Teror ya təsadüf: "..ən zəif yerdən vurulduğumuzu düşünənləri nə təsdiq, nə də təkzib etmək niyyətim yoxdur”.

26-05-2015, 10:40           
Teror ya təsadüf: "..ən zəif yerdən vurulduğumuzu düşünənləri nə təsdiq, nə də təkzib etmək niyyətim yoxdur”.
Binəqədidə yaşayış binasındakı faciədən sonra olayın qəsdən törədilə biləcəyi haqda müzakirələr səngimir. Sosial şəbəkələrdə binaların üzlüyündən sökülmüş poliuretan adlı materialın yanğına davamlılığının yoxlanılması üçün yandırılması, lakin poliuretanın alışmaması əks olunan video da yayılıb. Bu videoya əsaslanıb hadisənin terror, təxribat ola biləcəyini ehtimal edənlər də az deyil.

Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl deyir ki, istintaq orqanı hərtərəfli araşdırma aparmalıdır: “Bu, ilk yanğın deyil. Bundan əvvəl Sumqayıtda, Bakının Xətai rayonunda da eyni materialla üzlənmiş binalarda yanğın baş verdiyinə görə ən az ehtimal olunan variant terror və təxribatdır. Xarici ölkələrin xüsusi xidmət orqanları belə bir təxribatla nəyə nail ola bilərlər? Düzdür, baş vermiş hadisə hakimiyyətin əleyhinə işləyir. Amma xarici xüsusi xidmət orqanlarının burada mövcud hakimiyyəti devirmək planı yoxdur. Yəni təxribatın məqsədi olmalıdır”.



Baş vermiş faciədən sonra sosial şəbəkələrdə yayılan videoda digər binalardan sökülən poliuretan üzlük materiallarının yanmaması açıq-aydın görünür. Belədirsə, bəs necə oldu ki, Binəqədidəki binanın üzlüyü çox az bir müddətdə sürətlə yandı? Baş vermiş yanğını şərtləndirən digər amillərin izini axtarmağa dəyərmi?

İlham İsmayıl deyir ki, həmin binadakı poliuretan üzlüyün sürətlə alışması bina ilə üzlüyün arasındakı məsafədə əmələ gələn hava sovrulmasının nəticəsi ola bilər: “Fakt budur ki, orada yanğın çox sürətlə yayıldı. Təkcə o bina deyil, əvvəlkilər də belə yanmışdı. Baş vermiş hadisəni terror və ya təxribat kimi qiymətləndirmirəm”.

Binada yanğın Azərbaycanda baş tutacaq 1-ci Avropa Oyunlarına 1 aydan da az bir müddət qaldığı bir vaxta təsadüf etdi. Ola bilərmi ki, bu, Azərbaycan hakimiyyətinə təsir etmək istəyən qüvvələrin təxribatdır?

İ.İsmayıl bildirib ki, suala cavab vermək üçün xəbərdarlığın mahiyyətinə varmaq lazımdır: “Hər bir təxribatın bir məqsədi olmalıdır. Binadakı yanğından sonra hakimiyyət fəaliyyətini davam etdirirsə, oyunlar təxirə salınmırsa, deməli, belə bir məqsəd yoxdur. Məqsədsiz isə təxribat olmur. Riqa sammiti tam normal olmasa da, ötüb keçdi. Rusiya prezidenti Putin də Azərbaycana gəlməyə hazırlaşır. Ən az ehtimal etdiyim versiya terror və təxribat versiyasıdır”.



Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Orucun olaya münasibəti belədir: “Belə hadisələr öz-özünə meydana çıxmır. Adətən kənar iradə mütləq rol oynayır. Əlbəttə ki, bunu əvvəldən proqnozlaşdırmaq mümkün idi. Xüsusilə də Soçi Olimpiadası öncəsi Volqoqradda terror hadisələri baş vermişdi. Amma bunun terror cəhdi olduğunu, həqiqətən də həmin materialların müəyyən mənada kütləvi qırğın törədə biləcəyi amilini nəzərə alıb ən zəif yerdən vurulduğumuzu düşünənləri nə təsdiq, nə də təkzib etmək niyyətim yoxdur”.

Z.Oruc deyir ki, olayın araşdırılması rəsmi qurumların çiynindədir: “Keçmişdə baş verən hadisələr erməni terror qruplarına və ya müxtəlif terror qruplarına bağlı olub. Ortada məmur özbaşınalığından, qanunsuzluqdan, korrupsiyadan törənən hadisə var. Bu hadisənin baş verməsi üçün zəmin yaratmışıq. Bundan hər hansı bir qrup öz məqsədi üçün istifadə edibsə, biz bu zəmini ona vermişik! Axı bir bina bir kibritdən yanacaq qədər də asanlıqla alışmamalıdır! Hər bir ölkədə antiterror tədbirləri var. Bu tədbirlər hər bir binanın yanına post qoyulmasından ibarət deyil. Bu tapşırılan işin qanuni formada həyata keçirilməsindən keçir. Bir bina necə bombaya çevrilib? Əgər sabah deşifrə olunsa ki, bir terror qrupu hadisəni öz üzərinə götürür, burada başqa amillər olub -Azərbaycanı cəzalandırmaq niyyəti var, xarici siyasət kursundan daşındırmaq istəyirlər- yenə də daxildəki vəziyyəti pərdələmək fikrində olmayacağam. Yəni bizim müxtəlif hökumət qurumlarının məsuliyyətinin üstünə pərdə çəkməyəcəyəm”.

Z.Oruc deyib ki, baş vermiş yanğında suçu olan müvafiq qurumların məsuliyyətinin üzərindən keçilməyəcək: “Çətinə düşən kimi erməni və ya terrorçu amilində istifadə edirik. Axı terrorçunun o fəaliyyəti göstərməsi üçün gərəkən nə varsa biz ona hamısını vermişik. Tutaq ki, ora kimsə benzin atıb və yandırıb. Belə də o qurumların məsuliyyətinin üzərindən keçməliyik?”

Politoloq, sabiq təhlükəsizlik orqanı əməkdaşı Arzu Nağıyev deyir ki, bütün versiyalar yoxlanılmalıdır. A.Nağıyev yanğının sürətlə yayılmasının səbəbinə diqqət çəkib: “Üzlüklə bina arasında üzlənmə işləri zamanı məsafə qoyulur. Bununla da aerodinamik boşluq əmələ gəlib və yanğının sürətlə yayılması da bu amillə bağlıdır. Həmin məsafə baca rolunu oynayıb. Balaca bir qığılcım böyük bir yanğına səbəb olub”.

A.Nağıyev təxribat versiyasının yoxlanılmalı olduğunu söylədi: “Hər bir təxribatın səbəb və məqsədi olmalıdır. Bu məsələdə isə belə bir səbəb və məqsədi olan qrup yoxdur. Amma Sumqayıtda və Xətaidə də belə hallar olmuşdu. Bu, əlaqədar təşkilatların diqqətsizliyi idi ki, belə bir faciəyə gətirib çıxardı. Bunun qarşısı vaxtında alınmalı idi. Amma qəsd məsələsi də araşdırılmalıdır”. (musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.