Rusiya dünya gücündən Çinin vassalına çevrilib

Bu gün, 08:34           
Rusiya dünya gücündən Çinin vassalına çevrilib
"Rusiyanın iqtisadiyyatı İspaniyanın iqtisadiyyatından da kiçikdir. Putin və onun ətrafındakı yaşlı KQB generalları inanırlar ki, guya SSRİ-nin şöhrətini qaytarıblar. Amma əslində onlar Rusiyanın o şanlı günlərdən nə qədər uzaqlaşdığını nümayiş etdirirlər – ölkə dünya gücündən Çinin vassalına çevrilib".
Hər kəsə "The Telegraph" qazetində dərc olunmuş Ouen Metyuzun məqaləsini oxumağa tövsiyyə edirəm. Tərcüməsi aşağıdadır.
Rusiya artıq dünya gücü deyil Putin isə saədəcə öz xəyallarında yaşayır. Onun milləti dibin dibinə enib
9 mayda Vladimir Putin yaşlı nəsilin arzuladığı şounu nümayiş etdirdi– müasir dünyanı onların gənclik illərindəki kimi göstərdi. Moskvada, Qırmızı Meydanda, Rusiyanın keçmişini görə bilərdik . Tanklar və mükəmməl görkəmli əsgərlər sıralarla o qədər mükəmməl marş edirdi ki, uzaqdan baxanda bu səhnə kompüter qrafikası kimi görünürdü.
Sovet simvolları və qəhrəmanlarının təsvirləri olan qırmızı bayraqlar GUM-un və Dövlət Tarix Muzeyinin üzərində asılmışdı. Liderlər üçün nəzərdə tutulmuş tribunada isə öz şousunun ulduzu, kiçik boylu Putinlə yanaşı, daş sifətli köhnə "aparatçiklər" dayanmışdılar – tam 1980-ci illərdəki kimi.
80-ci illərdən fərqli olaraq, Putinin ətrafındakı liderlərin üz cizgiləri aydın şəkildə asiyalı idi – Çin prezidenti Si Tszinpin və keçmiş müstəmləkə olan, Rusiyaya hələ də sədaqət nümayiş etdirməyə çalışan Orta Asiya ölkələrinin liderləri. Parad zamanı Çin Xalq Azadlıq Ordusunun və Şimali Koreya hərbçilərinin də nümayəndələri vardı.
İkinci Dünya Müharibəsini qazanan hərbi ittifaqın təmzləri isə tamamilə yox olmuşdu. Yeltsin dövründə və Putinin ilk illərindəki Qələbə Günü paradlarında bu rəmzlər mühüm yer tuturdu. İndi Çin və Şimali Koreya bayraqları var idi, amma Britaniya və ABŞ bayraqlarına qəti şəkildə qadağa qoyulmuşdu.
SSRİ-nin nasistlər üzərində qələbəsinin 80-ci ildönümü Putinin Rusiyasında ən ali bayrama çevrilib. Kreml illərdir ki, Böyük Vətən Müharibəsi ətrafında bir kult qurur və bu kult artıq milli xarakteri alıb.
Hətta müharibəyə sitayiş Tanrıya ibadətlə bərabərləşdirilib – Moskva yaxınlığında yerləşən Rusiya Silahlı Qüvvələri Katedrali bu məqsədlə beş il əvvəl tikilib. Katedral qan rəngində qorxunc vitrajlarla və Kiyev Rusundan tutmuş Ukrayna müharibəsinə qədər olan döyüş səhnələrini təsvir edən nəhəng mozaikalarla bəzədilib.
Zal, nasist tanklarından və toplarından əridilmiş poladdan hazırlanıb. Katedralin ətrafındakı Qələbə Parkı isə İkinci Dünya Müharibəsinə həsr olunmuş bir tematik parka çevrilib, burada uşaqlar üçün miniatür tanklarla əyləncə təşkil olunur.
H*tlerə qarşı Sovet mübarizəsinin xatirəsi indi Putinin Ukraynaya qarşı müharibəsini əsaslandırmaq üçün istifadə olunur. Kreml təbliğatçıları Volodimir Zelenski və onun hökumətini müasir f*şistlər kimi təqdim edirlər – Zelenskinin yəhudi mənşəli olmasına baxmayaraq – və Putinin guya Kiyev hökumətinin ukraynalı ruslara qarşı həyata keçirdiyi soyqırımın qarşısını almaq üçün hücuma keçdiyini iddia edirlər.
Bu şəkildə Putinin kolonial torpaq ələ keçirməsi bir çox rusların şüurunda milli müdafiə və “əzilənlərlə həmrəylik” müharibəsinə çevrilib. Eyni zamanda, rus məktəbliləri və tələbələri xüsusi geyimlər, paradlar və mitinqlərlə paramilitar gənclər təşkilatlarında birləşdirilib – bu isə İkinci Dünya Müharibəsi irsinin qorunması üçün ideoloji baza hesab olunur.
Əlbəttə, müasir Ukraynanı nasist Almaniyası ilə müqayisə etmək absurddur. Xüsusilə də, onların arasında yer alan və Berlin uğrunda döyüşdə iştirak etmiş Zelenskinin babası kimi, yeddi milyon ukraynalının Qırmızı Orduda döyüşdüyü ailələr üçün.
Bəs ruslar buna həqiqətən inanırlar? Həm bəli, həm yox. Müasir ruslar sovet keçmişindən bir psixoloji xüsusiyyəti qoruyub saxlayıblar – tamamilə zidd olan iki fikrə eyni vaxtda inanmaq vərdişi. Bu, Corc Oruellin “ikiüzlü düşüncə” adlandırdığı totalitar zehniyyətin tərifidir.
Gənc ruslar eyni anda Hollivud filmlərindən və Amerika oyunlarından zövq alıb, Ikea və McDonalds-ın gedişinə kədərlənib, Avropada təhsil arzulaya bilərlər – və paralel olaraq iddia edə bilərlər ki, ölkələri nasist təcavüzünə məruz qalıb. Əslində isə bu bir rol oyunudur, bir “kospley”dir.
Si ilə yanaşı dayanaraq, Putin özünü dünya gücünün lideri kimi göstərməyə çalışır. Bəli, onun nüvə arsenalı var. Amma Rusiyanın beynəlxalq müttəfiqləri yalnız Şimali Koreya və İran kimi təcrid olunmuş ölkələrdən ibarətdir. Putin Çinlə strateji tərəfdaşlıqdan danışsa da, Çin silah verməkdən imtina edib və Ukrayna müharibəsinə çox ehtiyatlı diplomatik dəstək göstərir.
Rusiyanın iqtisadiyyatı İspaniya iqtisadiyyatından da kiçikdir və enerji daşıyıcılara dünya qiymətlərinin enməsi səbəbindən getdikcə durum daha da pisləşir.
Putin və onun ətrafındakı yaşlı KQB generalları inanırlar ki, guya SSRİ-nin şöhrətini qaytarıblar. Amma əslində onlar Rusiyanın o şanlı günlərdən nə qədər uzaqlaşdığını nümayiş etdirirlər – ölkə dünya gücündən Çinin vassalına çevrilib.
Kamran Cəfərov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.