Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?

Bu gün, 00:00           
Qorxu filmlərini xatırladan UNİVERSİTET –
Bir zamanlar yüzlərlə tələbənin təhsil aldığı Azərbaycan Beynəlxalq Universiteti indi qorxu filmlərindəki mistik atmosferli məkanları xatırladır.

Giriş üçün hər tərəf bağlı olsa da çətinliklə bir yol tapıb ot – alaq basmış həyətə daxil ola bilirik. Bizi qarşılayan itlər artıq buranın daimi sakinlərinə çevrilib.

Gəzə - gəzə universitetin binasına daxil oluruq. Yarıqaranlıq dağılmış dəhlizlər, uçuq-sökük otaqlar və auditoriyalar... İllər öncə tələbələrin elm ardınca üz tutduğu bu binada indi “gurultulu” bir səssizlik hökm sürür. Dağılmış binada universitetə xas demək olar ki, heç bir şey qalmayıb. Ərazidə yaşayan sakinlərdən öyrənirik ki, universitet fəaliyyətini dayandırandan sonra yerdə qalan əşyalar illər ötdükcə talan olunub, bina isə uzun müddətdir baxımsız və nəzarətsiz vəziyyətdədir.

Xatırladaq ki, Binəqədi rayonunda yerləşən Azərbaycan Beynəlxalq Universiteti 1997-ci ildən fəaliyyətə başlayıb. Əyani və qiyabi şöbələri fəaliyyətdə olan universitetdə tədris Azərbaycan və rus dillərində aparılırdı. Təhsil ödənişli əsaslarla idi. Müəyyən nöqsanlar aşkar olunduğu üçün 1 sentyabr 2010-cu ildə o zamankı təhsil naziri Misir Mərdanovun imzaladığı əmrlə universitetin fəaliyyəti dayandırılıb.

Bir zamanlar həmin universitetdə təhsil alan tələbələrin aqibətini öyrənmək üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən verilən məlumata görə Azərbaycan Beynəlxalq Universitetinə qüvvədə olan qanunvericiliyə uyğun qəbul olmuş və təhsil alan tələbələrə diplom verilib. Həmin dövrdə təhsilini davam etdirən tələbələr isə müvafiq ali təhsil müəssisələrinə köçürülüb.

Əldə etdiyimiz digər bir məlumat isə universitetin yerləşdiyi binanın hazırda dövlət yaxud özəl mülkiyyət olması ilə bağlıdır. Məlumata görə, bina özəlləşdirilib. Mülk sahibi isə uzun müddətdir ki, xaricdə yaşayır. Əmlak problemli olduğu üçün nə satıla, nə də istifadə oluna bilir.

Görünən odur ki, “San Marino” ləqəbli universitetin aqibəti də hələ uzun müddət giriş qapısı kimi bağlı qalacaq.

TEREF Bizim.Media-ya istinadla fotoları təqdim edir:

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.