Bu gün Azərbaycanda bir çox zavodlar var ki, təbii şirə istehsal edir. Yaxud şirələrin çoxu xarici ölkələrdən idxal edilir. Şirələrin böyük əksəriyyəti kimyəvi üsulla hazırlanmış içkilərdir ki, tərkibi də ancaq su, şəkər və xüsusi maddələrdən ibarətdir. Onların tərkibində insan orqanizminə lazım olan heç bir faydalı maddə yoxdur. Çox vaxt uşaqların həmin şirədən istifadəsi zamanı allergik reaksiya, baş ağırı, mədə-bağırsaq sisteminə mənfi təsirləri izlənilir”.


“Coca-cola”da həddindən çox kofein var

D.Məmmədov xüsusilə isti vaxtlarda təbii şirə adı altında satılan suların içilməsini məsləhət görmür:
“Bu gün ən çox istifadə edilən “Coca-cola” kimi şirin sulardır. Bu suların tərkibində şəkər həddindən artıq çoxdur. Eyni zamanda isti vaxtlarda içilən şirələr adamı daha da yandırır, susuzladır. Uşaq su istəyəndə valideyn ona “Coca-cola”, yaxud hansısa şirin su alıb verir. Bu, susuzluğu kəsmir, əksinə daha da artırır. Həmçinin, bu suların tərkibində kofein həddindən artıq çoxdur. Məsələn, 300 qramlıq “Coca-cola” bankasında 30-55 milliqram kofein var. Bu da böyüklərdə və azyaşlılarda kökəlmə yox, piylənmə yaradır. “Cola” tərkibli şirələr insanlarda xərçəng xəstəliyi yaranmasına səbəb olur, uşaqların sümüklərindəki kalsiumu yuyub aparır, dişlərini tökür”.
Yaxşı malı reklam etmirlər...

Ekspert həmçinin, istehlakçıları reklamlara aldanmamağa çağırıb:

“Yaxşı malı reklam etmirlər. Bir vaxtlar reklamda deyilirdi ki, “Bağlardan sizin üçün öz əllərimizlə yığdıq”. Amma reklam etdikləri məhsulun içərisindəki Afrikada yetişən ananas, banan, greyfut və s. idi. Axı bu meyvələr Azərbaycanda bitmir, haradan yığıb gətirdiniz bunları? Bunların hamısı xaricdən idxal olunur. Necə, nə cür, bunları bilmirik”.
Rayonlarda tonlarla meyvə niyə çaylara axıdılır?...

Dövlət Məmmədov istehlakçıların aldadılmasını daha bir faktla əsaslandırıb:
“Bizim rayonlarda yerləşən bəzi zavodlarımız var ki, meyvələri doğurdan da yığıb təbii şirə hazırlayırlar. Amma bir neqativ hal da var ki, bizimkilər yeli sahibkarların əlində olan meyvələri almaq istəmirlər. Əgər o şirələr doğurdan da təbiidirsə, niyə hər il Qubada tonlarla alma çaylara tökülür? Olmazmı ki, elə onu alıb istehsalda istifadə etsinlər? Deməli, zavoda, xaricdən kimyəvi üsulla hazırlanmış tozları alıb suya qataraq “təbii şirə” əldə etmək daha sərfəlidir. Hesab edirəm ki, bu sahədə çox böyük boşluqlar var, nəzarət çox zəifdir”.
“Bu, Almaniyadan gətirilibsə, əla şirədir”

D.Məmmədov “brend” deyərək seçim etməyi doğru saymır:
“Xaricdən gözəl, bərbəzəkli qutularda ölkəmizə idxal olunan məhsulların tərkibi heç də yoxlanmır. İnsanlarımızda belə bir düşüncə var: bu Rusiyadan gəlibsə, yaxşıdır, Almaniyadan gəlibsə əladır...
Təklif edirəm ki, istehlakçılarımız şüşə qablarda olan şirələrdən istifadə etsinlər. Bu gün stəkanlarda 10-20 qəpiyə şirələr satılır. Baxan, yoxlayan yoxdur.
Bununla yanaşı, təklif edirəm ki, su və şirə istehsal edənlərin iştirakı ilə sərgilər keçirilsin. Məsələn, evə qonaq gələcəyini biləndə yır-yığış edilir. Onlara da mütəmadi belə xəbərdarlıqlar verilsə, çalışacaqlar ki, hər yeri tər-təmiz saxlasınlar, qaydalara riayət etməklə məhsul buraxsınlar. Bu sahəni nəzarətsiz buraxmaq olmaz. Sahibkarların yoxlanmasının 2 illik dayandırılması bu sahəyə aid edilməməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.