Eldar Mahmudovun FETÖ ilə şok əlaqəsi - Bilinməyən faktlar
1-08-2016, 18:54
Türkiyədə hərbi çevrilişə son cəhd Fətuallah Gülənə bağlı şəbəkənin nə qədər geniş yayıldığını sübuta yetirdi. Maraqlıdır ki, “pensinvaniyalı zat” yalnız Türkiyədə deyil, xarici ölkələrdə də sıx əlaqələrə malik olub. Bu baxımdan, Azərbaycan da “risk qrupu”na daxildir.
Avropa.info xəbər verir ki, vaxtilə ölkənin təhlükəsizlik orqanına rəhbərlik edən şəxslərin ən müxtəlif şəbəkələrlə bağlı olması barədə məlumatlar dolaşmaqdadır. Kənardan görünən budur ki, “Eldargeyt” sayəsində hakimiyyətin öz daxilində saray çevrilişi arzusuna düşənlər olub və bu qrup “Gülən şəbəkəsi” ilə də bağlı olub. Bu da hakimiyyət daxilində prezidentin sərt addımlar atmasına gətirib çıxardı. Sabiq MTN rəsmilərinin Gülənə yaxın biznesmenlərlə çox sıx əlaqələri olması faktı da mövcuddur. Şantajla pul qazanmaqdan əlavə Mahmudov qrupunun Azərbaycanda hakimiyyətə gəlmək planının mövcudluğu da ehtimal olunur. Məlumatların təhlili onu vurğulamağa əsas verir ki, Eldar Mahmudovun baş nazir olmaq istəyi, Gülənin Azərbaycanda bütövlükdə hakimiyyəti ələ keçirmək niyyətindən irəli gəlib. Eldar Mahmudov ölkənin faktiki ikinci şəxsi olduqdan sonra komandasını formalaşdırmalı və bütövlükdə ələ keçirməli idi, lakin ölkə rəhbərinin sərt kursu bu təxribatın qarşısını ala bildi.
Ölkə mətbuatının məlumatına görə, E.Mahmudov F. Gülənə yaxın şəxslərin əli ilə zaman-zaman ölkə paytaxtı və bəzi regionlarda etirazlar və qarşıdurmalr yaratmaq planına da malik olub. Məlumatlara görə, Mahmudov ali məktəblərdə, ayrı –ayrı idarə və nazirliklərdə Gülən tərəfdarlarının yerləşdirilməsi ilə birbaşa məşğul olub. Bir sözlə, Gülən və onun arxasında duran qüvvələrin planlarının icraçısı olan Eldar Mahmudov vaxtında zərərsizləşdirilməsəydi, Azərbaycanla bağlı planların da işə düşəcəyi ehtimalı xeyli böyük olacaqdı.
E. Mahmudov və dəstəsinin zərərsizləşdirilməsində “Gülən amili”nin rolu böyük olsa da, bu, nazirin işdən çıxarılması üçün yeganə səbəb ola bilməz. Bank əməliyyatlarında qanunsuz iştirak, nazirliyin yüksək çinli məmurları torpaq alveri, bina tikintisi, bəlli orqanlardan rüşvət almaq sonunda iflasla nəticələnməli idi. Eldar Mahmudovun işdən çıxarılmasının əsas səbəbi prezidentin nəzərdə tutduğu siyasi kursa uyğun gəlməməsi olub.
Dövlət başçısının əslində bu qədər səbr göstərməsinin səbəbi Mahmudovun və onu idarə edənlərin planlarını de-şifrə etmək olub.
Görünən odur ki, Gülən şəbəkəsi “Mahmudov amili”ndən istifadə edərək, Azərbaycanda özünə güclü dayaq əldə edə bilib. Mahmudovun vurulması ilə Gülənin planlarını alt-üst edib...
Avropa.info-nun ekspert qrupu